|

Avropa illərdir dünyaya demokratiya, hüququn aliliyi, dünyəvilik və insan hüquqları dərsi keçməyə çalışır. Amma özünü müqəddəs ideyaların carçısı kimi təqdim edən Avropa yeri gələndə şeytanla, şər qüvvələri ilə işbirliyinə gedir. Beləcə, Avropa bir daha sübut edir ki, bəyan etdiyi dəyərlər siyasi maraqlara və dövlətlərə münasibətə görə dəyişir.
Biz bunu son 35 ildə dəfələrlə görmüşük. Çox təəssüf ki, Avropanın digər ölkələrin suveren hüquqlarına, Konstitusion quruluşuna qarşı münasibətində ikiliyanaşma bu gün də davam edir. Belə olmasa idi, Azərbaycanda fəaliyyəti qadağan edilən “Müsəlman Birliyi Hərəkatı”na Avropanın bəzi siyasi və hüquq müdafiə dairələri qucaq açmazdı.
Avropa “Müsəlman Birliyi Hərəkatı”nı nə qədər tanıyır?
Xatırladaq ki, “Müsəlman Birliyi Hərəkatı” 2015-ci ildə radikal islamçı Taleh Bağırzadə tərəfindən yaradılıb. MBH-nin məqsədi Konistision quruluşu silahlı yolla dəyişdirərək Azərbaycanı İranın vassal dövlətinə çevirmək idi. Taleh Bağırzadə sözdə İslami dəyərləri təşviq etdiyini desə də, reallıqda İrandan gələn qorxunc tezislərin icrası ilə məşğul idi.
2005-2010-cu illərdə Qumda dini təhsil alan Taleh Bağırzadə İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa həmin dövrdə cəlb olunub. Azərbaycana qayıtdıqdan dərhal sonra İrandan verilən tapşırıqlara əsasən, “şəriət rejimi”nin qurulması istiqamətində fəaliyyətə başlayıb. Bu məqsədlə Taleh Bağırzadə qanuni hakimiyyətin devrilməsi üçün bütün yolları və hətta dövlət rəsmilərinin qətlini də məqbul sayırdı.
Nardaran təxribatından Avropaya uzanan yol
Təsadüfi deyil ki, 26 noyabr 2015-ci il tarixində MBH Taleh Bağırzadənin rəhbərliyi ilə Nardaranda hüquq-mühafizə orqanlarına qarşı terror aktı törətdi. Nəticədə 2 polis əməkdaşı şəhid oldu. Üstəlik yerli təsərrüfat subyektləri təxribatlar nəticəsində ciddi itkiyə məruz qaldı.
Bununla kifayətlənməyən Taleh Bağırzadə və onun yaxın adamları Nardaran sakinlərini itaətsizliyə və qanunlara tabe olmamağa çağırdı.
Təbii ki, Azərbaycanın asayiş keşikçiləri bu təxribatların qarşısını aldı və Taleh Bağırzadə və digər terrorçular həbs olundu. Nardaran hadisələrindən sonra MBH üzvlərinin bir çoxu “yeraltına” çəkildi. Bəziləri isə müxtəlif yollarla Avropada özlərinə sığınacaq tapdılar. Onların bir çoxu isə Almaniyada “siyasi mühacir” statusu aldı. Məsələnin ən maraqlı tərəfi isə Taleh Bağırzadənin özünün 2015-ci ildə yayılan səs yazısında gizlənir. O, həmin vaxt açıq şəkildə Qərb maskasından sadəcə məqsədə çatmaq üçün vasitə kimi istifadə etdiyini bildirmişdi.
Beləcə, İslamofobiya ilə bəslənən Avropa radikal islamçıları və praktiki terrorçulara məmnunluqla qucaq açdı.
Avropanın terrorçu sevdası
Bu faktın özü göstərir ki, radikal islamçılığı təşviq edən və onu maliyyəşdirən məhz Avropadır. Belə olmasa idi, dünyəvi dövlət olan Azərbaycanda konstitusion quruluşu dəyişmək istəyən və “şəriət rejimi” qurmaq istəyənlərə Avropa qucaq açmazdı. Hazırda Avropa ölkələrində, xüsusilə Fransa, Almaniya və İsveçrədə İranın proksi qüvvələrinə çox loyal yanaşılır, onların təşkilatlanmalarına şərait yaradılır.
Məsələn, İranın xüsusi xidmət orqanları ilə sıx əlaqələri ilə bilinən xaricdə yaşayan MBH üzvü olan Ələmdar Bünyadov hazırda “bloger” kimi “fəaliyyət” göstərir.
Avropanın terrorçu qruplaşmalara qayğısı bununla bitmir. Məsələn Avropa İnsan Hüquqları Məhkəməsi 2025-ci ildə Taleh Bağırzadənin həbsdə saxlanılmasının qanunsuz olduğuna dair qərar qəbul edib.
Bu artıq həyasızlığın son həddidir. Neçə-neçə günahsız insanın ölümünə səbəb olan, Azərbaycanın dünyəvi dövlət quruluşunu dəyişdirməyə çalışan və bu yolda yerli sakinləri təxribatlara və terrora səsləyən birisini Avropa necə günahsız hesab edir? Başa düşmək çətindir...
Bu yerdə sual olunur: Avropa hansı meyarla bir ölkədə siyasi və dini fəaliyyətin sərhədlərini müəyyənləşdirir?
Əgər demokratik prinsiplər universal xarakter daşıyırsa, onlar bütün siyasi qüvvələrə eyni meyarla tətbiq edilməlidir. Avropada Hizbullahı necə terror təşkilatı sayırlarsa, Azərbaycanda da eyni məqsədə xidmət etmək üçün qurulan MBH-yə eyni gözlə baxmalıdırlar. Çünki köhnə qitənin irəli sürdüyü prinsiplər bunu tələb edir.
Digər tərəfdən, dini motivli siyasi təşkilatların fəaliyyətinə münasibətdə də demokratiya ilə təhlükəsizlik arasında balans qorunmalıdır. Dövlət hakimiyyətinə zor tətbiq etməyə çağırış, dini radikalizm və konstitusion quruluşu dəyişmək cəhdləri varsa, bunlar siyasi simpatiyadan asılı olmayaraq qiymətləndirilməlidir.
Bu nöqtədə də Avropanın yanaşmasında ziddiyyət yaranır. Bir tərəfdən Avropa dövlətləri dünyəvi dövlət modelini müdafiə edir, digər tərəfdən isə bəzi siyasi dairələr Azərbaycandakı dini-siyasi qrupları yalnız “təqib olunan fəallar” prizmasından təqdim edir. Belə yanaşma problemin təhlükəsizlik və ideoloji tərəflərini kölgədə qoyur.
Almaniya hökumətinin dini azadlıqlar barədə hesabatında da “Müsəlman Birliyi Hərəkatı” qeyd olunur və təşkilatın qeydiyyatdan keçməmiş konservativ dini-siyasi qurum olduğu vurğulanır.
Eyni sənəddə Azərbaycan hakimiyyətinin bu qrupla bağlı siyasətinin siyasi İslamın yayılmasının qarşısını almaq məqsədi daşıdığı barədə qiymətləndirmələr də yer alır.
Deməli, məsələyə yalnız “dindar insanlar təqib olunur” prizmasından baxmaq absurddur. Azərbaycan kimi mürəkkəb geosiyasi məkanda dini-siyasi təşkilatların xarici təsir imkanları, radikallaşma riski və regional təhlükəsizlik məsələləri də nəzərə alınmalıdır.
Avropanın əsas problemi də məhz burada ortaya çıxır: insan hüquqları ilə siyasi maraqlar bir-biri ilə qarışdırılır.
Nəticə etibarilə, Avropanın “Müsəlman Birliyi Hərəkatı” məsələsində nümayiş etdirdiyi yanaşma ikili standartların növbəti sübutudur. Digər tərəfdən, insan hüquqları pərdəsi altında radikal dini ideologiyaların birtərəfli şəkildə romantikləşdirilməsi çox təhlükəlidir.
Terroru bəsləyənlər də qurbana çevrilə bilər
Sonda bir faktı xatırlatmaq çox vacibdir.
Bu günlərdə Britaniya mediasında belə bir məlumat yayıldı ki, Kiprdəki Britaniya hərbi bazaları barədə məlumatları SEPAH-a Azərbaycan əsilli Britaniya vətəndaşı ötürürmüş.
Bu da nəticə. Axı, terrorçuların milliyəti və vətənləri olmur. Ona görə də Avropa dövlətləri terrorçulara nə qədər qucaq açsa, onlara arxa dursa və yeri gələndə onlardan başqa dövlətlərə qarşı təzyiq aləti kimi istifadə etsə, gec-tez həmin terrorçular Avropanın özünə qənim kəsiləcək.
Sonrakı peşmançılıq isə fayda verməyəcək...
Bizim.Media
Geri qayıt
|