Əsas Səhifə > Güney Press / Partiya > "Cinsi bəlli olmayan bir neçə adam dərhal özünü yetirib təhqir yazır..."
"Cinsi bəlli olmayan bir neçə adam dərhal özünü yetirib təhqir yazır..."Bu gün, 06:55 |
|
O daha sonra fikrini belə davam etdirir: "Çünki öz yazdığı statusun altında irqi, cinsi bəlli olmayan bir neçə adam dərhal özünü yetirib təhqir yazır. Doğrudanmı hörmətli Əlövsət bəy, bizim sosial şəbəkə məkanında sağlam müzakirə mühitinin olduğuna özünü inandırmış? Bəli, istənilən elmi, düşüncə müzakirəsinə tam açığam və aparıram da. Bütün yazılarımı burada açıq paylaşıram. Ancaq mövzunun istiqamətini dəyişib başqa yerlərə aparanda və saxta profillər üzərindən müzakirə mühitini məqsədli şəkildə korlayanda gərək işini-gücünü atıb gün boyu mücərrəd varlıqlarla yazışasan. Ancaq bütün günü sosial şəbəkədə vaxt keçirmə imkanımız olmadığından bu metod əlverişli deyil. Digər tərəfdən, heç də bütün yazıları ictimai müzakirəyə açmağı düşünmürəm, ancaq istənilən şəxs messengerə öz fikirlərini yazır və uyğun gördüyümü cavablandırıram. Ayrıca düşüncəsinə dəyər verdiyim insanlar var ki, telefon və ya e-mail üzərindən qarşılıqlı yazışmaları gerçəkləşdirirəm. Elə mövzular var ki, onu müzakirə etməyi də düşünmürəm, düşüncələrimə dəyər verən insanların onu oxuması, izləməsi və paylaşması mənim üçün yetərlidir. Çünki son müzakirələr də göstərdi ki, gerçəkdən xeyli qaragüruhçu mövzunu təhlil etməkdən, fikirləri müzakirə etməkdən çox, şəxsimə hücum etmək üçün fürsət axtarır. Siz hansı mədəni üslubda yazan və ya fikir söyləyən adam gördünüz ki, ona qarşı sərt ifadələr işlədim? Baxın, bu prosesdə ən çox canfəşanlıq edən birisinin Azərbaycan Cumhuriyyətinin qurucusu Rəsulzadəni aşağılayan, onun dövlət quruculuğunda rolunu sıfırlayan xeyli yazıları var. Və birdən adam dönüb deyir ki, mən Rəsulzadəyə istədiyimi deyərəm, ancaq kimsə XVI əsrə kəm baxa bilməz. Rəsulzadəyə dəyər verməyən adam Şah İsmayılçı olanda və oxumadan-bilmədən belə bir adamın yalanlarına inananlara nə ad verməyimi istərdiniz? Mən öz fikirlərimi daha geniş formada çap olunan kitablarımda da açıq yazıram və bütün görüşlərimin də arxasındayam. Kimsə tutarlı arqumentlərlə hansısa fikrimi təkzib etsə, məmnunuyyətlə qəbul edib, yanlışımı da düzəldərəm. Ötən gün bir partiya sədrinin müavini guya "Azərbaycan: qaranlıq keçmişdən aydınlıq tarixə" adlı kitabımı təhlil edən bir status paylaşmışdı, kitabdakı tezislər qalmışdı bir tərəfdə, İran mollası ədası ilə şəxsimə qəzəbini yönəltmişdi. Bəli, mən aydınlıq tariximizin Axundovdan, Zərdabidən başladığını yazıram, fikrimi də təkzibolunmaz dəlillərlər əsaslandırıram, kimsənin başqa fikri varsa, get harada istəyirsən, öz fikrini təbliğ et. Mən millətimizin ən şərəfli tarixinin Cümhuriyyət quruculuğu olduğunu yazıram, adam əsri-səadəti XVI əsrdə görürsə, buyurub getsin o duyğuları axtardığı əsrdə başını girləsin. Sizin isə mövqeyinizdə səmimi olmadığınızı da diqqətinizə çatdırmaq istərdim. Həm real güllələrin, həm də söz güllələrinin illərdir hədəfinə çevriləndə çox az sayda Azərbaycan ziyalısının dəstəyini gördüm. Buna baxmayaraq öz gücümlə, yazımla, iradəmlə istənilən axının qarşısında kimsənin dəstəyinə güvənmədən durmağa bacardım. Bu ilk dəfə deyil ki, yazılarıma, fikirlərimə görə xaricdən idarə olunan və daxildən ona züy tutanların ən əxlaqsız vasitələrlə hücumuna məruz qalıram. Və maraqlıdır ki, siz də daxil olmaqla ziyalı kimi tanınan şəxslərin əksəriyyətinin kimlərisə qaragüruhçu adlandırmamızdan narahat olduğu qədər şəxsimə yönəlik bu fikir susdurma kampaniyasından narahatçılığını sezmədim. Müşahidəm onu deyir və yanılmıramsa siz də başqaları kimi paylaşdığım görüşlərə qarşı əks mövqe sərgiləmək üçün rəy yazmaq istəmişsiniz. Əlbəttə, bu da sizin baxışınızdır, ayrıca status olaraq öz səhifənizdə yazmanız bəlkə də ən doğrusu olardı. Görüşünüz elmi və məntiqi inandırıcılığı ilə qane edərsə, tanış olub məmnuniyyətlə cavab yazaram. Ancaq bu da arzuladığım cavab olmayacaq, çünki qaraguruh nə sizin, nə də mənim mətnimi oxumayacaq, onlar öz nağıllarını çoxdan əzbərləmişlər. Bu nağılları da onlara öyrədən özünü yeniləşdirə bilməmiş, aydınlıq missiyasını unutmuş əksər Azərbaycan ziyalıları, ictimai şəxsləridir. Bəli, saxta tarixin təftişindən deyil, yanlış bilgilərdə israr etməkdən qorxmaq lazım. Necə ki, ötən əsrin 80-ci illərində Rəsulzadənin bir cümləsindən belə xəbərsiz olan insanların onun irsi ilə tanış olduqdan sonra dünyagörüşündə həmin dövrün mənzərəsinə baxışda xeyli məqamlar dəyişmiş oldu. Çünki inanılan bilgilərlə həqiqət bir-birindən fərqli ola bilər. Onsuz da öz fikirlərimizi bəzən bu qaragüruhun senzurasına uyğunlaşdırıb yazmağa da məcbur oluruq. Tam məsuliyyətimlə deyirəm, az-çox dövlətin qorxusu olmazsa, bu insanlar hansısa sağlam mühakimə yürüdən insanları salamat qoymazlar..." Geri qayıt |