Əsas Səhifə > Güney Press > Azərbaycana Paşinyan yox, sülh lazımdır

Azərbaycana Paşinyan yox, sülh lazımdır


Bu gün, 17:06

Rusiya mediası Moskva ilə Ermənistan arasında münasibətlərin pisləşməkdə davam edəcəyini yazıb.

Hətta qeyd edilir ki, proseslər Gümrüdə Rusiya hərbi bazasının mövcudluğu məsələsinin gündəmə gətiriləcəyi nöqtəyə doğru gedir. Rusiya daxili pasportu ilə Ermənistana girmək çox güman ki, tezliklə mümkün olmayacaq.

“Əslində, bu iki amil İrəvanın heç bir referendum keçirmədən Avropa İttifaqı (Aİ) və Moskva arasında seçim etməsinin sübutu olacaq. Aİ qanunları Şengen ölkələri olmayan dövlətlərlə universal sərhəd nəzarəti təmin edir.

Sadə dillə desək, viza rejimi. Aİ üzvlüyünə müraciət edən bir ölkənin ərazisində, Avropa üçün praktik olaraq əsas təhlükə kimi tanınan bir dövlətin qoşunlarının olması xüsusilə, münasib deyil. Beləliklə, bu qarşıdurma çox uzağa gedə bilər”, - deyə “Kommersant” qəzeti yazır.

Qeyd edilən təhlil Rusiya-Ermənistan münasibətlərində parlament seçkilərindən əvvəl artan temp üzrə gedən gərginliyin yaxın vaxtlarda azalmayacağını göstərir.

Ermənistanın Baş naziri Nikol Paşinyan seçkilərdən sonra Rusiya ilə münasibətləri nizamlaya biləcəyinə ümid edirdi. Lakin Ermənistanda Avropa İttifaqına üzvlük tərəfdarlarının qələbə qazanması Rusiya ilə ziddiyyətlərin daha da dərinləşməsinə səbəb oldu.

Ona görə də seçkidən öncə iqtisadi müstəvidə müşahidə olunan fikir ayrılığı son vaxtlar Rusiya-Qərb münasibətləri kontekstində geosiyasi qarşıdurma formasına keçib.

Rəsmi Moskva Ermənistanın Avropa İttifaqına üzvlük kursunun Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Müstəqil Dövlətlər Birliyi kimi qurumlardan çıxmasına gətirib çıxaracağından narahatdır.

Bu da Rusiyanın Cənubi Qafqazdakı maraqlarına zərbə vurmaqla yanaşı, siyasi lokomotivi olduğu qurumların dağılmasına təkan verə bilər.

Eyni zamanda, Rusiya “Tramp marşrutu”nun, yəni Zəngəzur dəhlizinin reallaşmasını Avrasiya İqtisadi İttifaqı məkanının bölünməsi hesab edir.

Ona görə də Moskva Ermənistanı Avropa İttifaqına üzv olması prosesinin başladılması haqqında 2025-ci ilin mart ayında qəbul etdiyi qanuna hüquqi cəhətdən xitam verməyi, Avrasiya İqtisadi İttifaqında fəaliyyəti konstitusiyada təsbit etməyi tələb edir.

Həmçinin, Rusiya Gömrük İttifaqının qanunlarına əməl etmək adı altında Nikol Paşinyan hakimiyyətinin qarşısında TRIPP layihəsinin inşasını dayandırmaq şərtini irəli sürür.

Ona görə də Rusiya Ermənistan hakimiyyətinə qarşı həm xarici, həm də daxili təzyiqləri işə salır. Əgər Ermənistan məhsullarının Rusiyaya ixracının qarşısının alınması xarici amil kimi çıxış edirsə, Kremlin revanşist müxalifətə dəstəyi daxili faktor kimi çıxış edir.

2026-cı ilin noyabr ayında Ermənistanın KTMT-nin strukturlarında səsvermə hüququndan məhrum ediləcəyinə dair Rusiya tərəfinin açıqlaması da bu qəbildəndir.

Nikol Paşinyanın gedişləri Rusiyanın seçkilərdə məğlub olmuş Ermənistan müxalifətinə dəstəyini dayandıracağına və real vəziyyəti nəzərə alaraq hakimiyyətlə əməkdaşlığı davam etdirəcəyinə hesablanmışdı.

Buna baxmayaraq, Rusiya Prezidenti Vladimir Putinin indiyə qədər Paşinyanı qələbə münasibətilə təbrik etməməsi rəsmi Moskvanın seçkilərin nəticələrini tanımamaq istəyindən xəbər verir.

Yəni Putin Ermənistanın Avropa İttifaqını seçəcəyi təqdirdə, Paşinyanı hakimiyyətdən salmaq üçün hərəkətə keçəcəyi ilə təhdid edir. Bu, eyni zamanda Azərbaycanla Ermənistan arasında formalaşmış sülh prosesini pozmaq cəhdi deməkdir.

Eks-prezident Robert Köçəryanın “Ermənistan” blokunun deputatı İşxan Saqatelyanın Paşinyan hakimiyyətinin Konstitusiyanı dəyişməyə və sərhədlərin delimitasiyası çərçivəsində ərazi güzəştlərinə hazırlaşması barədə açıqlaması sülh müqaviləsini əngəlləmək istəyən qüvvələrin revanşist müxalifətdən istifadə etmək niyyətindən xəbər verir.

Yaxud, “Güclü Ermənistan” partiyasının sədri Samvel Karapetyanın qardaşı oğlu və deputat Narek Karapetyan Azərbaycanın Ermənistan Konstitusiyasına dəyişiklik tələbinin əleyhinə çıxıb.

Göründüyü kimi, payız aylarına proqnozlaşdırılan Konstitusiya referendumu və sülh müqaviləsi Rusiyanın dəstəklədiyi müxalifətin müqaviməti ilə rastlaşacaq.

Müxalifətin sosial bazası zəif olsa da, daxili təzyiqlər fonunda Paşinyanın siyasi ritorikanı dəyişməsinə və hakimiyyəti saxlamaq üçün sərt kursa üstünlük verməsinə səbəb ola bilər.

Lakin Azərbaycana Paşinyanın hakimiyyətdə olması deyil, sülhün baş tutması üçün real addımlar atması lazımdır. Əks təqdirdə, Paşinyanın növbəti müddətə baş nazir olması sülh prosesinə fayda verməyəcək.

Müşfiq Abdulla
“Cebheinfo.az”


Geri qayıt