Əsas Səhifə > Güney Press > Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur
Bakı milli maraqları Kremlin maraqlarından üstün tuturBu gün, 15:06 |
|
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri Bakı-Kiyev münasibətlərinin inkişafı, regional təhlükəsizlik və müharibə şəraitində ikitərəfli əməkdaşlığın perspektivləri baxımından diqqət çəkən diplomatik hadisədir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, eləcə də Ukraynanın müdafiə sənayesinin imkanları ilə tanışlıq iki ölkə arasında siyasi dialoqun genişləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi niyyətini nümayiş etdirir. Xüsusilə Ceyhun Bayramovun Ukraynada istehsal olunan pilotsuz uçuş aparatlarının sərgisinə baxışı müdafiə sənayesi və texnoloji əməkdaşlıq istiqamətində mümkün perspektivlərə marağın göstəricisi kimi qiymətləndirilir. Bayramov və ukraynalı həmkarı Andrey Sibiqa arasında keçirilən təkbətək görüşdə isə ikitərəfli münasibətlərin gündəliyində olan məsələlərin, regional proseslərin və beynəlxalq platformalarda əməkdaşlığın müzakirə ediləcəyi gözlənilir. Politoloq Elçin Xalidbəyli Sherg.az-a deyib ki, Azərbaycan və Ukrayna arasında münasibətlər kifayət qədər yüksək səviyyədədir və son vaxtlar bu münasibətlər daha da intensiv inkişaf etməyə başlayıb: “Məsələ də ondadır ki, rəsmi Bakı Ukrayna ilə münasibətlərin inkişafına həm ədalət prinsipləri, həm də beynəlxalq hüquq normaları çərçivəsindən yanaşır. Rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir və hesab edir ki, Ukrayna ərazilərinin başqa bir dövlət tərəfindən işğal altında saxlanılması yolverilməzdir. Digər tərəfdən, Azərbaycan Ukraynaya humanitar məzmunlu, humanitar xarakterli dəstək də verir. Təbii ki, belə bir şəraitdə Azərbaycan-Ukrayna münasibətlərinin yalnız inkişaf istiqamətində olması qətiyyən təəccüblü deyil”. Analitik əlavə edib ki, Azərbaycanın Ukrayna ilə yüksək səviyyəli münasibətləri hər hansı üçüncü dövlətə qarşı yönəlməyib: “Azərbaycan Ukrayna müharibəsinə müdaxilə etmir və bu müharibənin tərəfləri arasında hər hansı bir seçim də etmir. Yəni Azərbaycan Ukrayna müharibəsində tərəf deyil və tərəf mövqeyindən də çıxış etmir. Rəsmi Bakı beynəlxalq hüquq normaları çərçivəsindən çıxış edir və hesab edir ki, müasir dünyada heç bir dövlətin ərazisi işğal edilməməli, sərhədləri pozulmamalıdır. Beynəlxalq hüquqla müəyyən olunmuş sərhədlər toxunulmaz qalmalıdır. Bu baxımdan Ukrayna hazırda bu müharibədə haqlı tərəf rolundadır. Təbii ki, bütün bunlar Azərbaycan və Ukrayna arasında münasibətlərə yeni istiqamətlərin əlavə olunması üçün də imkanlar açır. Məsələn, Ukrayna son illərdə özünün hərbi-sənaye kompleksini kifayət qədər inkişaf etdirməyə nail olub. Rusiya ilə müharibə şəraitində olmasına baxmayaraq, bəzi mühüm müasir silahların istehsalı artıq məhz Ukraynanın özü tərəfindən həyata keçirilir. Bu da Ukraynanın Qərbin dəstəyindən tam asılılığını nisbətən azaldır. Ukraynanın istehsal etdiyi silahlar artıq döyüş meydanında sınaqdan çıxıb və təbii ki, digər dövlətlər kimi Azərbaycan da həmin silahlara maraq göstərə bilər. Bu baxımdan Azərbaycanın xarici işlər nazirinin ukraynalı həmkarı ilə müzakirələrində bu mövzunun da gündəmdə olacağı qətiyyən istisna deyil”. E. Xalidbəyli vurğulayıb ki, Rusiyanın bu səfərə münasibətinin pozitiv olacağını düşünmək sadəlövhlük olardı: “Çünki Kremldə çox qəribə bir yanaşma var ki, keçmiş postsovet ölkələri hər hansı bir dövlətlə münasibətlər qurursa və yaxud hətta öz aralarında əməkdaşlığı inkişaf etdirirlərsə, bu, guya Kreml ilə razılaşdırılmalı və Rusiyanın maraqları nəzərə alınmalıdır. Azərbaycan isə öz maraqları çərçivəsində Ukrayna ilə münasibətlərini inkişaf etdirmək hüququna malikdir və bunun üçün Rusiyanın necə reaksiya verəcəyinə əhəmiyyət verməyə ehtiyac yoxdur. Bu səfərin indiki mühüm mərhələyə təsadüf etməsi də onu göstərir ki, Azərbaycan dövləti Rusiyanın maraqlarını deyil, Azərbaycanın milli maraqlarını hər şeydən üstün tutur”. Geri qayıt |