Əsas Səhifə > Güney Press > Ermənistan Sünikdə hərbi mövcudluğunu niyə gücləndirir?
Ermənistan Sünikdə hərbi mövcudluğunu niyə gücləndirir?Bu gün, 17:49 |
|
Ermənistan Müdafiə Nazirliyinin qərarı ilə Artaşatda yerləşən hərbi hissələrdən birinin şəxsi heyətinin Sünik vilayətinə köçürülməsi bölgədə təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Rəsmi İrəvan yerdəyişməni təsdiqləsə də, bölmənin konkret dislokasiya məntəqəsini açıqlamayıb və yalnız yeni hərbi hissənin "Avropa standartlarına uyğun" tikildiyini bildirib. Sünikin həm Azərbaycanla sərhəddə yerləşməsi, həm də regionda nəzərdə tutulan nəqliyyat-kommunikasiya layihələri baxımından strateji əhəmiyyət daşıması fonunda bu addım müxtəlif ehtimallar doğurur. Bu yerdəyişmənin sırf hərbi infrastrukturun yenilənməsi, yoxsa daha geniş təhlükəsizlik planının tərkib hissəsi olub-olmaması isə diqqət mərkəzindədir. Bəs, Ermənistanın Artaşatdan hərbi bölməni Sünikə köçürməsi və burada yeni hərbi infrastrukturun formalaşdırılması hansı strateji məqsədlərə xidmət edə bilər? Bu addımı daha çox ordunun modernləşdirilməsi və sərhəd təhlükəsizliyinin gücləndirilməsi kimi qiymətləndirmək lazımdır, yoxsa regionda kommunikasiyalar və təhlükəsizlik gündəliyi fonunda daha geniş hərbi-siyasi hazırlığın elementi kimi dəyərləndirmək olar? Mövzu ilə bağlı Moderator.az-a ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov açıqlama verib. Hərbi ekspert bildirib ki, Ermənistanın hərbi bölməsinin Sünikə köçürülməsi, əlbəttə ki, Zəngəzur dəhlizi ilə bağlı məsələdir. Yaxın vaxtlarda Ermənistan həmin istiqamətdə xeyli hazırlıq işləri görməlidir: "Azərbaycan isə artıq Zəngəzur dəhlizi ilə bağlı həm avtomobil, həm də dəmir yolu tikintisini başa çatdırmaq üzrədir. Ermənistan maliyyə çətinlikləri ucbatından bu prosesi bir qədər gecikdirir. Son Azərbaycan–ABŞ–Ermənistan üçtərəfli bəyanatı da bu işlərin sürətləndirilməsini zəruri edir. Ona görə də Ermənistan həmin istiqamətdə təhlükəsizlik məsələlərini də həll etməlidir. Bilirsiniz ki, bu marşrutun açılmasına qarşı çıxan qüvvələr var. Bu gün Rusiya Federasiyası açıq şəkildə Tramp marşrutu ilə bağlı narazılığını ifadə edir. Eyni zamanda, İran İslam Respublikasının da həmin marşrutla bağlı müəyyən narahatlıqları mövcuddur. Hərçənd ki, dünən dövlət başçısı Naxçıvanda Azərbaycan Televiziyasına verdiyi müsahibəsində qeyd etdi ki, Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra İrana ikinci dəmir yolu xəttinin, yəni yeni marşrutun açılması da gündəmdədir və bu məsələ reallaşacaq. Bir sözlə, Ermənistan rəhbərliyi həm ordunun modernləşdirilməsi məqsədilə bunu cəmiyyətə nümayiş etdirir, həm də sərhəd təhlükəsizliyini gücləndirmək məqsədilə Artaşatdan hərbi bölmənin Sünikə köçürülməsi barədə qərar verib. Kommunikasiyaların təhlükəsizliyinə gəlincə, bu, sıradan adi məsələ deyil. Çünki söhbət beynəlxalq əhəmiyyət daşıyan bir marşrutdan gedir. Həm Naxçıvandan, həm Türkiyədən, həm Avropadan, həm də Çindən gələn yüklərin qısa müddətdə, təhlükəsiz şəraitdə bir ölkədən digər ölkəyə daşınması bütün bu tədbirləri zəruri edir. Ona görə də mən burada hər hansı ciddi narahatlıq görmürəm". Üzeyir Cəfərov vurğulayıb ki, son dövrlər Ermənistanla Azərbaycan arasında yaxınlaşma, eləcə də Ermənistan–Türkiyə sərhədlərinin açılması istiqamətində proseslərin sürətləndiyini müşahidə edirik: "Lakin bütün bunların fonunda görülən işlərin təhlükəsizliyini təmin etmək məqsədilə ölkələr hərbi birləşmələrin infrastrukturunu da gücləndirməlidirlər. Ermənistan da hazırda bu istiqamətdə fəaliyyət göstərir. Elə dünən Azərbaycan Prezidentinin Naxçıvanda komando hərbi hissəsinin şəxsi heyəti ilə görüşməsi də təkcə hərbi hadisə deyildi. Bu, eyni zamanda bir mesaj idi ki, Azərbaycan uzun illər blokada şəraitində qalmış Naxçıvanın təhlükəsizliyini təmin etmək, həm komando hərbi hissələrinin, həm də gələcəkdə istifadəyə veriləcək Zəngəzur marşrutunun təhlükəsiz fəaliyyətini qorumaq məqsədilə, zərurət yaranacağı təqdirdə, həmin hərbi hissələrin imkanlarından istifadə edəcək". Geri qayıt |