|
Bu il dünyanın 69 böyük şəhərini əhatə edən müqayisəyə əsasən, gəlir vergisindən sonra ən yüksək orta əməkhaqqı İsveçrənin Sürix şəhərində qeydə alınıb. Yeniavaz.com xəbər verir ki, məlumatlar “Deutsche Bank” tərəfindən dərc olunan “Mapping the World’s Prices 2026” hesabatında yer alıb. Məlumatda bildirilir ki, Sürix şəhərində vergilər ödənildikdən sonra orta aylıq əməkhaqqı 8 363 dollar təşkil edir. İkinci yerdə ABŞ-nin San-Fransisko şəhəri qərarlaşıb. Burada orta xalis aylıq əməkhaqqı 7 601 dollardır. Üçüncü yeri isə 7 444 dollarla İsveçrənin Cenevrə şəhəri tutur. Avropa şəhərləri arasında da ciddi fərqlər müşahidə olunur. Sürixdə orta xalis aylıq əməkhaqqı Londondakı 4 289 dollarlıq göstəricidən təxminən iki dəfə yüksəkdir. Paris şəhərində orta əməkhaqqı 3 622 dollar, Madriddə 2 509 dollar, Barselonada 2 394 dollar, Milanda 2 216 dollar, Romada isə 1 993 dollar təşkil edir. Lissabonda bu göstərici 1 608 dollardır. Beləliklə, Sürixlə Lissabon arasında orta xalis aylıq əməkhaqqı fərqi 6 755 dollara çatır. Dünyanın aparıcı iqtisadi mərkəzlərindən biri olan Tokio reytinqdə 39-cu yerdədir. Yaponiyanın paytaxtında orta xalis aylıq əməkhaqqı 2 394 dollar göstərilir. Tokio bu göstəriciyə görə Dubay, Toronto, Berlin, Seul və Oklend kimi şəhərlərdən geridə qalır. Sürixdəki orta əməkhaqqı isə Tokiodakı göstəricidən üç dəfədən çoxdur. Asiya şəhərlərində də gəlirlər arasında geniş fərq var. Sinqapurda orta xalis aylıq əməkhaqqı 3 975 dollar, Seulda 3 015 dollar, Şanxayda 1 708 dollar, Pekində isə 1 561 dollardır. Digər tərəfdən, Banqalor, Mumbay, Dehli, Banqkok, Manila və Cakartada orta xalis aylıq əməkhaqqı 1 000 dollardan aşağıdır. Sinqapurla Cakarta arasında bu göstərici üzrə fərq doqquz dəfədən çoxdur. Bununla belə, yüksək maaş avtomatik olaraq daha yüksək yaşayış səviyyəsi demək deyil. Müqayisə yalnız vergilərdən sonra işçinin əldə etdiyi orta aylıq gəliri göstərir. Şəhərlərdə yaşayış, kirayə və digər xərclərin səviyyəsi nəzərə alındıqda, real alıcılıq qabiliyyəti fərqli ola bilər. Dünyanın 69 şəhəri üzrə orta xalis aylıq əməkhaqqı aşağıdakı kimi olub: Sürix (İsveçrə) – 8 363 dollar San-Fransisko (ABŞ) – 7 601 dollar Cenevrə (İsveçrə) – 7 444 dollar Boston (ABŞ) – 6 258 dollar Nyu-York (ABŞ) – 5 534 dollar Lüksemburq (Lüksemburq) – 5 196 dollar Çikaqo (ABŞ) – 4 984 dollar Kopenhagen (Danimarka) – 4 703 dollar Amsterdam (Hollandiya) – 4 554 dollar Los Anceles (ABŞ) – 4 480 dollar Melburn (Avstraliya) – 4 409 dollar Tel Aviv-Yafo (İsrail) – 4 399 dollar London (Böyük Britaniya) – 4 289 dollar Sidney (Avstraliya) – 4 181 dollar Oslo (Norveç) – 4 177 dollar Münhen (Almaniya) – 4 169 dollar Frankfurt (Almaniya) – 4 124 dollar Birmingem (Böyük Britaniya) – 4 105 dollar Sinqapur (Sinqapur) – 3 975 dollar Dublin (İrlandiya) – 3 947 dollar Stokholm (İsveç) – 3 654 dollar Paris (Fransa) – 3 622 dollar Edinburq (Böyük Britaniya) – 3 497 dollar Dubay (BƏƏ) – 3 402 dollar Vyana (Avstriya) – 3 380 dollar Toronto (Kanada) – 3 373 dollar Berlin (Almaniya) – 3 366 dollar Əbu-Dabi (BƏƏ) – 3 334 dollar Vankuver (Kanada) – 3 327 dollar Honkonq (Honq Konq) – 3 199 dollar Brüssel (Belçika) – 3 194 dollar Doha (Qatar) – 3 190 dollar Helsinki (Finlandiya) – 3 127 dollar Oklend (Yeni Zelandiya) – 3 102 dollar Seul (Cənubi Koreya) – 3 015 dollar Monreal (Kanada) – 2 915 dollar Vellinqton (Yeni Zelandiya) – 2 786 dollar Madrid (İspaniya) – 2 509 dollar Tokio (Yaponiya) – 2 394 dollar Barselona (İspaniya) – 2 394 dollar Praqa (Çexiya) – 2 348 dollar Varşava (Polşa) – 2 221 dollar Milan (İtaliya) – 2 216 dollar Ər-Riyad (Səudiyyə Ərəbistanı) – 2 041 dollar Roma (İtaliya) – 1 993 dollar Moskva (Rusiya) – 1 794 dollar Budapeşt (Macarıstan) – 1 770 dollar Yohannesburq (Cənubi Afrika) – 1 740 dollar Taipei (Tayvan) – 1 740 dollar Şanxay (Çin) – 1 708 dollar Keyptaun (Cənubi Afrika) – 1 662 dollar Lissabon (Portuqaliya) – 1 608 dollar Kuala Lumpur (Malayziya) – 1 577 dollar Pekin (Çin) – 1 561 dollar Afina (Yunanıstan) – 1 321 dollar İstanbul (Türkiyə) – 1 173 dollar Mexiko şəhəri (Meksika) – 1 059 dollar San Paulo (Braziliya) – 853 dollar Buenos Ayres (Argentina) – 842 dollar Banqalor (Hindistan) – 804 dollar Santyaqo (Çili) – 798 dollar Mumbay (Hindistan) – 777 dollar Boqota (Kolumbiya) – 718 dollar Banqkok (Tayland) – 623 dollar Rio-de-Janeyro (Braziliya) – 594 dollar Dehli (Hindistan) – 538 dollar Manila (Filippinlər) – 471 dollar Cakarta (İndoneziya) – 426 dollar Qahirə (Misir) – 220 dollar
Müqayisə üçün bildirək ki, açıqlanan son məlumata görə Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı vergilər daxil olmaqla 1 174,4 manat (691 dollar) olub.
Geri qayıt
|