Əsas Səhifə > Güney Press > Uitkoffdan Əliyev və Trampa yüksək qiymət:

Uitkoffdan Əliyev və Trampa yüksək qiymət:


Bu gün, 12:24

Nəsillər boyu diplomatlar Azərbaycanla Ermənistan arasında uzunmüddətli və kəskin münaqişəni həllolunmaz hesab ediblər. ABŞ Prezidenti Donald Trampın hakimiyyətə qayıtmasından sonra isə bu yanaşma dəyişib.

Modern.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun “Washington Examiner” nəşrində dərc olunan məqaləsində bildirilib.

Uitkoff qeyd edib ki, Trampın “cəsarətli və uzaqgörən rəhbərliyi” sayəsində Azərbaycan və Ermənistan arasında sülh haqqında Birgə Bəyannamənin imzalanmasının bir ili tamam olur. Onun sözlərinə görə, bu sənəd 35 ildən artıq davam edən qan tökülməsinə son qoyub.

ABŞ prezidentinin xüsusi nümayəndəsi kimi sülh gündəliyinin irəlilədilməsində iştirak etməkdən şərəf duyduğunu deyən Uitkoff Trampın əvvəlki məhdudiyyətlərdən kənara çıxaraq Azərbaycan və Ermənistan arasında sülhü prioritetə çevirdiyini vurğulayıb.

O bildirib ki, ABŞ nümayəndə heyətinin Azərbaycanla təması 2025-ci ilin martında Bakıya səfərlə başlayıb:

“İlk təmasdan etibarən ABŞ-ın Azərbaycan və Prezident İlham Əliyevlə münasibətlərinə lazımi diqqətin göstərilmədiyi aydın oldu”.

Uitkoff Trampın xarici siyasətini fərqli xarakterizə edib. Onun sözlərinə görə, ABŞ prezidenti ölkəsinin maraqlarını irəlilətmək, o cümlədən uzunmüddətli münaqişələrdə sülhə nail olmaq üçün istənilən tərəflə birbaşa dialoqa hazırdır.

“Bu hal istisna olmadı”, – deyə Uitkoff yazıb.

ABŞ rəsmisi İlham Əliyevi sülhə nail olmaq üçün çətin, lakin zəruri addımlar atmağa hazır olan güclü və qətiyyətli lider kimi qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti həm ölkəsinin maraqlarını, həm də regional sabitliyin daha geniş gündəliyini anlayır.

Uitkoff həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanı praqmatik və cəsarətli lider kimi xarakterizə edib. O bildirib ki, Paşinyan xalqının maraqları naminə bəzən populyar olmayan, lakin ən doğru qərarları qəbul edə bilir.

Onun sözlərinə görə, növbəti beş ay ərzində Bakı və İrəvanda intensiv danışıqlar aparılıb və nəticədə münaqişəyə fərqli prizmadan yanaşmağın zəruriliyi ortaya çıxıb.

Uitkoff xüsusilə Azərbaycanın Naxçıvana maneəsiz çıxış ehtiyacını qeyd edib. Onun sözlərinə görə, bu məsələ uzun müddət ərazi mübahisəsi kimi qiymətləndirilib.

“Daha bir köhnəlmiş formul deyil, yeni düşüncə, yaradıcı həllər və ən əsası liderlik lazım idi”, – deyə o vurğulayıb.

ABŞ rəsmisinin sözlərinə görə, bu liderliyi əvvəlcə Tramp nümayiş etdirib və bunun nəticəsində imkanlar pəncərəsi açılıb. Ardınca TRIPP konsepsiyası ortaya çıxıb. Bu təşəbbüs Ermənistanın ərazi bütövlüyü və suverenliyinə tam hörmət edilməklə, onun ərazisindən maneəsiz multimodal nəqliyyat marşrutlarının yaradılması üzrə ABŞ-Ermənistan tərəfdaşlığını nəzərdə tutur.

Uitkoff bildirib ki, Tramp nümayişkaranə proseslərdənsə, praktiki nəticələrə üstünlük verib və bu yanaşma özünü doğruldub.

Onun sözlərinə görə, TRIPP konsepsiyası hazırda həlli mümkünsüz görünən mübahisələrin sonsuz danışıqlar əvəzinə yaradıcılıq, güc və qarşılıqlı fayda yolu ilə həllinə nümunə kimi beynəlxalq səviyyədə tanınır.

Uitkoff ABŞ-ın son bir il ərzində TRIPP razılaşmasının həyata keçirilməsi istiqamətində Ermənistan və Azərbaycanla işlədiyini bildirib.

“Biz TRIPP-in Xəzər dənizindən keçəcəyini və bu konsepsiyanın Yaxın Şərqdə də inkişaf edəcəyini gözləyirik”, – deyə o qeyd edib.

ABŞ prezidentinin xüsusi nümayəndəsi hesab edir ki, bir neçə regionda eyni vaxtda mürəkkəb münaqişələrin yaşandığı bir dövrdə Tramp sülh və rifaha nail olmaq üçün xüsusi imkanlara malikdir.

“Bu gün Cənubi Qafqaz daha təhlükəsiz və sabitdir, çünki Tramp, Əliyev və Paşinyan ritorikanı deyil, nəticələri seçiblər”, – deyə Uitkoff yazıb.


Geri qayıt