Əsas Səhifə > Güney Press > Hər uşaq üçün 250 manat hazırlayın
Hər uşaq üçün 250 manat hazırlayınBu gün, 08:05 |
|
Yeni tədris ilinin başlamasına sayılı həftələr qalıb. Avqust ayı ilə birlikdə valideynlərin gündəminə məktəb hazırlığı da daxil olur. Məktəbli forması, çanta, ayaqqabı, dəftər, qələm, rəngli karandaşlar və digər ləvazimatların alınması ailələrin qarşısında əlavə xərc yaradır. Xüsusilə bir neçə məktəbli övladı olan ailələr üçün bu xərclər daha ciddi maliyyə yükünə çevrilə bilər. Bu tədris ili üçün məktəb bazarlığı ailə büdcəsinə neçəyə başa gələcək? Bu il məktəbli formalarının qiymətlərində ötən illə müqayisədə dəyişiklik varmı? Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, ötən illə müqayisədə məktəbli formalarının qiymətlərində ciddi dəyişiklik yoxdur: “Biz 2022-ci ildən etibarən yeni məktəbli formalarını istehsal edirik. Həmin vaxt qiymətlər belə idi: köynək 14 manat, şalvar 25 manat, jaket 30 manat, ətək isə 25 manat. Hazırda isə qısaqol köynək 12 manat, uzunqol köynək 14 manat, şalvar 15 manat, ətək 15 manat, jaket isə 20-22 manatdır. Göründüyü kimi, həmin ildən etibarən qiymətlərdə davamlı olaraq endirimlər edilib. Hazırda xüsusilə şalvar, ətək və jaketlərdə endirimlər var. Məsələn, 54 ölçülü şalvarın materialının 60 faizi yun, 40 faizi isə polyesterdir. Ətək və şalvar da eyni tərkibli materialdan hazırlanır. Bu məhsulların qiyməti 15 manatdır və kifayət qədər ucuzdur. Hətta bir şalvarı sifarişlə tikdirmək istəsəniz, onu 15 manata tikməzlər”. O qeyd edib ki, bəzi işbazlar müxtəlif yerlərdən məktəbli formaları gətirib satırlar: “Köynəklərimiz isə 100 faiz pambıqdan hazırlanır. Bəzi insanlar başqa yerlərdən daha ucuz köynəklər alırlar, lakin bir dəfə yuduqdan sonra həmin məhsulların keyfiyyəti aşağı düşür, rəngi solur və yararsız vəziyyətə düşür. Ona görə də bizim məhsullarımıza bir il zəmanət verilir. Satış mərkəzlərimizdən alınan bütün məktəbli formalarına bu zəmanət tətbiq olunur. Hazırda 8 satış məntəqəmiz var və onlar ilboyu fəaliyyət göstərir. Bundan əlavə, istifadə etdiyimiz materiallar Nazirlər Kabinetinin qərarında nəzərdə tutulan tələblərə uyğun hazırlanır. Yəni qərarda göstərildiyi kimi, 60 faiz yun, 40 faiz polyester və ya 100 faiz pambıq tərkibli materiallardan istifadə olunur. Məhsullarımız da həmin tələblərə uyğun istehsal edilir. Lakin bəzi işbazlar müxtəlif yerlərdən məktəbli formaları gətirib satırlar. Təbii ki, həmin məhsulların keyfiyyəti fərqli olur və onları uzun müddət geyinmək mümkün deyil”. Göründüyü kimi, bir şagirdin məktəbli formasını 60-100 manata almaq mümkündür. Məktəbli çantalarını isə müxtəlif qiymətlərə tapmaq olar. Məktəbli çantasının ən ucuzu 15 manatdan başlayır. Ayaqqabını 30-70 manat arası hesablasaq, dəftərlər üçün 15 manat ayırsaq, siyahı uzanır. Qələm, karandaş, pozan, xətkeş, qələmqabı və digər ləvazimatlar 20-40 manat, rəsm, əmək və digər əlavə ləvazimatlar – 10–20 manat vəsait tələb olunur. Beləliklə, minimum və ən qənaətli seçimlərlə bir məktəblinin məktəb bazarlığı təxminən 150–200 manata başa gəlir. Daha keyfiyyətli məhsulların seçilməsi, əlavə məktəbli forması və digər ehtiyacların alınması isə bu məbləği 220-300 manat və daha yuxarı səviyyəyə qaldırır. Geri qayıt |