Əsas Səhifə > Güney Press > Ermənistanda 8 hərbçi ÖLDÜ

Ermənistanda 8 hərbçi ÖLDÜ


Bu gün, 12:53

Ermənistanın müdafiə naziri Suren Papikyan yenidən bu vəzifəyə təyin olunsa da, baş nazir Nikol Paşinyan onun fəaliyyətindən narazıdır.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti hakimiyyət dairələrindəki mənbələrə istinadən məlumat yayıb.

Nəşrin iddiasına görə, narazılığın əsas səbəbi Müdafiə Nazirliyində yaranmış vəziyyətdir. Xüsusilə, qeyri-döyüş şəraitində hərbi qulluqçuların ölüm hallarının artması və bunun fonunda hökumətə yönələn ictimai tənqidlər Paşinyanın narahatlığına səbəb olub.

"Hraparak"ın yazdığına görə, Paşinyan Papikyanla sərt söhbət apararaq bildirib ki, döyüş əməliyyatlarının getmədiyi bir dövrdə nazirlik şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinə, eləcə də daxili intizam məsələlərinə daha ciddi nəzarət etməlidir.

Baş nazir döyüş mövqelərindəki vəziyyəti də qeyri-qənaətbəxş hesab edir.

Məlumata görə, 2026-cı ilin əvvəlindən indiyədək Ermənistanda rəsmi olaraq 8 hərbçinin ölümü qeydə alınıb.

Qəzet iddia edir ki, hakim komandada Milli Məclisin keçmiş sədri Alen Simonyanın irəli sürdüyü ssenari əsasında Suren Papikyanın istefaya göndərilməsi məsələsi də müzakirə olunub. Lakin hazırda onu əvəz edə biləcək uyğun namizədin olmaması səbəbindən yekun qərar qəbul edilməyib.


Geri qayıt