Əsas Səhifə > Güney Press > Rusiya ilə iqtisadi münasibətlərin gərginləşməsi

Rusiya ilə iqtisadi münasibətlərin gərginləşməsi


Bu gün, 11:35

Rusiya ilə Ermənistan arasında iqtisadi münasibətlər sürətlə pisləşməkdə davam edir. Rusiya Baş nazirinin müavini Aleksey Overçukun jurnalistlərə açıqlamasında səsləndirdiyi statistika bunu bir daha sübut edir. Overçuk qeyd edib ki, Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi ötən illə müqayisədə üçdə iki dəfə azalıb.

Maraqlıdır, Rusiya ilə iqtisadi münasibətlərin gərginləşməsi Ermənistana nə vəd edir? Rəsmi İrəvan Rusiya ilə iqtsiadi münasibətlərdəki azalmanı necə, hansı yolla kompensasiya edə bilər?

Rusiyanın uzun illərdir ki, Ermənistanın iqtisadi həyatında mühüm rol oynadığı heç kimə sirr deyil. Lakin 44 günlük müharibədən sonra açıq şəkildə anti-Rusiya xətti yürütməyə başlayan Ermənistan, rəsmi Moskvadan yalnız siyasi-diplomatik deyil, həm də iqtisadi baxımdan uzaqlaşmağa başladı. Daha doğrusu, Ermənistan ərazisində Rusiyanın iqtisadi maraqlarına ardıcıl zərbələr endirən İrəvan, bu münasibətləri qarşılıqlı maraqlar konteksində deyil, yalnız öz maraqları fonunda formalaşdırmağa çalışdı ki, bu da Rusiyanın sərt etirazına səbəb oldu. Ermənistandan kənd təsərrüfatı məhsullarının idxalını dayandıran Rusiya, bununla rəsmi İrəvanın iqtisadi maraqlarına ciddi zərbə endirmiş oldu. İki dövlət arasıdna gərginliyin yüksələn xəttlə inkişafı, Ermənistan-Rusiya iqtisadi münasibətlərinin yaxın gələcəkdə pisləşməkdə davam edəcəyini göstərir.

Rusiya ilə artan iqtisadi gərginliklər fonunda Ermənistanın ata biləcəyi bir neçə addım var ki, bunlardan ən önəmlisi rəsmi İrəvanın Azərbaycan və Türkiyə ilə sağlam iqtisadi münasibətləri inkişaf etdirməsidir. Ermənistan üçün Rusiyanın iqtisadi baxımdan yoxluğunu kompensasiya etməyin ən asan və effektiv rolu Azərbaycan və Türkiyə ilə iqtisadi münasibətlər qurmaqdır. Yalnız Azərbaycan-Türkiyə ilə normal iqtisadi münasibətlərin formalaşması Ermənistan iqtisadiyyatının inkişafını, sosial rifahının yüksəlişini təmin edə bilər.

Bu baxımdan, Rusiya-Ermənistan iqtisadi münasibətlərinin gərginləşməsi fonunda Ermənistanın Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələri inkişaf etdirməyə səy göstərəcəyi gözləniləndir. Belə bir addım Ermənistanın iqtisadi təhlükəsizliyinin etibarlı şəkildə təmini, gələcək iqtisadi tərəqqisi baxımından ən optimal yoldur.

Seymur ƏLİYEV - moderator.az


Geri qayıt