Əsas Səhifə > Güney Press > Vaşinqtonda UCALAN SƏS:

Vaşinqtonda UCALAN SƏS:


Bu gün, 16:58

Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişi layihəsinin bir ili tamam olur. Ötən müddət ərzində bu sənədin Cənubi Qafqazda sülh gündəliyinə, regional əməkdaşlıq perspektivlərinə və tərəflər arasında münasibətlərin inkişafına təsiri müxtəlif aspektlərdən qiymətləndirilir. Bununla yanaşı, 2025-ci il avqustun 8-9-da Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə səfəri və Vaşinqtonda keçirilən görüşlər də ABŞ-Azərbaycan münasibətlərinin inkişafında, eləcə də Azərbaycan-Ermənistan sülh prosesinin yeni mərhələsinin formalaşmasında mühüm inkişaflara səbəb oldu.

Millət vəkili Tural Gəncəliyev Sherg.az-a bildirib ki, əldə olunmuş nəticələrin Prezident İlham Əliyevin praqmatik, məqsədyönlü və Azərbaycanın milli maraqlarına əsaslanan siyasətinin məhsulu olduğunu vurğulayıb:

"Bu gün biz 2025-ci ildə Vaşinqtonda keçirilmiş üçtərəfli görüşü və onun tarixi nəticəsi olaraq Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi layihəsinin paraflanması kimi mühüm sənədin bir il sonra yaratdığı reallıqları, doğurduğu nəticələri və bu nəticələrin müzakirəsini bir daha nəzərdən keçiririk. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət strategiyasının, dövlət və milli maraqların qorunmasına yönəlmiş məqsədyönlü və davamlı fəaliyyətinin nəticələri haqqında danışırıq.

Azərbaycan və Ermənistan arasında paraflanmış sənədin ildönümü ilə bağlı onu xüsusilə qeyd etmək lazımdır ki, son 300-400 illik tarixində Azərbaycan heç vaxt olmadığı qədər güclü bir dövrünü yaşayır. Azərbaycan bu gün, hamının qeyd etdiyi kimi, orta güc dövlətinə çevrilib. Dövlətimizin yaratdığı reallıq təkcə Ermənistan üzərində qələbə deyildi. Bu, həmçinin beynəlxalq təşkilatların, keçmiş Ermənistan-Azərbaycan münaqişəsindən parazit formada istifadə edən ATƏT-in Minsk qrupu kimi qurumların da ömrünün sonuna çatmasına səbəb oldu".

Parlamentari Azərbaycanın yeni bir reallıq yaratdığını qeyd edib:

"Bu reallığın memarı, müəllifi Prezident İlham Əliyevdir. Həmçinin onu vurğulamaq lazımdır ki, Azərbaycan Ermənistanı sülhə məcbur etməklə bir daha göstərdi ki, Ermənistan bunu öz xoş niyyəti və öz istəyi ilə deyil, məhz "dəmir yumruğ"un gücü hesabına qəbul etdiyi reallıqlar nəticəsində etdi.

Beləliklə, bu gün biz Ermənistan-Azərbaycan arasında sülh prosesi haqqında danışmaq imkanı əldə etdik. Azərbaycan Cənubi Qafqazda, Böyük Avrasiya regionunda söz sahibidir.

Rəsmi Bakı bu gün Ermənistanın da iştirakı ilə Cənubi Qafqazı məhz öz gücü, yaratdığı reallıqlar və cənab Prezident İlham Əliyevin formalaşdırdığı siyasi xətt hesabına qarşıdurma coğrafiyasından əməkdaşlıq coğrafiyasına çevirib.

Bu gün Azərbaycan böyük nəqliyyat-kommunikasiya xətlərini və iri layihələri necə ki, müharibədən əvvəlki dövrdə, hətta Ermənistanın işğalı dövründə həyata keçirirdisə, indi onları ikiqat güclə həyata keçirir.

Azərbaycan həmçinin Ermənistanla postmünaqişə dövrünün reallıqlarını nəzərə alaraq öz gücünü daha geniş coğrafiyaya proyeksiya edir. Bu gün rəsmi Bakı Avropa İttifaqına üzv olan artıq 16 Avropa ölkəsi ilə əməkdaşlıq edir".

Milli məclisin üzvü Azərbaycanın bu gün böyük güc mərkəzləri ilə- istər ABŞ, istər Çin, istərsə də Türk Dövlətləri Təşkilatı çərçivəsində bütövlükdə Türk dünyası ilə münasibətlərdə söz sahibi olduğunu söyləyib:

"Bir sözlə dünyanın əsas güc mərkəzləri Azərbaycanla əməkdaşlığa can atırlar. Bu da, Azərbaycanın yaratdığı yeni reallıqdır. Geosiyasi elm baxımından 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbənin böyük geosiyasi dəyişikliklərə səbəb olması gələcəkdə də geniş şəkildə müzakirə ediləcək".


Geri qayıt