Əsas Səhifə > Güney Press > Səfərbərliyə cavabdeh generalın qızı pul müqabilində səfərbərlikdən yayınmağa kömək edir...

Səfərbərliyə cavabdeh generalın qızı pul müqabilində səfərbərlikdən yayınmağa kömək edir...


Bu gün, 11:49

Moskvada fəaliyyət göstərən “Budovnits Family Law Agency” hüquq şirkəti hüquqşünaslar Vladislav, Natan və Artem Budovnitslər ailəsi tərəfindən təsis edilib. Şirkət əsasən mülki və ailə hüququ məsələləri ilə məşğul olur: müxtəlif sövdələşmələri müşayiət edir, vərəsəlik işlərinə və mülkiyyət mübahisələrinə baxır.
Lakin şirkətin saytında daha bir xidmət də göstərilir:
“Hərbi xidmət və səfərbərliklə bağlı mürəkkəb məsələləri həll etməyə kömək edirik”.
Şirkətin mütəxəssisləri hərbi xidmətə çağırış yaşında olan şəxslərə ən mühüm problemləri həll etməkdə yardım göstərməyə hazır olduqlarını bildirirlər:
-səfərbərlikdən möhlət hüququnu rəsmiləşdirmək;
-çağırış vərəqələrindən şikayət etmək;
-bron əldə etmək
Və bunun üçün əlavə olaraq “iş yeri təqdim etmək”,
-həmçinin “riskləri minimuma endirməklə Rusiya Federasiyasından kənara çıxışın hüquqi müşayiətini” təmin etmək.
Hüquqşünaslar xidmətlərin “məxfi” şəkildə, “artıq söhbətlər olmadan” göstərildiyini də vurğulayırlar.
Moderator.az dəyərli oxuculara bu barədə geniş məlumatı Rusiyanın müxalif “Meduza” nəşrinə istinadla çatdırır:
“Meduza” müəyyən edib ki, hüquq şirkətində bütün bu məsələlərə Yekaterina Burdinskaya nəzarət edir. Saytda əlaqə vasitəsi kimi məhz onun telefon nömrəsi göstərilib.
“Budovnits Family Law Agency”nin saytında “Yekaterina Yevgenyevna”nın müştərilərə səfərbərlikdən yayınmaq və ya bron təşkil etməkdə kömək etdiyini bildirən rəylər də yer alır.
İyulun 18-də 2026-cı ildə İqor adlı müştəri belə yazıb:
“Sizə çox dərin təşəkkür edirəm! Brondan tez, dəqiq və heç bir əlavə süründürməçilik olmadan yararlanmağa kömək etdiniz”.
Valeri adlı digər müştəri isə bunu yazıb:
“Yekaterinaya minnətdaram. Səfərbərliyə düşmək heç istəmirdim və siz bronu tez və sakit şəkildə rəsmiləşdirməyə kömək etdiniz. Hər addımı izah etdiniz və işi ən qısa müddətdə nəticəyə çatdırdınız. Ürəkdən tövsiyə edirəm!”
Sızdırılmış məlumatlara əsasən, Yekaterina Yevgenyevna Burdinskayanın Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-polkovnik Yevgeni Burdinskinin qızı olduğu ehtimal edilir.
Həmin məlumatlar Yekaterinanın Moskvada general ilə eyni mənzildə yaşadığını da göstərir. Məlumata görə, Yekaterina Burdinskaya Kalininqrad vilayətinin Baltisk şəhərində Yevgeni Burdinskinin orada yerləşən 336-cı ayrıca qvardiya dəniz piyadaları briqadasına rəhbərlik etdiyi ildə anadan olub...
Sosial şəbəkələrdəki məlumatlara görə, Burdinskaya Moskva Aviasiya İnstitutunda təhsil alıb. Qeyd olunur ki, həmin ali məktəbdə hüquq fakültəsi yoxdur. Daha sonra sızdırılmış məlumatlara əsasən, o, termoplastik polimer, yanacaq və sürtkü materialları tədarük edən şirkətlərdə satış meneceri kimi çalışıb. Onun əvvəllər hüquqşünas kimi işlədiyi barədə məlumat yoxdur...
Təcrübəsinin olmamasına baxmayaraq, generalın qızı hüquq şirkəti üçün "faydalı" əməkdaş olub.
Yevgeni Burdinski 2018-ci ilin martından etibarən Rusiya Baş Qərargahının Baş Təşkilati-Səfərbərlik İdarəsinə rəhbərlik edir. Başqa sözlə, o, Rusiyada səfərbərlik və orduya müqavilə əsasında hərbçilərin cəlb edilməsinə cavabdeh vəzifələrdən birini daşıyır.
2022-ci ilin oktyabrında məhz Burdinski Rusiya vətəndaşlarına çağırışçı əsgərlərin Ukrayna ilə müharibəyə göndərilməyəcəyini vəd etmişdi. Buna baxmayaraq, genişmiqyaslı müharibənin ilk günlərindən etibarən çağırışçıların cəbhəyə göndərilməsi ilə bağlı məlumatlar yayılıb. Bu, xüsusilə sərhədyanı regionlarda, məsələn, Kursk və Belqorod vilayətlərində xidmət edən hərbçilərlə bağlı hallarda baş verir. Həmçinin çağırışçılara müqavilə imzalamaq üçün təzyiq göstərilməsi və ya onların müxtəlif üsullarla aldadılaraq buna məcbur edilməsi barədə çoxsaylı məlumatlar mövcuddur.
2023-cü ilin iyununda Rusiya Müdafiə Nazirliyi general-polkovnik Yevgeni Burdinskinin səfərbərliklə bağlı məruzəsini öz saytında yayımlayıb, daha sonra isə silib. Burdinski həmin məruzədə ordunun cəmiyyətin müəyyən hissəsinin “hərbi vəzifəni yerinə yetirməyə hazır olmaması” ilə bağlı problemlərlə üzləşdiyini bildirirdi. General bunu “şəbəkə bloqçuları icmasının informasiya təzyiqi” ilə əlaqələndirirdi.
Elə həmin 2023-cü ildə Burdinskiyə cəbhəyə məhbusların cəlb edilməsi tapşırılmışdı. Bu barədə keçmiş Rusiya Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Mixail Zvınçuk tərəfindən yaradılmış “Rıbar” telegram-kanalı yazmışdı.
2025-ci ilin mayında Rusiyada elektron çağırış vərəqələrinin reyestri işə salınıb. Bundan sonra isə reyestrdə hərbi mükəlləf şəxslərin faktiki yaşayış ünvanları da görünməyə başlayıb. Əvvəllər hərbi komissarlıqlar yalnız şəxslərin rəsmi qeydiyyat ünvanlarına çıxış əldə edə bilirdilər.
2025-ci ilin oktyabrında Burdinskinin rəhbərliyi ilə keçirilən çağırış kampaniyasından sonra general hərbi uçot və çağırışın təşkilində “rəqəmsal imkanlardan geniş istifadənin” tətbiqini yüksək qiymətləndirib və yeni çağırışçılara “maraqlı xidmət” arzulayıb.
“Meduza” “Budovnits Family Law Agency”də çalışan Yekaterina Burdinskaya ilə telefonla əlaqə saxlaya bilib. Ondan general-polkovnik Yevgeni Burdinskinin qızı olub-olmadığını soruşduqda, o, “Xeyr, bu, doğru deyil”, — deyə cavab verib və telefonu bağlayıb.
“Budovnits Family Law Agency” ilə əlaqə yaratmaq mümkün olmayıb. “Meduza” Artem və Natan Budovnitslərə sorğular göndərsə də, material dərc edilənədək cavab almayıb.

Geri qayıt