Əsas Səhifə > Güney Press > Sentyabrda əti 20 manata ala bilərik

Sentyabrda əti 20 manata ala bilərik


Bu gün, 15:46

Xəbər verdiyimiz kimi, bugünlərdə İsmayıllı rayonunda mal ətinin pərakəndə satış qiyməti 1 manat artaraq 17 manatdan 18 manata yüksəlib.

Qəssablar deyiblər ki, bahalaşma satışa da ciddi təsir göstərib. Alıcılar da qiymət artımını təsdiq ediblər.

Onların sözlərinə görə, qiymətlərdəki dəyişiklik gündəlik alış-verişə də təsir edir.

İctimai iaşə məhsullarının istehlakının təşkili ilə məşğul olan satıcılar isə bildiriblər ki, qiymət artımı fərdi təsərrüfatlardan gətirilən diri heyvanların alış qiymətinin yüksəlməsi ilə bağlıdır.Qəssablar vurğulayıblar ki, diri heyvanların daha yüksək qiymətə alınması pərakəndə satış qiymətinə də təsir edib.

Qeyd edək ki, bugünlərdə bəzi bölgələrdə ümumiyyətlə, heyvan sahibləri qəssablara ət satmırlar və bunun səbəbini isə sentyabrda mal ətinin qiymətinin 20 manat olacağı ilə izah edirlər.

Xatırladaq ki, hazırda mövsümlə bağlı bazarda kənd təsərrüfatı məhsulları üstünlük təşkil edir və əhali ətlə yanaşı digər məhsulları da istehlak edir. Ancaq mövsüm başa çatdıqdan sonra bazarda bolluq azalacaq.

Bəs vətəndaşların 20 manata mal əti almağa maddi imakını çatacaqmı?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, İsmayıllıda mal ətinin 17 manatdan 18 manata qalxması, ilk növbədə, diri heyvanın alış qiymətindəki artımla bağlıdırsa, bu, bazarda təklif tərəfdən yaranan təzyiqin olduğunu göstərir:

“Lakin bu faktın özündən çıxış edərək sentyabrda mal ətinin mütləq 20 manata qalxacağını demək hələ əsaslandırılmış proqnoz deyil. Burada diri heyvanın qiyməti ilə hazır ətin pərakəndə qiymətini bir-birindən ayırmaq lazımdır.

Fermer heyvanı daha baha satırsa, qəssabın maya dəyəri artır və bunun müəyyən hissəsi təbii olaraq ətin qiymətinə keçir.Amma diri malın qiymətinin artması avtomatik olaraq ətin qiymətinin eyni nisbətdə bahalaşması demək deyil. Kəsim, daşınma, əmək, soyudulma, satış və digər xərclər də son qiymətin formalaşmasına təsir edir.

Sentyabrda qiymətin 20 manata çatması mümkündür, amma bunun üçün hazırkı qiymət artımından əlavə bazarda təklifin daha da azalması və ya diri heyvanın alış qiymətinin yenidən yüksəlməsi lazımdır.

Əgər bölgələrdə heyvan sahibləri həqiqətən heyvanlarını indi satmayıb, daha yüksək qiymət gözləyirlərsə, bu, bazarda müəyyən gözlənti və spekulyativ davranış yarada bilər.

İnsanlar “sentyabrda ət 20 manat olacaq” düşüncəsi ilə heyvanı bazara çıxarmağı təxirə saldıqda təklif azalır və bu da qiymətin yüksəlməsinə şərait yarada bilər”.

Onun sözlərinə görə, digər tərəfdən, heyvan sahiblərinin malı saxlamasının onlar üçün də xərci var:

“Heyvanın yemlənməsi, saxlanması və qulluq xərcləri davam edir. Buna görə də fermerin bütün heyvanları uzun müddət bazara çıxarmaması iqtisadi baxımdan həmişə sərfəli olmur.

Əgər bazarda alıcıların ödəmə qabiliyyəti 20 manatlıq qiyməti qəbul etməzsə, tələb zəifləyə və gözlənilən qiymət artımı reallaşmaya bilər.Burada mövsümi amil də nəzərə alınmalıdır. Yayın sonu və payızın əvvəlində bazarda ətə tələbat, xüsusilə toy, mərasim və digər tədbirlərin intensivliyi müəyyən qiymət təzyiqi yarada bilər.

Eyni zamanda payız-qış dövrünə yaxın fermerlərin heyvan saxlamaq və yemləmə xərclərini nəzərə alaraq satış qərarlarını dəyişməsi mümkündür.Buna görə də sentyabrda qiymətlərin indiki səviyyədən bir qədər yuxarı olması tamamilə istisna edilə bilməz.Amma 18 manatdan 20 manata yüksəliş təxminən 12 faizlik artım deməkdir. Belə artımın baş verməsi üçün bazarda real əsaslar olmalıdır.

Təkcə “heyvan sahibləri sentyabrda qiymət artacaq deyə heyvan satmırlar” məlumatı buna kifayət qədər əsas vermir. Əksinə, burada qiymət gözləntisinin özünün qiymət artımına səbəb olub-olmadığını araşdırmaq lazımdır”.

Ekspertin fikrincə, ən vacib məsələ isə fermerin heyvanı neçə manata satması ilə istehlakçının neçə manata ət alması arasındakı fərqdir:

“Əgər diri heyvanın alış qiyməti artırsa, bunun nə qədərinin real istehsal xərcləri, nə qədərinin bazardakı vasitəçi marjaları və gözləntilərlə bağlı olduğu şəffaf şəkildə ortaya qoyulmalıdır.

Əks halda hər qiymət artımını yalnız fermerin satış qiymətinin yüksəlməsi ilə izah etmək mümkün deyil. Məncə, hazırkı vəziyyətdə sentyabr üçün 20 manatlıq qiyməti qaçılmaz nəticə kimi deyil, mümkün ssenarilərdən biri kimi qiymətləndirmək daha düzgündür.

Əgər diri malın qiyməti yaxın həftələrdə də yüksələcək, bazara çıxarılan heyvanların sayı azalacaq və tələb yüksək qalacaqsa, 20 manat həddi real ola bilər.

Əksinə, təklif artarsa və fermerlər heyvanlarını bazara çıxararsa, qiymət 18-19 manat ətrafında sabitləşə bilər.

Əsas risk ondan ibarətdir ki, “sentyabrda ət 20 manat olacaq” kimi gözləntilər özü bazarın davranışını dəyişə bilər. Fermer satışını təxirə salır, qəssab daha baha alış edir, istehlakçı isə əvvəlcədən bahalaşma gözləyir.

Beləliklə, real çatışmazlıq yaranmadan da qiymət artımı başlaya bilər. Ona görə də bu məlumatların yalnız şifahi bazar gözləntisi, yoxsa həqiqətən diri heyvanın alış qiymətində və təklifində ölçülə bilən dəyişiklik olduğunu müəyyənləşdirmək vacibdir.

Ümumilikdə, 18 manatdan 20 manata yüksəliş mümkündür, amma hazırkı məlumatlar bunu qaçılmaz etmir. Sentyabrda mal ətinin qiymətini əsasən diri heyvanın alış qiyməti, bazara çıxarılan mal-qaranın həcmi, yem xərcləri, tələbat və satış zəncirində formalaşan marjalar müəyyən edəcək.

Əgər bu amillərdə ciddi dəyişiklik baş verməsə, yalnız şayiə və gözlənti əsasında qiymətin 20 manata çatacağını söyləmək düzgün olmaz”.


Geri qayıt