Əsas Səhifə > Güney Press > Tokayevlə Paşinyanı yaxınlaşdıran səbəblər

Tokayevlə Paşinyanı yaxınlaşdıran səbəblər


Bu gün, 11:57

Ermənistanın baş naziri Nikol Paşinyan yenidən baş nazir seçildikdən sonra ona yalnız Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin zəng edib təbrikləri çatdırması diqqət çəkdi. Tərəflərin münasibətlərində son dövrdə nəqliyyat və regional kommunikasiyalar xüsusi yer tutur. Bu baxımdan Tokayev-Paşinyan təmaslarının arxasında Zəngəzur istiqaməti və Mərkəzi Dəhliz amilinin dayandığı ehtimal olunur.

Ermənistan ərazisindən keçəcək nəqliyyat bağlantısının açılması Qazaxıstanın Avropaya çıxış imkanlarını genişləndirə, Astananın Mərkəzi Dəhlizdəki rolunu gücləndirə bilər. Lakin məsələni yalnız Zəngəzurla məhdudlaşdırmaq doğru olmaz. Qazaxıstan son illərdə Azərbaycanla strateji tərəfdaşlığını gücləndirməklə yanaşı, Cənubi Qafqazda digər ölkələrlə də əlaqələrini genişləndirir. Astananın əsas məqsədlərindən biri regionlararası nəqliyyat və iqtisadi əlaqələrdə öz mövqeyini möhkəmləndirməkdir.

Paşinyan üçün isə Qazaxıstanla yaxın münasibətlər Ermənistanın xarici siyasətində yeni balans axtarışları baxımından əhəmiyyətlidir. İrəvan son illərdə Rusiya ilə münasibətlərini yenidən nəzərdən keçirir və Qərblə yanaşı, Mərkəzi Asiya ölkələri ilə də əlaqələri genişləndirməyə çalışır.

Bu baxımdan Tokayev-Paşinyan yaxınlaşmasının əsas səbəbi təkcə Zəngəzur deyil. Nəqliyyat marşrutları, Mərkəzi Dəhliz, iqtisadi maraqlar və regionda dəyişən geosiyasi balans iki ölkəni bir-birinə yaxınlaşdıran əsas amillər kimi görünür.

Maraqlıdır ki, Qazaxıstanın Azərbaycanla münasibətləri də kifayət qədər yüksək səviyyədədir. Buna görə Tokayevin Ermənistanla yaxınlaşmasını Bakıya alternativ xətt kimi deyil, daha çox yeni regional imkanlardan yararlanmaq cəhdi kimi qiymətləndirmək olar. Əgər Azərbaycan-Ermənistan arasında kommunikasiyaların açılması baş tutarsa, bundan Qazaxıstan da iqtisadi və logistika baxımından faydalana bilər.
Tokayevlə Paşinyanı yaxınlaşdıran əsas amillər nədir?

Professor Qabil Hüseynli Musavat.com-a açıqlamasında Qazaxıstanın Ermənistanla yaxınlaşmasını həm də Çinin maraqlarına uyğun olduğunu bildirir. Onun sözlərinə görə, Orta Dəhliz Çindən Avropaya gedən beynəlxalq logistikadır və bu layihənin reallaşmasında Pekinin maraqları var. Qazaxıstana Çinin ciddi təsirinin olduğunu deyən professor hesab edir ki, Ermənistanla yaxınlaşma həm də bu tövsiyənin nəticəsidir.

"Paralel olaraq da Qazaxıstan Cənubi Qafqazda mövqe tutmağa çalışır. Onu da nəzərə alaq ki, hər iki ölkə KTMT üzvüdür, Avrasiya İqtisadi Birliyində təmsil olunurlar. Yəni əlaqələr həmişə olub. Lakin son dövrlərdə ikitərəfli münasibətlərdə irəliləyiş müşahidə olunur. Tokayev kifayət qədər praqmatik siyasətçidir və məncə, Azərbaycanı burada narahat edən hal yoxdur. Üstəlik, Qazaxıstan taxılı Azərbaycandan tranzit keçməklə Ermənistana daşınır", - deyə müsahibimiz belə şərh edib.

Qabil Hüseynli Qazaxıstanı Mərkəzi Asiyada dominant ölkə sayır:
"Eyni zamanda, Qazaxıstan da Ermənistan kimi Rusiyanın təsirlərinin azalması üçün addımlar atan ölkələrdən biridir. Zəngəzur dəhlizi, yükdaşımaları Rusiyadan uzaqlaşma siyasətində yeni imkanlardan biri olacaq. Artıq regionda yeni dövr başlayır və dünənə qədər Rusiyanın "arxa bağçası" saydığı bu məkanda indi güc balansı dəyişir, iqtisadi proseslər təzə mərkəzi fiqurların ortaya çıxmasına səbəb olur".

Xatırladaq ki, Paşinyan Tokayevlə telefon danışığı zamanı onu İrəvana səfərə dəvət edib.


Geri qayıt