Əsas Səhifə > Güney Press > Paşinyan Anna ilə yenidən evlənib?

Paşinyan Anna ilə yenidən evlənib?


Bu gün, 11:01

Ermənistanda Baş nazir Nikol Paşinyanla həyat yoldaşı Anna Akopyanın münasibətləri barədə mövzu yenidən gündəmə gəlib. Bir neçə ay öncə ayrılan cütlüyün barışıb-barışmadığı tam dəqiqliklə aydın deyil.

Modern.az xəbər verir ki, Ermənistan mətbuatında Paşinyanla Akopyanın münasibətlərilə bağlı yeni iddialar yayılıb.

Yerli KİV cütlüyün hələ də "Instagram" sosial şəbəkəsində bir-birini izləmədiyini yazır.

Bu ilin fevralında Anna Akopyan artıq Nikol Paşinyanın həyat yoldaşı olmadığını açıqlayıb və hökumət iqamətgahını tərk etdiyini bildirib. Daha sonra onlar sosial şəbəkədə də bir-birini izləməyi dayandırıblar.

Parlament seçkiləri ərəfəsində isə Anna Akopyan yenidən hökumət iqamətgahında görünüb. Jurnalistlərin sualını cavablandıran Nikol Paşinyan isə həyat yoldaşının ailəni bərpa etmək üçün ona daha bir şans verdiyinə görə minnətdar olduğunu söyləyib.

Lakin seçkilərdən sonra Anna Akopyan ictimai tədbirlərdə Paşinyanla birlikdə görünməyib. Mətbuat yazır ki, uzun məzuniyyətə çıxan, müxtəlif səfərlər edən və ictimai yerlərdə görünən baş nazir bu müddətdə həyat yoldaşı ilə birlikdə görüntülənməyib.

Ermənistan mətbuatındakı yazıda qeyd olunur ki, Anna Akopyan bu yaxınlarda ailədaxili zorakılıq mövzusunda çıxış edərək qadınları bu halları gizlətməməyə çağırıb və qanunvericiliyin sərtləşdirilməsini təklif edib. O, həmçinin bu mövzunu gündəmə gətirdikdən sonra özünə qarşı təhdidlər hiss etdiyini bildirib.

Bununla yanaşı, Ermənistan mediası Paşinyanın son gəlir bəyannaməsində Anna Akopyanı ailə üzvü kimi göstərdiyini, lakin buna baxmayaraq onların hələ də "Instagram"da bir-birini izləmədiyini qeyd edib.

Ermənistan mediası cütlüyün münasibətlərinə dair sualların hələ də açıq qaldığını yazıb.

Bu ilin 27 fevralında Anna Akopyan Nikol Paşinyandan ayrıldığını elan etmişdi. O, hökumət iqamətgahını tərk edərək kirayə mənzilə köçdüyünü bildirmişdi.

Nikol Paşinyanla Anna Akopyan tələbə yoldaşıdırlar. Onlar ilk dəfə 1991-ci ildə İrəvan Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika ixtisasında təhsil alarkən qarşılaşıblar.

Anna Akopyanın Nikol Paşinyandan 3 yaş kiçikdir, o, 1978-ci il, Baş nazir isə 1975-ci il təvəllüdlüdür.

Nikolla Anna həm də iş yoldaşı olublar. 1999-cu ildə Nikol Paşinyan gündəlik "Haykakan Jamanak" (“Ermənistan vaxtı”) qəzetini yaradıb, 2012-ci ilə qədər ona rəhbərlik edib. 2013-cü ildə baş redaktor vəzifəsini onun həyat yoldaşı Anna Akopyan tutub.

2018-ci ildə Anna Akopyan "Mənim addımım" xeyriyyə fondu təsis edib.

Anna ilə Nikolun izdivacından 4 uşaq dünyaya gəlib: oğlanları Aşot, qızları Mariam, Şuşanna və Arpine.


Geri qayıt