Əsas Səhifə > Güney Press > “Sərnişin əlavə pul ödəməməlidir!”

“Sərnişin əlavə pul ödəməməlidir!”


Bu gün, 13:28

Metronun 28 May-Nizami stansiyaları arasında keçidin avqustun 15-dən etibarən bağlanacağı xəbəri əhali arasında çaşqınlıq yaradıb. Bakı metropolitenində uzun illərdir üzərində düşünülən layihənin icrasına başlanılacağı bəlli idi.

Bu, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiqlənməsi ilə reallaşır. Metronun “qırmızı xətt”i ilə “yaşıl xətt”i ayrılır, “İçəriçəhər-Həzi Aslanov” (sonuncu hələ də bağlıdır – M.R.) xətti ayrıca, “Dərnəgül” xətti isə ayrıca olacaq. İndiyədək mövcud olan “Həzi Aslanov-Dərnəgül” xətti artıq tarixə qovuşacaq. Bu marşrutla hərəkət edənlər “28 May”dan “Cəfər Cabbarlı” stansiyasına keçid etməklə “Xətai”dən (Şah sağ olsun – M.R.) gələn qatara minərək yola davam edəcəklər.

Bu, xətlərin ayrılması üçün vacib olan işlər – depların, yeni stansiyaların tikintisi başa çatdıqdan sonra mümkün olacaq. Hazırda isə layihənin icrasının başlanğıcıdır, bunun üçün də “Nizami” stansiyasından “28 May”a keçid müvəqqəti bağlanır. Bu işlər nə qədər çəkəcək, 6 aymı, 1 ilmi, 2 ilmi, bilinmir. Bilənən budur ki, “Dərnəgül” istiqamətində evdən işə və ya dərsə, ya da əksinə hərəkət edənlər gərək “Nizami”də, “28 May”da qatardan düşüb yerin üstünə - bayıra çıxsınlar, orada hər hansı nəqliyyat növü ilə, ya da payi-piyada “Nizami”yə, yaxud da “Nizami”dən “28 May”a gəlsinlər, yenidən yerin altına “girsinlər”. Bu isə həm əlavə ödəniş, həm də vaxt, zaman itkisi olacaq. Sentyabrın 15-dən yeni tədris ilinin başlandığını və ictimai nəqliyyatda, o cümlədən metroda illərdir davam edən basa-bası, sıxlığı düşünəndə, bu əlavə gediş-gəlişin necə ağır nəticəyə səbəb olacağı şəksizdir. Nəqliyyat xərcləri zatən böyükdür. Bir tərəfdən də əlavə xərc çəkməli olacaq işə, dərsə gedib-gələnlər. Məsələ burasındadır ki, metronun inkişaf strategiyası barədə təzə-təzə danışılanda ekspress avtobusların xəttə buraxılacağı və sərnişinləri “28 May”- “Nizami” arasında daşıyacağı bildirilirdi. Amma sonra deyəsən, haqq-hesaba vurub gördülər ki, sərf etmir, sərnişinləri havayı daşımaq. Və indi deyirlər, xərci özünüz çəkin. Metrodan çıxıb avtobusa minib yenidən metroya düşmək əlavə 1manat 20 qəpik xərcləməkdir. Bunu da deyənlər var ki, iki stansiya arası qısa yoldur, piyada hərəkət etmək olar, amma qoca, yaşlı, xəstə, halsız, uşaqlı, fiziki imkanları məhdud insanları da düşünmək olardı, hər halda. Bəs tələbələr, minimum əmək haqqında çalışanlar, niyə ziyana düşməlidir? Belə çıxır ki metro tikintisinin pulunu camaatdan çıxırlar? Metro inkişaf etməmiş, pulunu əvvəlcədən əhali ödəyir.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, hüquqşünas Sahib Məmmədov “Sherg.az”a açıqlamasında bildirdi ki, bu, istehlakçı hüquqlarının pozulmasıdır. Əgər daşıyıcı sərnişini bir nöqtədən digərinə aparıb çıxara bilmirsə, bütün əlavə xərcləri özü qarşılamalıdır: 

- Sərnişinlərin bir nöqtədən digərinə daşınması təmin edilməlidir. Kimsə “Neftçilər”dən “Elmlər Akademiyası”na getmək üçün 60 qəpik ödəniş edibsə, ora çatmalıdır. Oradan çıxıb başqa nəqliyyat vasitəsinə minib başqa istiqamətə gedirsə, bu, ayrı məsələ. Amma sərnişin metroya minib bir stansiyadan hər hansı bir digər stansiyayadək getməlirdirsə, növbəti işlək stansiyayadək gedişi Metropoliten tərəfindən təmin olunmalıdır. Əks halda, yenidən ödəniş etməli olacaq. Bu da hardasa, 1 manat 80 qəpik əlavə ödəniş edir. Bunun tənzimlənməsi üsulunu tapmalıdırlar. Məsələn, sərnişinlərə kağız biletlər təqdim oluna bilər, avtobusa minəndə bilinsin ki, o metro ilə yolunu davam etdirir. İndiki ödəniş sistemi isə kifayət etmir. Bir şey fikirləşməlidirlər. Sərnişinləri əlavə ödənişə məhkum etmək istehlakçı hüquqlarının pozulmasıdır. Əgər daşıyıcı sərnişini ünvanına çatdıra bilmirsə, bütün əlavə xərcləri özü çəkməlidir.


Geri qayıt