Əsas Səhifə > Güney Press > 298 nəfərin adına saxta əmək müqaviləsi rəsmiləşdirildi, 578 989 manat sosial yardım almasına şərait yaradıldı

298 nəfərin adına saxta əmək müqaviləsi rəsmiləşdirildi, 578 989 manat sosial yardım almasına şərait yaradıldı


Bu gün, 09:30

Sumqayıt Apellyasiya Məhkəməsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmədə təqsirləndirilən Zamiq Əsədovun (soyadı şərtidir) barəsindəki qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd: İbtidai istintaq orqanı tərəfindən Zamiq Əsədovun barəsində Cinayət Məcəlləsinin 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

İttihama görə, təqsirləndirilən şəxs ünvanlı dövlət sosial yardımı almaq istəyən şəxslərə bu məsələdə köməklik göstərə biləcəyini bildirib. O, həmin şəxslərin sosial yardım ala bilməsi üçün onların adına formal iş yerlərinin rəsmiləşdirilməsini təşkil edib.

Belə ki, Zamiq Əsədov 2017-ci ilin aprel ayında qohumu Naib İsmayılın adına fərdi sahibkarlıq fəaliyyəti ilə bağlı VÖEN alınmasına və onun adına “Asan İmza” əldə edilərək özünə təqdim olunmasına nail olub.

Məlumata görə, Naib İsmaylıl bu prosesin mahiyyətindən xəbərsiz olub və adına rəsmiləşdirilmiş “Asan İmza” təqsirləndirilən şəxsin istifadəsinə verilib. Bundan sonra Zamiq Əsədov həmin elektron imzadan istifadə etməklə müxtəlif şəxslərin adına formal əmək münasibətlərinin yaradılmasını təşkil edib.

İş materiallarına əsasən, təqsirləndirilən şəxs 2020-ci ilin yanvarından noyabr ayınadək olan dövrdə ünvanlı dövlət sosial yardımı almaq məqsədilə ona müraciət edən şəxslərin guya Xaçmaz rayonunda yerləşən kənd təsərrüfatı sahəsində fəhlə vəzifəsinə qəbul edilməsi barədə məlumatları elektron informasiya sisteminə daxil edib. Həmin şəxslərlə faktiki əmək münasibətləri yaranmayıb, onların işə qəbul edilməsi barədə məlumatlar isə yalnız ünvanlı dövlət sosial yardım almaq hüququnun əldə edilməsi məqsədilə formal şəkildə rəsmiləşdirilib.

Beləliklə, əmək müqaviləsi bildirişləri saxtalaşdırılaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilib.

Bundan sonra həmin şəxslərin ünvanlı dövlət sosial yardımı almaq üçün etdikləri müraciətlər sistemdə aparılan qiymətləndirmədən keçirilib. Nəticədə onların ailələrinə müxtəlif məbləğlərdə ünvanlı dövlət sosial yardımı təyin olunub.

İttihamda bildirilir ki, sosial yardım məbləğləri həmin şəxslərin bank hesablarına köçürülüb və vəsaitlər sonradan bankomatlar vasitəsilə çıxarılaraq şəxsi ehtiyaclara sərf edilib.

İstintaqın hesablamasına əsasən, Zamiq Əsədov bu üsulla ümumilikdə 298 nəfərin 578 989,26 manat məbləğində ünvanlı dövlət sosial yardımı almasına şərait yaradıb.

İttihamda qeyd edilir ki, bu hərəkətlər nəticəsində dövlətin əhalinin sosial rifahının yaxşılaşdırılmasına və sosial təminatına yönəlmiş siyasətinə zərər vurulub, həmin siyasəti həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafeyi əhəmiyyətli dərəcədə pozulub.


Məhkəmədə Zamiq Əsədov özünü ona elan olunmuş ittiham üzrə təqsirli bildiyini deyib.

O ifadəsində deyib ki, Xaçmaz rayonunun Qaraqurtlu kənd sakini İsmayıl Naib Sahib oğlu ilə qohumdur.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsistemi barədə məlumatlı olduğundan kənd və rayon sakinləri ona müraciət edərək ünvanlı dövlət sosial yardımının təyin edilməsində köməklik göstərməsini xahiş ediblər.

Zamiq Əsədov bildirib ki, sosial yardımın təyin olunması üçün müəyyən hallarda şəxsin iş yerinin olması tələb edildiyindən, təxminən 4-5 il əvvəl Naib İsmayıla müraciət edib. Ondan öz adına VÖEN açaraq fərdi sahibkar kimi qeydiyyatdan keçməsini və adına rəsmiləşdiriləcək “Asan İmza”nı ona təqdim etməsini xahiş edib. Naib İsmayıl da bununla razılaşıb, fərdi sahibkar kimi qeydiyyatdan keçib və adına rəsmiləşdirilən “Asan İmza”nı ona verib.

Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ifadəsində həmin elektron imzadan istifadə etdiyini və 2020-ci ili əhatə edən dövrdə ünvanlı dövlət sosial yardımı almaq üçün ona müraciət edən 298 nəfərin əmək müqaviləsi barədə məlumatlarını Əmək Müqaviləsi Bildirişi Altsisteminə daxil etdiyini bildirib.

Onun sözlərinə görə, həmin şəxslər Naib İsmayılın guya Xaçmaz rayonunda fəaliyyət göstərən kənd təsərrüfatı sahəsinə fəhlə kimi rəsmiləşdiriliblər. Həmin şəxslərin adlarına iş yeri rəsmiləşdirildikdən sonra onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sisteminə müraciət ediblər. O, daha sonra həmin şəxslərə ünvanlı dövlət sosial yardımının təyin edilib-edilmədiyi ilə maraqlanmadığını deyib.

Zamiq Əsədov həmçinin həmin şəxslərdən işə qəbul edilmələri müqabilində birbaşa və ya dolayı yolla pul və ya digər nemət almadığını bildirib.

Məhkəmə istintaqı zamanı Zamiq Əsədov əvvəlki ifadəsindən fərqli mövqe nümayiş etdirib və ona Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O, məhkəmədə deyib ki, Naib İsmayıla məxsus “Asan İmza”dan istifadə etməyib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, ittihamda adı çəkilən şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə heç bir məlumat daxil etməyib və həmin şəxsləri şəxsən tanımır.

O bildirib ki, Naib İsmayıl ondan elektron informasiya sisteminə müvafiq məlumatların daxil edilməsi barədə məsləhət alıb və o, yalnız bu barədə məsləhət verib.

Zamiq Əsədov məlumatların onun kompüterindən daxil edilmədiyini də iddia edib.

Bundan başqa, o, “Asan İmza”nın və həmin şirkətin ona məxsus olmadığını bildirərək cinayət işinə aidiyyəti olmadığını deyib.

Təqsirləndirilən şəxs mülki iddianı da qəbul etmədiyini bildirərək məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib.

Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə ona 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. İş üzrə mülki iddia təmin edilib Belə ki, təqsirləndirilən şəxs vurduğu 578 959,26 manat məbləğində maddi zərərin məbləği tutularaq zərərçəkmiş şəxs - mülki iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına köçürülməsi hökm edilib.

Zamiq Əsədov hökmdən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsindən ötrü prosessual müddətin bərpasına dair vəsatət ilə müraciət edib. Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə məhkumun vəsatəti təmin olunmayıb. Daha sonra o, qərardan apellyasiya şikayəti verib.


Geri qayıt