Əsas Səhifə > Güney Press > 90 min manatlıq mənzili sahibinin xəbəri olmadan satan şəxs

90 min manatlıq mənzili sahibinin xəbəri olmadan satan şəxs


Bu gün, 11:29

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Zahid Baxşıyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib və ona şərti cəza verilib. Zahid Baxşıyev məhkəmə iclas zalından dərhal həbsdən azad olunub.


İttihama görə, təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı, zərərçəkmiş D.D.-nin (adı, soyadı şərtidri) etibarından sui-istifadə edib.


Belə ki, Zahid Baxşıyev 2015-ci ildə Bakı şəhərində yerləşən notariat kontorlarından birində zərərçəkmiş şəxs tərəfindən torpaq sahəsinin və əmlakının satılmasına köməklik göstərilməsi məqsədilə verilmiş etibarnamələrdən istifadə edib. O, D.D.-nin məlumatı və icazəsi olmadan 2017-ci il tarixdə paytaxt ərazisində yerləşən, ümumi sahəsi 46,87 kvadratmetr olan yaşayış sahəsini Bakı şəhəri, Heydər Əliyev prospekti 72 ünvanında yerləşən notariat kontorunda bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 90 000 manata F.F.-ə (adı, soyadı şərtidir) satıb.


Təqsirləndirilən şəxs həmin satışdan əldə olunan 90 000 manat məbləğində pul vəsaitini ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurub.


Zahid Baxşıyevin bundan sonra da D.D.-nin etibarından sui-istifadə edərək onun pul vəsaitlərini ələ keçirdiyi bildirilib.


Belə ki, o, 2018-ci ildə zərərçəkmiş şəxsın Azərbaycan Beynəlxalq Bankında olan hesabından onun məlumatı olmadan etibarnamə əsasında həmin dövrün məzənnəsi ilə 12 750 manat təşkil edən 7 500 ABŞ dolları məbləğində pulun çıxarılaraq ələ keçirildiyi qeyd olunub.


Bununla kifayətlənməyən təqsirləndirilən şəxsin 2019-cu ilin fevral ayından həmin ilin may ayının əvvəllərinədək olan müddətdə də eyni bank hesabından D.D.-nin məlumatı olmadan hissə-hissə ümumilikdə 20 415 manat pul çıxardığı bildirilib.


Zahid Baxşıyev daha sonra 2019-cu ilin may ayının sonlarında zərərçəkmiş şəxsın etibarından yenidən sui-istifadə edərək onun yaşadığı ünvanda 10 000 manat pul alıb. Nəticədə vahid niyyətlə əhatə olunan qəsdlə D.D.-yə məxsus ümumilikdə 43 165 manat pul vəsaitinin ələ keçirildiyi və zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurulduğu göstərilib.


Beləliklə, Zahid Baxşıyev özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq və təkrarən dələduzluq etmə ittihamı verilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 6 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmə əsasən, Zahid Baxşıyev barəsində əvvəllər seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib və onun barəsində həbs qətimkan tədbiri seçilib. Bununla əlaqədar məhkumun məhkəmə iclas zalından dərhal həbsə alınması qərara alınıb. Hökmdən narazı qalan Zahid Baxşıyev və onun müdafiəçisi apellyasiya şikayəti verib.


Geri qayıt