Əsas Səhifə > Güney Press > Moskvadan İrəvana sərt xəbərdarlıq

Moskvadan İrəvana sərt xəbərdarlıq


Bu gün, 17:38

Rusiya Xarici İşlər Nazirliyi ötən gün Ermənistanı hədəf alan bir sıra açıqlamalar verib. Hətta İrəvanın Moskvadan uzaqlaşmasının iki ölkə arasında ticarət dövriyyəsinin azalmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. XİN eyni zamanda Avropa İttifaqını Ermənistanı Rusiyadan uzaqlaşdırmağa çalışmaqda ittiham edib.

Moskvanın bu xəbərdarlıqlarının nəticəsi necə olacaq? Kreml İrəvana qarşı hansı addımları ata bilər?

Globalinfo.az-a danışan politoloq Turab Rzayev bildirib ki, indiki mərhələdə Kremlin bu xəbərdarlıqlarının ciddi nəticə verməsi çətin görünür.

“Ermənistan yavaş-yavaş da olsa, Avropa İttifaqına inteqrasiya etməyə çalışır. Burada əsas məsələ ondan ibarətdir ki, İrəvan bu prosesi birdən-birə həyata keçirməyəcək. Çünki bu, kifayət qədər risklidir.

Nikol Paşinyan sadəlövh siyasətçi deyil. O, Rusiyanın mümkün aqressiv reaksiyasının indiki mərhələdə Ermənistan üçün nə qədər ciddi nəticələr doğura biləcəyini yaxşı anlayır. Buna görə də hesab edirəm ki, ehtiyatlı və mərhələli şəkildə hərəkət edəcək. Paşinyan Ermənistanın Rusiya üçün açıq hədəfə çevrilməsini istəmir. Lakin bütün hallarda onun strateji məqsədindən geri çəkiləcəyini də düşünmürəm.

Aydındır ki, Rusiya Ermənistanın öz nüfuz dairəsindən çıxmasını istəmir. Buna görə də prosesə müqavimət göstərir. Hətta bəzi məsələlərə də məhz bu səbəbdən göz yumur.

Rusiyanın ata biləcəyi addımlara gəlincə, seçki dövründə kilsəni, diasporu və müxalifəti eyni platformada bir araya gətirməsi əslində İrəvana ciddi xəbərdarlıq idi. Lakin görünür, bu, hələlik Kremlin istədiyi nəticəni verməyib”.


Geri qayıt