Əsas Səhifə > Güney Press > "İndi isə artıq konkret sənəd ortadadır..."
"İndi isə artıq konkret sənəd ortadadır..."Bu gün, 11:41 |
|
8 avqust 2025-ci il Azərbaycan tarixində 8 noyabr 2020-ci il qədər əhəmiyyətli bir tarixdir. Məlum olduğu kimi, həmin Azərbaycanla Ermənistan Vaşinqtonda keçirilən zirvə görüşündə sülh mətnini parafladılar. Bununla da Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ lideri Donald Tramp arasında keçirilən zirvə görüşündə Azərbaycanla Ermənistan böyük bir yeni səhifənin təməlini qoydular, yeni bir səhifənin açılması mərhələsinə keçid etdilər. Bu isə sülh mətninin paraflanması idi. Məhz tarixi əhəmiyyət daşıyan həmin görüşlə bağlı millət vəkili Elman Nəsirov "Cebheinfo.az"-a bildirib ki, Azərbaycan, Ermənistan və ABŞ liderləri arasında bir il bundan öncə Vaşinqtonda tarixi razılaşmalar əldə edildi: "İlk növbədə sülh müqaviləsi paraflandı. Bu o deməkdir ki, 17 bənddən ibarət sülh müqaviləsində heç bir dəyişiklik ola bilməz. Eyni zamanda Strateji İşçi Qrupunun yaradılması haqqında razılaşma əldə edildi ki, Azərbaycan və ABŞ arasında strateji əməkdaşlıq xartiyasını hazırlasınlar və qeyd edilən zaman, yəni 6 ay ərzində həmin sənəd hazırlandı. Bu ilin fevral ayında ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfəri zamanı "Strateji Tərəfdaşlıq Xartiyası" da imzalanmış oldu. İkitərəfli münasibətlərimiz strateji xarakter kəsb etməyə başladı və fundamental məsələlərdə rəsmi Bakı və Vaşinqtonun mövqeyi tamamilə üst-üstə düşür. Bu tarixi razılaşmaların əldə edilməsində Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasət həyata keçirməsi, xarizmatik lider olması öz rolunu oynadı, mahir diplomat olaraq bu razılaşmaların əldə edilməsinə böyük bir töhfə vermiş oldu. Heç şübhəsiz ki, ABŞ Prezidenti Donald Trampın bu istiqamətdə fəaliyyəti olduqca böyükdür. O, həm birinci, həm də ikinci prezidentliyi dövründə Cənubi Qafqazda sülh prosesinin əldə edilməsinə ciddi töhfələr verib və xüsusilə də məhz onun sayəsində bədnam 907-ci maddənin fəaliyyəti bir il müddətinə dayanıb. Halbuki həmin bədnam sənədin qəbul edilməsində ABŞ-nin əvvəlki Prezidenti Cozef Bayden böyük canfəşanlıq etmişdi. 1992-ci ildə "Azadlığa Dəstək Aktı"na əlavə edilən 907-ci maddə qəbul edilərkən, o zaman senator olan Bayden xüsusi canfəşanlığı ilə yadda qalmışdı və əsas müəlliflərindən biri olmuşdu. Məhz bu ermənipərəst siyasəti nəticəsində də bu sənəd qəbul edilmişdi. Onun prezidentliyi dövründə də ABŞ-Azərbaycan münasibətləri ən aşağı səviyyəyə endi və 907-ci maddənin Azərbaycana qarşı yenidən tətbiqi qüvvəyə minmişdi". Onun sözlərinə görə, Tramp bu ədalətsizliyə son qoyub, məhz onun hər iki prezidentliyi dövründə münasibətlərimiz ən yüksək səviyyəyə çatıb: "İndi isə artıq konkret sənəd ortadadır. Məhz Vaşinqtonda əldə edilmiş razılaşmalar ona gətirib çıxarır ki, son bir il ərzində Ermənistan və Azərbaycan arasında etimad mühitinin formalaşması istiqamətində xeyli işlər görülüb. Xüsusilə də vətəndaş cəmiyyəti institutları arasında təmaslar baş verib, qarşılıqlı səfərlər reallaşdırılıb. Azərbaycandan keçməklə Qazaxıstan və Rusiyadan gələn yüklərin Ermənistana maneəsiz çatdırılması təmin edilib. Eyni zamanda Azərbaycandan Ermənistana neft və neft məhsulları göndərilib. Bütün bu təmaslar ona gətirib çıxarır ki, etimad mühiti daha da irəliləyir. Xüsusilə də bugünlərdə Ermənistanın Türkiyədə danışıqlar prosesində xüsusi nümayəndəsi Ruben Rubinyanın spiker seçilməsi heç şübhəsiz ki, sülh prosesində də müsbət töhfələr verə bilər. O öz çıxışlarında sülh prosesinin alternativi olmadığını dəfələrlə dilə gətirib. ABŞ Prezidenti Donald Tramp da sülhün əldə edilməsində israr edir. Xüsusilə də TRIPP ("Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu") layihəsinin Zəngəzur dəhlizinin işə salınması istiqamətində əməli addımlar Vaşinqtonda əldə edilmiş tarixi razılaşmaların məntiqi nəticəsi kimi qiymətləndirilə bilər. Beləliklə, sülhün əldə edilməsi istiqamətində yeganə maneə Ermənistanın öz Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını icra etməsi məsələsidir. Əldə edilən son məlumatlara görə, bu ilin sonunda Ermənistanda referendum keçirilməsi və yeni konstitusiyanın qəbulu gözlənilir. Yeni konstitusiyada isə Azərbaycana qarşı ərazi iddialarından imtina edilməsi əsas məsələlərdən biri kimi nəzərdə tutulduğu qeyd olunur. Bu isə nəticə etibarilə sülh prosesində yeni mərhələnin başlaması deməkdir və artıq 2027-ci ilin tarixə sülh ili kimi daxil olması və de-yure sülhün imzalanması baş verə bilər". Geri qayıt |