Əsas Səhifə > Güney Press > Çingiz Qənizadə Fransada QALİB GƏLDİ

Çingiz Qənizadə Fransada QALİB GƏLDİ


Bu gün, 11:02

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə mətbuata açıqlama ilə çıxış edib.

"DİA-AZ" Demokrat.az-a istinadən xəbər verir ki, o, çıxışında qeyd edib ki, əvvəllər də Azərbaycan ictimaiyyətinə məlum olduğu kimi, 2025-ci ilin oktyabrın 21-də Paris Cinayət Məhkəməsi tərəfindən Qənimət Səlim oğlu Zahidov barəsində hökm çıxarılıb və həmin hökmə əsasən o, Fransa qanunları ilə cinayət törətmiş şəxs hesab olunub və bu ölkədə cinayət törətmiş şəxslər kateqoriyasına daxil edilib.

Məhkəmə yekun qərarında bildirib ki, həmin şəxs barəsində məhkumluğun yaranması onun hansısa cəzaya məhkum edilməsindən daha vacibdir.

"Azərbaycan tarixində ilk dəfədir ki, xaricə sığınmış, Azərbaycan dövlətinə, Azərbaycan dövlət rəsmilərinə, Azərbaycanın ayrı-ayrı ictimai-siyasi xadimlərinə qarşı şər-böhtan atan, qara yaxan, həqiqətə uyğun olmayan fikir ifadə edən bəzi blogerlərdən biri olan Qənimət Zahid haqqında sığındığı ölkədə belə bir qərarın əldə olunmasına nail olunub".

Çingiz Qənizadə bildirib ki, 2019-cu ildə başlatmış olduğu ədalət mühakiməsi prosesini 2025-ci ilin oktyabrın 21-də uğurla sona çatdırmağa nail olub. O, prosesin uzun müddət çəkməsini pandemiya dövrü ilə əlaqələndirib.

"Sonda qeyd etmək istəyirəm ki, həmin hökmlə bağlı Qənimət Zahidov həm Fransa qanunları ilə cəzalanaraq orada cərimə ödəməli olub, həm də mənə dəymiş maddi və mənəvi zərərlərə görə o kompensasiya ödəmək öhdəliyi onun boynuna qoyulub.

Düzdür, uzun müddətdir o bundan yayınmağa çalışırdı. Fransadakı vəkillərimin səyi, bacarığı və qanuna hörmət edən şəxslər kimi onların vəkillərinin də təzyiqi nəticəsində Qənimət Zahid Fransa məhkəməsinin çıxardığı zərərin ödənilməsi ilə bağlı kompensasiyaları iki gün öncə tam ödəyib.

Bu bir qələbədir və mənim niyyətim, məqsədim bu cür insanları sığındıqları ölkələrdə cəzalandırmaq idi və buna da nail oldum" - Çingiz Qənizadə fikrini yekunlaşdırıb.


Geri qayıt