Əsas Səhifə > Güney Press > “Şah İsmayıl İran hökmdarı kimi təqdim edilməlidir..”

“Şah İsmayıl İran hökmdarı kimi təqdim edilməlidir..”


Bu gün, 18:14

“Düşmən ocaq başındadır. Təxribatlarla məşğul olanlar artıq başqa şeydən, hər yerdən əlləri üzülüb, girişiblər bizim tarixi şəxsiyyətlərimizi, o cümlədən Şah İsmayıl Xətaini gözdən salmağa. Böyük tariximizi təhrif edir, şübhələr yaradır, ağıllarına gələn hər cür təhrifçiliklə məşğul olurlar”.

Bu sözləri Musavat.com-a açıqlamasında Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudov deyib.

O, yarımçıq qalmış, rejissoru və ssenaristi olduğu "Şah İsmayıl Xətai" filmi və onunla bağlı maraqlı faktlardan da danışıb: "Heydər Əliyev vəfat edəndən sonra “Şah İsmayıl Xətai” filminin çəkilişləri dayandırıldı. Ondan sonra mən mətbuatda böyük çıxış etdim. Bir az emosional da oldu. Dedim ki, bunun səbəbi mənə bəlli deyil, niyə dayandırılıb? Artıq işlər gedirdi, müəyyən xərclər çəkilmişdi və s. Təxminən bir həftə sonra İran səfirliyindən mənə zəng etdilər. Dedilər ki, səfir sizinlə görüşmək istəyir. Mən də təəccübləndim: “İran səfiri hara, mən hara? İranın mənimlə nə əlaqəsi var?” Dedilər ki, mühüm söhbətdir, xahiş edirik vaxt ayırasınız, görüşək. Yoldaşlarla məsləhətləşdim. Dedilər: “Get, gör nə deyir”.

Getdim səfirliyə. İran səfiri məni qapıda qarşıladı, qoluma girdi. Özü də təmiz türkcə danışırdı. Birlikdə yuxarı qalxdıq. Dedim: “Ağa, xeyir ola? Siz hara, mən hara? Mənim sizinlə heç bir əlaqəm yoxdur”. Dedi: “Ağa, biz sizin fəaliyyətinizlə maraqlanırıq”. Dedim: “Nədə maraqlısınız?” Dedi: “Biz çox ciddi şəkildə sizin Şah İsmayılla bağlı fəaliyyətinizi izləyirik. Bu günlərdə verdiyiniz müsahibəni də oxuduq. Oradan bəlli oldu ki, Azərbaycan hökuməti artıq bu filmi çəkmək istəmir, çəkilişlər dayandırılıb. Mən İran hökuməti adından sizə təklif edirəm: İrana gəlin, Şah İsmayıl Xətai filmini çəkın”.

Sonra dedi: “Valyuta hesablarını sizin imzanızla İranda açıq hesab kimi açacağıq. Nə qədər xərcləsəniz, sizinlə maddi söhbət etməyəcəyik. Nə qədər lazımdırsa, təmin edəcəyik”. Mən böyük təəccüblə ona baxdım. Məəttəl qalmışdım. Sonra dedim: “Xeyir ola, ağa? Bəs niyə belə səxavət göstərirsiniz?” Dedi: “Ağa, amma bir şərtimiz var. "Şah İsmayıl İran hökmdarı kimi təqdim olunsun”.

Təsəvvür edin, İran səfiri mənə deyir ki, “İrana gəl, Şah İsmayıl Xətai haqqında filmi orada çək, amma şərtimiz budur ki, fars hökmdarı, İran hökmdarı kimi təqdim olunsun, təmsil edilsin”.

İndi mən sual verirəm: əgər Şah İsmayıl İran hökmdarıdırsa, İranı təmsil edirsə, onda İran səfiri dövlət adından mənə niyə belə bir təklif edirdi? İndi Şah İsmayıl Xətaiyə dil uzadanları mən başa düşə bilmirəm. Hər yerdən əlləri üzülüb, başlayıblar gah Babəkə daş atırlar, gah Xətaiyə, gah Mirzə Fətəli Axundzadəyə bir qulp qoyurlar, gah Səməd Vurğuna başqa bir qulp qoyurlar. Artıq Üzeyir bəyə də girişiblər. Kimdir bu təxribatla, xəyanətlə məşğul olanlar?

Bir dəfə də bir professor demişdi ki, guya Şah İsmayıl öz anasını öldürüb. Dedim: “Siz bu məlumatı haradan götürmüsünüz?” Şah İsmayıl Xətainin anası Aləmşah Bəyim xanım namusunu qorumaq üçün zəhər içərək özünü öldürüb. Namusunu qorumaq üçün! Mən bunu filmin ssenarisində də vermişəm. Özü də həmin məsələni çox geniş şəkildə açmışam. Dövlət strukturları hara baxır, mən dəhşətə gəlirəm. Bu qədər yalan olmaz axı!

Şah İsmayılın yeddi arxa dönəmi türkdür, türk oğlu türkdür. Bunlar təkcə xəyanət deyil, Azərbaycan tarixinə qarşı təxribatdır. Aidiyyəti qurumlardan xahiş edirəm ki, ayağa qalxsınlar, həmin adamları tapsınlar, araşdırsınlar: Bunların məqsədi nədir? Azərbaycan tarixinin böyük şəxsiyyətlərini niyə gözdən salmağa çalışırlar?"


Geri qayıt