Əsas Səhifə > Güney Press / Partiya > “Nüvə baharı” başlayır?
“Nüvə baharı” başlayır?Bu gün, 08:06 |
ABŞ Müdafiə Nazirliyi Rusiya və Çinlə mümkün müharibə ssenarilərinə uyğun olaraq qısa mənzilli taktiki nüvə silahlarının istifadəsinə üstünlük verən yeni nüvə strategiyası üzərində işləyir. Məlumata görə, Elbric Kolbinin rəhbərliyi ilə hazırlanan bu plan ABŞ prezidentinə təqdim ediləcək nüvə müdaxiləsi variantlarının yenilənməsini və ənənəvi müharibənin tam nüvə qarşıdurmasına çevrilməsinin qarşısını almağı hədəfləyir. Eyni zamanda, Pentaqon Çin, Rusiya və İranla əlaqəli qurumlara qarşı təhlükəsizlik məhdudiyyətlərini genişləndirərək qara siyahıdakı xarici təşkilatların sayını 130-a çatdırıb.
Politoloq Şəhla Cəlilzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu ilin əvvəlində Rusiya Xarici Kəşfiyyat Xidməti Böyük Britaniya və Fransanın Ukraynaya taktiki nüvə silahı verməyə hazırlaşdığını açıqlayıb. Rusiya müvafiq qurumlar qarşısında məsələ qaldırsa da, tərəflər bu iddianı inkar edərək Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması haqqında Müqaviləyə (NPT) sadiq olduqlarını bəyan ediblər. “Nüvə silahının müharibələrin taleyinin həll olunmasında yekun faktor kimi çıxış etdiyini İkinci Dünya müharibəsindən hər kəs bilir. Lakin Yaponiyaya nüvə silahı atan ABŞ bundan dərhal sonra “soyuq müharibə” dövrünə qədəm qoydu və nüvə silahı yalnız çəkindirmə vasitəsinə çevrildi. Hazırda isə dünyada proseslər yenidən “nüvə baharı”na doğru istiqamət alır”, – deyə o bildirib. Politoloq xatırladıb ki, 2024-cü ildə Rusiya öz nüvə doktrinasına dəyişiklik edib və ölkə ərazisinə birbaşa xarici təhdid olacağı təqdirdə taktiki nüvə silahından istifadə edə biləcəyini bəyan edib. Bu dəyişiklik Qərbdə Ukraynaya uzaqmənzilli raketlərin verilib-verilməməsi məsələsi müzakirə edilən vaxt həyata keçirilib. Rusiyanın dərinliklərini vurmağa imkan verən uzaqmənzilli raketlərin Ukraynaya verilməsinin qarşısını almaq məqsədilə Rusiya belə bir dəyişiklik etmişdi. Lakin ötən ilin sonunda Ukrayna həmin raketləri aldı və Rusiyanın dərinliklərində yerləşən strateji məntəqələr bu ilin əvvəlindən etibarən ciddi şəkildə vurulmaqdadır: “Rusiya indiyədək müvafiq doktrinanı tətbiq etməyib, lakin edə bilər. Xüsusilə NATO ölkələrinə qarşı təhdidlərin artdığı, müharibənin genişlənmə riskinin olduğu bir dövrdə ABŞ çəkindirmə məqsədilə öz hərbi strategiyasına yeni başlıq əlavə etməyə qərar verib – taktiki nüvə silahından istifadə. Maraqlıdır ki, Pentaqonun hazırladığı yeni qanun qısa mənzilli raketlərlə taktiki nüvə silahının çatdırılmasını nəzərdə tutur. Bu isə o deməkdir ki, İkinci Dünya müharibəsində olduğu kimi, ABŞ özü deyil, regional müttəfiqlərinin əli ilə bu silahdan istifadəyə yol verə bilər”. Şəhla Cəlilzadə bildirib ki, istənilən halda bu, dünya üçün katastrofik ssenaridir. Bütün şəhəri deyil, müəyyən infrastrukturu yerlə-yeksan etməyə imkan verən taktiki nüvə silahının tətbiqi Rusiya və Çinə qarşı regional müharibələr kontekstində nəzərdə tutulsa da, təbii ki, müharibənin qlobal miqyas almasına səbəb ola bilər. “Aydındır ki, Rusiya-Ukrayna müharibəsində məğlubiyyət ehtimalını nə Rusiya, nə də Qərb qəbul etmək istəmir. Tərəflərdən yalnız birində taktiki nüvə silahı olduğu və ondan istifadə edildiyi halda, bu, müharibənin sonlandırılmasını sürətləndirə bilər. Qarşı tərəfin də nüvə çəkindirici gücünün olması isə bu ssenarinin qarşısını almağa xidmət edəcək. Lakin mahiyyət etibarilə dövlətlərarası nüvə silahı yarışını gücləndirəcək bu dəyişiklik qlobal miqyasda təhlükəsizlik risklərini də artıracaq”, – deyə o əlavə edib. Geri qayıt |