Əsas Səhifə > Güney Press > "Ölkədə meydan hələ də ortababların əlindədir"
"Ölkədə meydan hələ də ortababların əlindədir"Bu gün, 17:14 |
|
Azərbaycan ədəbiyyatında fərqli dəst-xətti ilə seçilən Aqşin Yenisey uzun illərdir həm yaradıcılığı, həm də ictimai mövzulara münasibəti ilə diqqət çəkən müəlliflərdəndir. O, təkcə şair və yazıçı kimi deyil, həm də publisist olaraq cəmiyyət, tarix, din, fəlsəfə və mədəniyyətlə bağlı səsləndirdiyi fikirlərlə tez-tez müzakirələrə səbəb olur. Aqşin Yeniseyin fikirləri bəzən geniş dəstək qazansa da, bəzən sərt tənqid olunur. Lakin onun çıxışları və yazıları bir qayda olaraq ictimai müzakirə yaratmağı bacarır. “Şərq” olaraq, şairlə söhbətimizdə həm son yaradıcılıq planlarından, həm müasir Azərbaycan cəmiyyətinə baxışından, həm də son dövrlərdə ən çox müzakirə olunan fikirləri ətrafında yaranan polemikalardan danışdıq. Aqşin bəy, salam. Necəsiniz? -Sağ olun, yaxşı olun! - Yaradıcılığınızda son vəziyyət necədir? Hazırda üzərində çalışdığınız yeni bir əsər varmı? - On ildir yazdığım bir romanı bitirdim, yəqin ki, yaxın zamanlarda nəşr olunacaq. Amma həcmi çox qalın alınıb deyə - 800 səhifə - üç saniyəlik videolarla baş girləyən oxucuları ürküdəcəyindən ehtiyat edirəm. -Əsas mütaliəniz hansı istiqamətlər, müəlliflər üzərindədir? - Son on beş ildə ancaq fəlsəfi və elmi-kütləvi ədəbiyyat oxuyuram. Hətta yazdığım nəsr əsərlərində də fəlsəfilik və elmiliklə bədiiliyi birləşdirməyə çalışıram. Təxəyyül məhsulu olan ənənəvi bədii ədəbiyyat artıq mənim üçün ölü mətnlər yığınıdır. Bu, göydəndüşmə bir qənaət deyil. Bu gün inkişaf etmiş dünyadan gələn bir tələb var: bədii əsərin də araşdırma, elmi-kütləvi istiqaməti olmalıdır. Kiminsə başına gələnləri, gördüklərini, eşitdiklərini bədii dillə yazması artıq ədəbiyyat hesab olunmur. Belə kitablar ancaq naşirlər üçün cəlbedicidir, çünki kütləyə sata bilir. Yalnız professinal sənətin olmadığı yerlərdə belə kitablar at oynada bilir. -Cəmiyyətdə gedən son prosesləri necə qiymətləndirirsiniz? Sizcə, Azərbaycan cəmiyyəti hazırda hansı mərhələdən keçir - dəyişir, yoxsa eyni problemləri təkrarlayır? - Bu, çox geniş cavab tələb edən sualdır. Məncə, cəmiyyətimiz arınma və dartınma prosesindən keçir. Nədən arınır və nədən dartınır? Müşahidələrimə əsasən deyə bilərəm ki, keçmişin yükündən dartınır ki, gələcəyin təhlükələrindən arına bilsin. Bizim cəmiyyətin bir hissəsi sovet dövründə ilişib qalıb, bir hissəsi hələ də çar Rusiyası zamanındadır, digər bir hissə özünü səfəvi xalqı bilir, hətta işquzlar, akkadlar dövrünün camaatını yenidən yaratmaq istəyənlər də var. Çox az bir kəsim bu günün və gələcəyin xalqını təmsil edir. Mənim üçün maraqlı olan kəsim də bu günün və gələcəyin xalqı olan kəsimdir. Arınmaq və dartınmaq istəyənlər də bu kəsimin təmsilçiləridir. Qalanları israrla bizdən qədim xalq düzəltmək işiylə məşğuldurlar. Qədimliyin özüylə nə gətirəcəyini düşünmədən. Məsələn, birini mən deyim; qədimlik tolerantlığı sıfıra endirəcək və özüylə özü kimi düşünməyənlərin ətinə, qanına yerikləyən barbar bir fundamentalizm gətirəcək. Bu gün Paşinyan və komandası erməni xalqını məhz bu dediyim qədimliyin zəncirindən azad etmək istəyir. - Sizcə, Azərbaycan cəmiyyətinin ən böyük intellektual problemi nədir? - Dünyanın intellektual mühitindən kənarda qalmaq. Bu gün Azərbaycanda nəşr olunan intellektual kitablar, ən azı, otuz-qırx il əvvəl dünyanın oxuduğu kitablardır. Cəmiyyətimizdə xəlqiliyin, folklorun dominantlığı xalqı intellektə ikrahla baxmağa vadar edir. İnsanlardan tələb olunan səviyyə maksimim ortabablıqıdır. Çünki milli şüur səviyyəmiz ortabablığı ölçə bilir, onunla rahat işləyə, xoşuna gəlməyəndə işdən qova, xoşuna gələndə yuxarı başa çəkə bilir. Bu, bir sovet ənənəsidir. Meydan hələ də ortababların və ortabablığı əlindədir. Ölkədən “beyin axını”nın səbəbi də ortabablıq mühitidir. Ortabablıqdan bir balaca üst səviyyəyə qalxmış azərbaycanlı ya baş götürüb ölkədən gedir, ya da getdiyi ölkədən geri qayıtmaq istəmir. - Uzun müddətdir sosial şəbəkələrdə yazıçılığınızdan daha çox din, tarix və fəlsəfə ilə bağlı fikirləriniz müzakirə olunur. İstərdim bir az bu mövzulara toxunaq… - Yazıçılıq, şairlik mənim şəxsi işimdir. Amma mənim ictimai bir sifətim də var, buna bizdə əbləhcəsinə “hərşeyşünaslıq”, dünyada isə intellektuallıq deyirlər. İntellektuallıq ictimai yaradıcılıq növüdür. Mənim yazıçı kimi mövzularımla, xalq dilində desəm, “hərşeyşünas” kimi mövzularım yerlə-göy qədər fərqlidir. Məsələn, mən nəşrə hazırladığım yeni romanımda Orta əsr sufilərinin allah sevgisindən yazmışam, “tanrı aşiqliyi” məktəbinin tarixindən bəhs etmişəm, halbuki ictimai sifətimi hamı ateist kimi tanıyır. Bizdə intellektaullığın məktəbi, ənənələri yoxdur, olmayıb deyə bu “ikiüzlülüyüm” cəmiyyət tərəfindən düzgün başa düşülmür. Həm də biz hələ çoxhəqiqətli dünyaya inteqrasiya oluna bilməmişik. Bizdə ağ və qara var. Geyimin kimi düşüncələrin də ağ və qara olmaldır. Düşüncələrin də geyimin kimi rəngarəng oldusa, evin yıxıldı. Ən qorxulusu isə budur ki, cəmiyyətimizdə qara rəngə meyllənmə günbəgün şiddətlənir. Bunun qarşısını yalnız intellektual müdaxilə ilə almaq mümkündür. Mənim ictimai sifətim bu missiyaya xidmət edir. - Az qala din və ya fəlsəfə ilə bağlı hər paylaşımınız müzakirə mövzusuna çevrilir. Hətta bunu əvvəlcədən hesablanmış şəkildə etdiyinizi iddia edənlər də var. Bu fikirlərlə razısınızmı? - Sartr deyirdi ki, intellektual adam atomu parçalayan şəxs deyil, atomu parçalamağın faydası və zərərini cəmiyyətə izah edən şəxsdir. Mən dinin faydalı tərəfləriylə yanaşı, onun zərərli tərəflərini də yazıram. Cəmiyyətin kimlərinsə əlində alət olan, yaxud zır cahil qalan kəsimi yalnız dinin zərərli tərəflərindən yazarkən yuxudan oyanır. Məsələn, o gün müsahibə verib həm Orta əsrlərdə yaranan islam fəlsəfəsini tərifləmişəm, həm də şəriətin yəhudilərin Babildən gətirdikləri “Hammurapi qanunları” olduğunu demişəm. Və istinad etdiyim əsərlərin adını çəkmişəm. Əliyabalılar yalnız şəriət hissəsinə qulaq asıblar, islam fəlsəfəsindən danışdığım cümlələr, ümumiyyətlə, veclərinə də olmayıb. Niyə? Çünki söhbət fəlsəfədən, Fərabidən, İbn Rüştdən gedib. Quran ayəsini şəhr etmək isə elə də çətin məsələ deyil. -Dinə yanaşmanıza görə uzun illərdir inanclı insanların sərt tənqidlərinə məruz qalırsınız. Son paylaşımlarınızın birində Səfəvilərlə bağlı səsləndirdiyiniz fikirlərdən sonra tarixçilər də sizə etiraz edir. Azərbaycanda Səfəvilər mövzusu niyə elmi müzakirədən çox emosional qarşılanır? - Bayaq dediyim kimi, cəmiyyətin bir hissəsi hələ də səfəvilər dövründə ilişib qalıb. Hətta ondan sonrakı Əfşarlar dövrünə də keçməyiblər. Məsələn, mənə görə Azərbaycan dövləti və milləti üçün rol-model Şah İsmayıl Xətai yox, Nadir şahdır. Qədimliyə qayıdırıqsa, Nadir şaha qayıdaq. Çünki adam həm səfəviləri məhv olmaqdan qoruyub, həm də bu gün bizə hava-su kimi lazım olan milli kimliyi dini kimliyin önünə daşıyıb. Təəssüf ki, bizdə mübahisə həqiqəti üzə çıxarmaq uğrunda aparılmır, daha çox əks fikri susdurmağa yönəlib. Mənə və mənim kimi sürü düşüncəsini ifadə etməyən müəlliflərə dolayı yolla deyilən söz budur: ya bizim istədiyimizi yaz, ya da heç nə yazma! Mən də elan edirəm, əgər bir gün hörmətli və hörmətsiz oxucularım onların istədiklərini yazmağa başladığımı görsələr, əmin olsunlar ki, onlara olan hörmət hissimi yerli-dibli itirmişəm. - “Təbrizdə kirli olmayan bir qənd tapılmadığı” ifadəniz ən çox tənqid olunan məqamlardan biri oldu. Bir çoxları hesab edir ki, Səfəviləri tənqid etmək başqa məsələdir, amma bu ifadə dolayısı ilə təbrizliləri hədəf alır və etik deyil. Bu tənqidləri nə dərəcədə əsaslı hesab edirsiniz? - Cəfəngiyyatdır, dünya ədəbiyyatından xəbərsiz olmağın nəticəsidir. Bu gün dünya ədəbiyyatında bir əşya üzərindən bir mövzunu açmaq, izah və təsvir etmək adi haldır. Mən o “kirli qənd”lə Təbrizin modern dünyadan uzaq düşdüyünü, qədimliyin əsiri olduğunu və tarixin yeni fikirlərlə təmizlənmədikdə kirləndiyini və bu kirin hətta əşyalara da hopduğunu demək istəmişəm. Bu gün Bakıda ictimai ayaqyolu qıtlığı var. Tutalım, indi götürüb yazsam ki, ölkəmizə film çəkməyə gələn Çeki Can Bakıda ictiami ayaqyolu tapa bilmədiyi üçün şalvarını batırıb, bununla Bakı əhalisini aşağılamış olacağam? Xalq cahilləşdikcə müqəddəsliyin ərazisi böyüyür. Və müqəddəslik özü haqqında istənilən fərqli sözü təhqir kimi qələmə verir. Bir xalqın bu qədər müqəddəs avadanlığının olması çox qorxuludur. Hələ yaxşı ki, mən “kəllə qənd” yazmamışam, görün o “kəllə” sözünü haralara yozardılar. - İllər əvvəl Elşad Miri ilə debatda dediyiniz "Ərəbistanda universitet yoxdur" fikri demək olar ki, hər paylaşımınızın altında xatırladılır. Həmin fikrinizin mahiyyəti sizcə düzgün başa düşülmədi, yoxsa ifadə tərziniz mübahisəyə yol açdı? Niyə bu sözün ucundan tutub uzadırlar? -Bu gün də o fikirdəyəm, nəinki Ərəbistanda, ümumiyyətlə, islam ölkələrində universitet yoxdur, universitet binası var. Universitetin olması cəmiyyətin həyatında hiss olunmalıdır. Bu, hiss olunmur deyə Cəlal Şəngör də deyir ki, Türkiyədə universitet yoxdur. Halbuki Türkiyənin 80 əyalətinin hamısında universitet binası var. Mənim cəmiyyətlə danışdığım sözlər eyni ola bilər, danışdığım dil yüzdəyüz ayrıdır. - Son günlərdə təkcə Səfəvilərlə bağlı yanaşmanız yox, "Dostoyevski haqqında "primitivdir" fikriniz də böyük rezonans yaratdı. Bir çoxları hesab edir ki, belə bir yazıçı haqqında bu qədər qəti hökm vermək doğru deyil. Siz hansı meyarlara əsaslanaraq bu qənaətə gəlmisiniz? - Dostoyevski böyük yazıçıdır, iztirablı bir ömür yaşayıb. Amma onun mistisizmini, isapərəstliyini müasiri Belinski də bəyənməyib. Nabokov Dostoyevskini “melodramatik sentimentallıq”da qınayıb və s. Biz bütpərəst olduğumuz üçün qıcıqla qarşılayırıq bu cür subyektiv yanaşmaları. Ədəbiyyatın Dostoyevskidə və yaxud Füzulidə ilişib qalması, klassiklərdən gənclərin başına vurulan çəkic kimi istifadə olunması şüur ətalətinə səbəb olur. Klassiklər ədəbi kontuziya səbəbi olmamalıdır. Ona görə gələn həftə Füzulinin də primitiv olduğunu elan edəcəyəm. - Yəqin ki, görmüsünüz, Ulucay Akif yenə bir video ilə fikirlərinizi tənqid edib ki, Sabir Rüstəmxanlı haqqında uzun-uzadı tərif yazan Aqşin Yenisey Dostoyevskiyə "primitiv" deyir. Bu müqayisəyə cavabınız necədir? - Ədəbi iddiasından başqa heç nəyi olmayan gənc baş redaktora məsləhət görərdim ki, özündən əvvəlki baş redaktorların dövründə Kulis.az-da yayımlanmış Nabokovun Dostoyevski haqqında essesini tapıb oxusun. Sabir Rüstəmxanlı isə mənim dostumdur, yubleyini yazı ilə təbrik etdim. Dostoyevskini artıq oxuya bilmirəm deyə bütün yazıçı və şair dostlarımla küsülümü olmalıyam? -Təşəkkür edirəm, şair. Sizə yaradıcılığınızda və bütün işlərinizdə uğurlar arzulayıram. - Çox sağ olun. İşlərinizdə uğurlar. Geri qayıt |