Əsas Səhifə > Güney Press > Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib:
Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib:Bu gün, 12:21 |
|
Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko Ermənistan parlamentinin yeni spikeri Ruben Rubinyana telefon danışığı zamanı İrəvana ciddi xəbərdarlıq edib. Musavat.com erməni mediasına istinadla xəbər verir ki, telefon söhbətdə Matviyenko bildirib ki, əgər üçüncü ölkələrin sorğuları əsasında Rusiya vətəndaşlarının Ermənistanda saxlanılması davam edərsə, rusiyalı turistlərə Ermənistana səfər etməkdən çəkinmək tövsiyə oluna bilər. Bildirilir ki, bu açıqlama Ermənistan üçün sadəcə siyasi mesaj deyil, həm də ciddi iqtisadi təhlükədir. Çünki ölkənin turizm sektorunun əsas dayağı Rusiya bazarıdır. 2025-ci ildə Ermənistana səfər edən turistlərin 40,7 faizi Rusiyanın payına düşüb. Bu, təxminən 1 milyon nəfər deməkdir. Rusiya bazarının turizm sektorundan çıxması Ermənistan üçün ciddi gəlir itkisi ilə nəticələnə bilər.Məsələnin miqyasını digər ölkələrin göstəriciləri də göstərir. Ermənistanın əsas turizm bazarlarından Gürcüstan və İran Rusiyadan gələn turistlərin sayından xeyli geri qalır. Avropa ölkələri isə bu boşluğu doldurmaq imkanına daha az malikdir.Məsələn, 2025-ci ildə Avropa İttifaqı ölkələri arasında Ermənistana ən çox turist göndərən Fransa olub. Amma Fransadan gələn turistlərin sayı 35 mindən bir qədər çox təşkil edib. Bu rəqəm Rusiya bazarının miqyası ilə müqayisə olunmayacaq qədər kiçikdir. Ona görə də İrəvanda Rusiyadan gələn turistlərin azalmasının Avropadan gələn turistlərlə kompensasiya ediləcəyini söyləmək çətin ki, real iqtisadi hesablamaya əsaslansın. Rusiya turistləri Ermənistanın yalnız mehmanxana sektoruna deyil, restoran, nəqliyyat, ticarət və digər xidmət sahələrinə də ciddi gəlir gətirir. Təxminən bir milyon nəfərlik turist axınının itirilməsi bu sahələrdə ciddi geriləmə yarada bilər. Matviyenkonun Ruben Rubinyanla telefon danışığında səsləndirdiyi xəbərdarlığın əsas mesajı da məhz budur: Moskva Rusiya vətəndaşlarının üçüncü ölkələrin sorğuları əsasında Ermənistanda saxlanılmasına biganə qalmayacaq. İrəvan üçün vəziyyət daha da həssasdır. Ermənistan hakimiyyəti son illərdə Qərblə siyasi yaxınlaşmanı artırdığı halda, ölkə iqtisadiyyatının mühüm sahələrində Rusiya bazarından asılılıq qalmaqdadır. Turizm də bunun ən bariz nümunələrindən biridir. Matviyenkonun sözləri Ermənistanın yeni parlament rəhbərinə ünvanlanan adi diplomatik xəbərdarlıqdan daha ciddi məna daşıyır. Moskva faktiki olaraq göstərir ki, siyasi qərarların iqtisadi nəticələri də ola bilər. Erməni mediası xüsusi vurğulayır ki, indi cəmiyyəti maraqlandıran daha bir aktual sual da budur: Paşinyan hökuməti Moskva ilə siyasi qarşıdurmanı daha da dərinləşdirərək Ermənistanın turizm sektorunu risk altında qoyacaq, yoxsa Rusiyanın xəbərdarlığını nəzərə alacaq? Musavat.com Geri qayıt |