Əsas Səhifə > Güney Press > Xaricdən edilən onlayn sifarişlər niyə gecikir?
Xaricdən edilən onlayn sifarişlər niyə gecikir?Bu gün, 17:26 |
|
Son vaxtlar xaricdən verilən onlayn sifarişlərin Azərbaycana çatdırılmasında yaranan gecikmələr istehlakçıların əsas narazılıqlarından birinə çevrilib. Beynəlxalq daşınma xərcləri, yanacağın qiyməti, logistika tarifləri, marşrutlarda dəyişikliklər və gömrük prosedurları bağlamaların ölkəyə çatdırılma müddətinə təsir edən əsas amillər sırasında göstərilir. Gecikmələrin artması isə həm istehlakçıların əlavə xərc çəkməsinə, həm də xaricdən onlayn alış-verişə münasibətinə təsir göstərə bilər. Bəs bu gecikmələrin əsas iqtisadi səbəbləri nələrdir? İqtisadçı-ekspert Asif İbrahimov “Cebheinfo.az”-a bildirib ki, xaricdən sifariş verilən məhsulların gecikməsi təkcə logistika problemi deyil: “Azərbaycana çatdırılmada müşahidə olunan gecikmələrdə insanların çoxu poçt və kuryer xidmətlərini günahlandırır. Düşünürəm ki, buna yalnız poçt və kuryer xidmətlərinin problemi kimi baxmaq düzgün olmaz. Burada daha geniş iqtisadi proses gedir və onun arxasında beynəlxalq logistika xərclərinin artması dayanır. Belə olduğu halda da logistika şirkətləri müəyyən xərclərin ödənməsində çətinlik çəkirlər və gecikmələr baş verir. Məhz beynəlxalq daşınma qiymətlərinin, yanacaq qiymətlərinin, anbarda çeşidləmə tariflərinin yüksəlməsi logistika şirkətlərinin fəaliyyət modelinə birbaşa təsir göstərir. Şirkətlər artan xərcləri ya tariflərə əlavə etməlidirlər, ya da ucuz daşıma marşrutlarına üstünlük verməlidirlər. Bunun nəticəsində daha optimal variantın axtarılması, daha ucuz yolların hesablanması və həmin marşrutların müəyyən olunması normaldakından daha çox vaxt apardığı üçün praktikada məhsulun çatdırılma müddətini uzadır və bu da narazılığa gətirib çıxarır. Xüsusilə aşağı qiymətə olan sifarişlərdə bu məsələ daha ciddi hiss olunur. Çünki 10-20 manatlıq məhsulun daşınması üçün ödənilən logistika xərci bəzən məhsulun öz qiymətinə yaxınlaşır. Bu da karqo şirkətinə sərf etmir. Belə vəziyyətdə istehlakçı üçün xaricdən sifarişin iqtisadi üstünlüyü və cəlbediciliyi azalır. Digər tərəfdən baxanda, bağlamaların gecikməsi istehlakçı davranışına da təsirini göstərir. İnsan sifariş etdiyi məhsulu həftələrlə gözləyirsə və çatdırılma tarixinin dəqiq olmaması problemi ilə üzləşirsə, növbəti alışında yerli bazara üstünlük verə bilər. Amma xarici platformalarda qiymət və məhsul keyfiyyəti üstünlüyü qorunduğu üçün onlayn alış-verişə marağın tamamilə aradan qalxacağını gözləmək bir az sadəlövhlük olardı. Burada Azərbaycan üçün daha vacib məsələ beynəlxalq elektron ticarətin logistikasını daha səmərəli versiyaya gətirməkdir. Yəni gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi, bağlamaların çeşidlənməsi və regional logistika infrastrukturunun təkmilləşdirilməsi, kuryer xidmətləri arasındakı rəqabətin artırılması çatdırılma müddətinin qısaldılmasına gətirib çıxara bilər”. Onun sözlərinə görə, bu isə nəticədə birbaşa olaraq istehlakçıya fayda verir: “Əks halda, beynəlxalq logistika xərclərinin artması yalnız bağlamaların gecikdirilməsinə deyil, xaricdən alınan məhsulların son qiymətinin yüksəlməsinə də səbəb ola bilər. Bu məsələni belə qiymətləndirmək lazımdır ki, yanacaq və daşınma xərcləri artdıqca logistika bahalaşır, logistika bahalaşanda isə çatdırılma xidmətinin müddəti uzanır. Çatdırılma müddəti uzananda isə məhsulun yekun qiyməti artır və bu zaman istehlakçı öz qərarını dəyişir. Yəni bu məsələlərin hər biri bir-biri ilə zəncirvari əlaqədədir. Ona görə də xaricdən sifarişlərin gecikməsi məsələsi sadə bir məsələ deyil. Bu, Azərbaycanda elektron ticarətin inkişafına, istehlakçı xərclərinə və rəqəmsal alış-veriş bazarlarının gələcəyinə birbaşa təsir göstərən iqtisadi məsələdir. Bununla bağlı Azərbaycan hökuməti mütləq tədbir görməlidir. Çünki elektron alış-veriş bu günə qədər bazarda müəyyən balansı yaradırdı və kəskin şəkildə məhsulların qiymətinin bahalaşmasına maneçilik törədirdi”. İqtisadçı qeyd edib ki, artıq o da olmadığına görə, istehlakçının alternativləri azalmağa başladıqda işbazlar başlayacaqlar öz istədiklərini diktə etməyə. Geri qayıt |