Əsas Səhifə > Güney Press > Eyfel qülləsindən xaricdə təhsilə:
Eyfel qülləsindən xaricdə təhsilə:Bu gün, 08:28 |
|
1925-ci ildə bir adam Fransanın ən məşhur simvollarından biri olan Eyfel qülləsini satmağa nail olmuşdu. Əlbəttə, qüllə satılmamışdı. Sadəcə, Victor Lustig adlı dələduz özünü dövlət məmuru kimi təqdim etmiş, qüllənin guya söküləcəyinə dair saxta sənədlər hazırlamış və metal alverçilərindən birini buna inandırmışdı.
Tarix belə hadisələrlə doludur. Şotlandiyalı Gregor MacGregor xəritədə olmayan "Poyais" adlı ölkənin torpaqlarını satmışdı. Minlərlə insan yeni həyat arzusu ilə bütün var-dövlətini ona etibar etmişdi. Çarles Ponzi isə insanlara qısa müddətdə böyük qazanc vəd edərək milyonlarla dollar toplamışdı. Bu gün belə maliyyə fırıldaqları onun adı ilə – "Ponzi sxemi" kimi tanınır. Dələduzluğun mahiyyəti əsrlərdir dəyişmir. Dəyişən yalnız dekorasiyadır.
Dünən saxta qızıl satırdılar, bu gün saxta diplom vəd edirlər. Dünən mövcud olmayan ölkəyə köçürürdülər, bu gün mövcud olmayan təqaüd proqramlarına qəbul edirlər. Dünən saxta möhürlərdən istifadə olunurdu, bu gün saxta internet saytlarından, sosial şəbəkə reklamlarından və süni intellektlə hazırlanmış görüntülərdən istifadə edilir.
Son aylar Azərbaycanda bunun ən ağrılı nümunələrindən biri xaricdə təhsil adı altında həyata keçirilən dələduzluqlardır. Xaricdə universitetə qəbul, tam təqaüd, asan viza və "100 faiz zəmanət" vədləri ilə fəaliyyət göstərən bəzi vasitəçilər və şirkətlər yüzlərlə insanın ümidini qazanca çeviriblər. Valideynlər övladlarının gələcəyi üçün illərlə topladıqları pulu ödəyirlər, gənclər həyatlarının dəyişəcəyinə inanırlar. Sonda isə bəziləri nə universitet görür, nə də ödədiyi vəsaiti geri ala bilir.
Bu hadisələr sadəcə kriminal xəbər deyil həm də cəmiyyətin etimad böhranıdır.
Filosof İmmanuel Kant yazırdı ki, insan heç vaxt məqsədə çatmaq üçün vasitəyə çevrilməməlidir. Dələduzluq isə bunun tam əksidir. Burada insanın arzuları, qorxuları və gələcəklə bağlı ümidləri qazanc alətinə çevrilir.
Xüsusilə təhsil sahəsində baş verən dələduzluqlar daha təhlükəlidir. Çünki burada oğurlanan yalnız pul deyil. Oğurlanan bir gəncin vaxtıdır. Oğurlanan valideynlərin övladına bəslədiyi ümiddir. Oğurlanan gələcəyə olan inamdır.
Ona görə də dələduzluğa qarşı ən güclü silah qanunlardan əvvəl maarifçilikdir. İnsanlar bilməlidirlər ki, təhsilin də, uğurun da, diplomun da qısa yolu yoxdur. Əgər kimsə sizə "heç bir risk olmadan", "100 faiz zəmanətlə", "qeyri-rəsmi yolla" gələcək vəd edirsə, çox güman ki, o sizə gələcək yox, növbəti fırıldağın qapısını göstərir.
Günel Musa - "DİA-AZ"
Geri qayıt |