Əsas Səhifə > Güney Press > ABŞ–İsrail–İran münaqişəsi neft nəhənglərinə milyardlar qazandırdı

ABŞ–İsrail–İran münaqişəsi neft nəhənglərinə milyardlar qazandırdı


Bu gün, 10:56

Dünyanın səkkiz ən böyük neft şirkəti cəmi üç ay ərzində ümumilikdə 93 milyard dollara yaxın mənfəət əldə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Guardian” qəzetinin təhlilində bildirilib.
Məlumata görə, söhbət iyun ayının sonunadək olan maliyyə rübündən gedir. Təhlildə qeyd olunur ki, bu dövr ABŞ-İsrail-İran münaqişəsinin fonunda neft qiymətlərinin kəskin artdığı və iqlim böhranı səbəbindən enerji tələbatının yüksəldiyi vaxta təsadüf edib.
Bildirilib ki, ötən ilin eyni dövründə sözügedən şirkətlərin ümumi mənfəəti 50 milyard dollardan az olub. Beləliklə, qazıntı yanacaqlarının tədarükündə yaranan tarixi fasilə fonunda şirkətlər gəlirlərini demək olar ki, iki dəfə artırıblar.
Hesabata əsasən, “Aramco”, BP, “Shell”, “Equinor”, “TotalEnergies”, “Eni”, “Chevron” və “ExxonMobil” yaz rübündə orta hesabla dəqiqədə 700 min dollardan çox mənfəət əldə ediblər. Eyni zamanda, bu şirkətlərin ümumi bazar kapitallaşması 600 milyard dollar artaraq 3 trilyon dolları ötüb.
Ən yüksək mənfəəti Səudiyyə Ərəbistanının dövlətə məxsus “Aramco” şirkəti qeydə alıb. Şirkətin xalis gəliri əvvəlki dövrlə müqayisədə 34 faiz artaraq 33 milyard dollardan çox olub.
BP isə aprel-iyun aylarında 5,73 milyard dollar mənfəət əldə etdiyini açıqlayıb. Bu göstərici əvvəlki rübdə qeydə alınan 2,5 milyard dollarla müqayisədə iki dəfədən çox artım deməkdir.
“Shell” tarixində ikinci ən yüksək rüblük mənfəəti – 9,84 milyard dollar qazandığını bildirib. “Equinor” şirkətinin mənfəəti isə bir il əvvəlki 1,8 milyard dollardan 3,2 milyard dollara yüksəlib.
ABŞ-nin enerji nəhəngləri də ciddi gəlir artımı qeydə alıblar. “Chevron”un ikinci rübdə xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə beş dəfə artaraq 12,2 milyard dollara çatıb. “ExxonMobil” isə mənfəətini iki dəfə artıraraq 14,5 milyard dollar əldə edib.


Geri qayıt