Əsas Səhifə > Güney Press > Kremlin qəzəbi Ermənistana baha başa gəlir:
Kremlin qəzəbi Ermənistana baha başa gəlir:Bu gün, 16:38 |
Ermənistan Kremldən uzaqlaşdıqca, Cənubi Qafqazda Rusiya və Qərb arasında geopolitik qarşıdurmanın yeni ağırlıq mərkəzinin yaranma ehtimalı da ciddi şəkildə artır... Bu isə Ermənistanı sadəcə, xarici siyasət seçimi qarşısında deyil, həm də daha böyük geopolitik qarşıdurmanın mərkəzinə çevrilmə təhlükəsi ilə üz-üzə qoya bilər...Ermənistanın sürətlə Qərbə yaxınlaşmaya bağlı xarici siyasət kursu Kreml və rəsmi İrəvan arasındakı münasibətləri artıq adi siyasi-diplomatik narazılıq mərhələsindən çıxartmaqdadır. Belə ki, hazırda Rusiya-Ermənistan münasibətləri tədricən açıq geopolitik qarşıdurma xəttinə doğru yaxınlaşır. Və Rusiyanın son təhdidkar xəbərdarlıqları isə onu göstərir ki, Kreml Ermənistanın Avropa Birliyinə inteqrasiya cəhdlərini qətiyyən cavabsız buraxmaq niyyətində deyil. Məsələ ondadır ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Ermənistanla bağlı son açıqlaması bu baxımdan, xüsusilə diqqəti çəkir. Çünki Dmitri Medvedev Ermənistanı faktiki olaraq, Gürcüstanın taleyini yaşaya biləcəyi ilə hədələyib. Və o, rəsmi İrəvanın Qərbə inteqrasiya kursunu davam etdirəcəyi təqdirdə, Ermənistanın “eyni nəticələrlə” üzləşə biləcəyini bildirib. Ancaq daha da diqqəti çəkən əsas məqam isə onun Ermənistanın Rusiya ilə iqtisadi əlaqələri kəsməsinin “dərin ölkədaxili böhrana” gətirib, çıxara biləcəyini ön plana çəkməsidir. Üstəlik, Dmitri Medvedev bu xəbərdarlığına “bəlkə də daha pis nəticələr” iddiasını da əlavə edib. Bu təhdidlər isə Kremlin Ermənistana münasibətdə mövqeyinin əhəmiyyətli dərəcədə sərtləşdirdiyini göstərir. Ona görə də, əgər, rəsmi İrəvan Qərbə inteqrasiya prosesini sürətləndirərsə, Rusiyanın Ermənistana qarşı bir neçə mümkün təzyiq mexanizmini işə sala biləcəyi ehtimal olunur. Əslində, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilə biləcəyi barədə açıqlaması artıq siyasi təzyiq mexanizminin işə salındığını göstərir. Bu addım Ermənistan üçün dərhal hərbi-siyasi böhran yaratmasa da, hər halda, rəsmi İrəvanın Rusiya mərkəzli təhlükəsizlik sistemindən daha da uzaqlaşdırılması və onun təşkilat daxilində siyasi statusunun ciddi şəkildə zəiflədilməsi anlamına gələ bilər. Əgər, bu proses Ermənistanın KTMT-dən ümumiyyətlə çıxarılması ilə nəticələnərsə, onda, Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının yenidən qurulması da sürətlənə bilər. Digər tərəfdən, Rusiyanın Ermənistana qarşı daha həssas təzyiq aləti isə məhz Avrasiya İqtisadi İttifaqı hesab olunur. Çünki Ermənistanın Avrasiya İqtisadi İttifaqı ilə mövcud əlaqələri hazırda onun Rusiya və digər üzv ölkələrlə iqtisadi-ticari münasibətlərində əvəzolunmaz səviyyədə önəmli rol oynayır. Ona görə də, Kremlin Avrasiya İqtisadi İttifaqı çərçivəsində Ermənistanla bağlı “müvafiq addımlar”ın atılacağı ilə bağlı xəbərdarlığı rəsmi İrəvan üçün daha ciddi iqtisadi təhdid mesajıdır. Çünki bu təhdid Ermənistan üçün Rusiya bazarının qapadılması, ticarət dövriyyəsinin azaldılması və Kremlin iki ölkə arasındakı iqtisadi əlaqələrdən asılı sahələr üzrə təzyiqləri daha da artırması ilə bağlı olduqca ciddi risklər yarada bilər. Və Rusiya hazırda məhz Ermənistanın bu zəif nöqtələrinə dəqiq zərbələr vurmağa başlayıb. Onu da qeyd etmək lazımdır ki, Ermənistan üçün indi ən təhlükəli ssenari isə iqtisadi və siyasi təzyiqlərin bir-birini tamamlaması ilə bağlıdır. Belə ki, Rusiya Ermənistan daxilində sosial-iqtisadi narazılığın artılmasına və bundan birbaşa Paşinyan hakimiyyətinə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Və məhz ona görə də, Dmitri Medvedevin Ermənistana yönəlik “dərin ölkədaxili böhran” və “daha pis nəticələr” iddiaları qətiyyən sıradan siyasi-diplomatik xəbərdarlıq xarakteri daşımır. Ancaq buna baxmayaraq, hazırda Kremlin Ermənistanda belə böhranı məqsədli şəkildə yaratmaq imkanları ilə bağlı konkret nəticələrin çıxarılması da bir qədər tələskənlik olardı. Bu baxımdan, Dmitri Medvedevin həmin təhdidlərini indiki situasiyada hələlik Rusiyanın siyasi təzyiq alətlərini daha işlək vəziyyətə gətirmək niyyətinin göstəricisi kimi də qəbul etmək mümkündür. Çünki rəsmi İrəvan isə Kremlin təzyiqlərinin sərtləşməsinə baxmayaraq, Qərblə yaxınlaşma kursundan imtina etmək niyyətində olmadığını açıq-aşkar biruzə verir. Nə qədər qəribə də olsa, hətta baş nazir Nikol Paşinyan belə, Ermənistanın eyni vaxtda həm Avropa Birliyinə, həm də Avrasiya İqtisadi İttifaqına üzvlüyünün mümkün olmadığını açıq şəkildə etiraf edir. Bununla belə, rəsmi İrəvan Ermənistanın Rusiya ilə iqtisadi əlaqələrini tamamilə dağıtmağa da qətiyyən hazır görünmür. Yəni, Paşinyan hakimiyyətinin əslində, hazırda olduqca qəliz dilemma qarşısında qaldığı o qədər də ciddi şübhə doğurmur. Çünki rəsmi İrəvan Ermənistanın siyasi baxımdan, Qərbə yaxınlaşmasını, iqtisadi istiqamət üzrə isə Rusiya ilə mövcud əlaqələrini qorumasını istəyir. Və Kremlin əsas mesajı isə odur ki, bu iki istiqaməti uzun müddət paralel saxlamaq mümkün deyil. Ona görə də, Kremlin Ermənistanı Avropa Birliyinə üzvlük və ya Avrasiya İqtisadi İttifaqında qalmaq məsələsi üzrə referendumun keçirilməsinə çağırması qətiyyən təsadüfi xarakter daşımır. Çünki bu tələb əslində, Kremlin rəsmi İrəvanı Ermənistanın geopolitik seçimini rəsmiləşdirməyə məcbur etmək cəhdi kimi görünür. Əgər, Ermənistan Avropa Birliyinə üzvlük qərarı verərsə, Kremlin buna reaksiyasi yalnız siyasi-diplomatik bəyanatlarla məhdudlaşmaz. Əksinə, Avrasiya İqtisadi İttifaqı, KTMT və ikitərəfli Rusiya-Ermənistan münasibətlərinin müxtəlif mexanizmləri vasitəsilə təzyiqin artırılma ehtimalı istisna deyil. Onu da nəzərə almaq lazımdır ki, Rusiyadan Ermənistana Gürcüstanın örnək göstərilməsi də xüsusi siyasi mesaj xarakteri daşıyır. Kreml rəsmi İrəvana demək istəyir ki, “Qərbə güvənsəniz, sizi də öz maraqları naminə istifadə edib, müəyyən mərhələdən sonra kənara ata bilərlər”. Bu, Kremlin yalnız rəsmi İrəvana deyil, həm də Ermənistan cəmiyyətinə yönəlik xəbərdarlıq mesajıdır. Kreml bununla Paşinyan hakimiyyətinin Qərbə yaxınlaşma siyasətinin legitimliyini zəiflətməyə və Ermənistan daxilində Rusiya ilə münasibətlərin pozulmasının mümkün neqativ nəticələri üzərindən qorxu yaratmağa çalışır. Ancaq Ermənistan üçün indi əsas məsələ artıq Rusiyanın xəbərdarlığının doğru olub-olmaması ilə bağlı deyil. Yəni, hazırda rəsmi İrəvan Kremldən uzaqlaşdıqca, Ermənistan üçün Rusiyanın əvəzinə hansı təhlükəsizlik və iqtisadi mexanizmlərə sığına biləcəyi daha böyük önəm daşıyır. Çünki Rusiya ilə münasibətlərin pozulması, Avropa Birliyinin Ermənistana eyni səviyyədə təhlükəsizlik təminatı verməsi anlamına gəlmir. Məsələ ondadır ki, Ermənistan Kremldən uzaqlaşdıqca, Cənubi Qafqazda Rusiya və Qərb arasında qarşıdurmanın yeni ağırlıq mərkəzinin yaranma ehtimalı da artır. Bu isə Ermənistanı sadəcə, xarici siyasət seçimi qarşısında deyil, həm də daha böyük geopolitik qarşıdurmanın mərkəzinə çevrilmə təhlükəsi ilə üz-üzə qoya bilər. Bu baxımdan, Kremlin son sərt xəbərdarlıqları onu göstərir ki, Rusiya Ermənistanın Qərbə yaxınlaşma siyasətində israr etməsinə sadəcə, müşahidəçi qalmaq niyyətində deyil. Yəni, əgər, rəsmi İrəvan Avropa Birliyinə doğru siyasi-strateji qərar versə, bu, Rusiya və Ermənistan arasında siyasi-iqtisadi savaşa da çevrilə bilər. Elçin XALİDBƏYLİ, Geri qayıt |