Əsas Səhifə > Güney Press > Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir?
Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir?Bu gün, 12:35 |
|
2016-cı ilin Aprel döyüşlərində iştirak edən hərbi qulluqçuların bir qisminin müharibə veteranı statusu ala bilməməsi uzun müddətdir cəmiyyətdə müzakirə olunan məsələlərdəndir. Xüsusilə həmin döyüşlərdə iştirak edən, lakin xəsarət almayan hərbçilərin veteranlıq hüququ ilə bağlı suallar yaranır. Bəs qanunvericilik bu məsələyə necə yanaşır və Aprel döyüşlərinin iştirakçıları hansı hallarda müharibə veteranı hesab oluna bilərlər? Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Turan Abdullazadə bildirib ki, müharibə veteranı statusunun verilməsi ilə bağlı qaydalar döyüşlərin keçirildiyi dövrdən asılı olaraq fərqlənir.
Hüquqşünas qeyd edib ki, belə sənədlərə müvafiq arayışlar, icra hakimiyyətinin siyahıları, əmrdən çıxarışlar, arxiv sənədləri və şəxsin döyüş əməliyyatlarında iştirakını təsdiqləyən digər sənədlər aid edilir.
“1994-cü il mayın 12-dən sonra döyüş tapşırığının yerinə yetirilməsi zamanı döyüş əməliyyatlarında iştirak edən və həmin əməliyyatlar zamanı xəsarət alan, yəni yaralanma, travma və ya kontuziya alan hərbi qulluqçular müharibə veteranı hesab edilirlər. Yəni 1994-cü il mayın 12-dən sonra yalnız döyüş əməliyyatlarında iştirak etmək veteran statusunun verilməsi üçün kifayət etmir. Bununla yanaşı, döyüş zamanı yaralanma, travma və ya kontuziya faktı da olmalıdır”.
Bu baxımdan, 2016-cı ilin Aprel döyüşlərinin iştirakçıları ilə bağlı mübahisənin əsas səbəbi də məhz bu hüquqi tələbdir. Aprel döyüşləri 1994-cü il mayın 12-dən sonrakı dövrə təsadüf etdiyindən, həmin döyüşlərdə iştirak faktı öz-özlüyündə veteran statusunun əldə edilməsi üçün kifayət etmir. Qanunvericiliyə əsasən, hərbi qulluqçunun döyüş zamanı yaralanması, travma və ya kontuziya alması faktı da nəzərə alınır.
Turan Abdullazadə, həmçinin, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarının iştirakçıları üçün fərqli qaydanın tətbiq edildiyini bildirib. Belə ki, həmin dövrdə gedən döyüş əməliyyatlarında iştirak edən şəxslərə xəsarət alıb-almamasından asılı olmayaraq müharibə veteranı statusu verilir. Beləliklə, qanunvericilikdə müxtəlif dövrlərdə baş vermiş döyüş əməliyyatlarının iştirakçıları üçün fərqli meyarların müəyyənləşdirilməsi Aprel döyüşlərində iştirak edən hərbçilərin veteranlıq məsələsinə də birbaşa təsir edir.
Bu səbəbdən, Aprel döyüşlərində iştirak etmiş hərbi qulluqçunun veteran statusu əldə etməsi üçün yalnız döyüşlərdə iştirak etdiyini təsdiqləməsi kifayət etməyə bilər. Mövcud qaydalara əsasən, müvafiq hallarda yaralanma, travma və ya kontuziya faktının da təsdiqlənməsi tələb olunur. Geri qayıt |