Əsas Səhifə > Güney Press > 80 min manata bağ evi satacağı vədi ilə 21 mindən çox pul aldı

80 min manata bağ evi satacağı vədi ilə 21 mindən çox pul aldı


Bu gün, 10:32

Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluğa cəhddə təqsirləndirilən Samir Ələkbərzadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə zərərçəkmiş S.S.-ə (adı, soyadı şərtidir) özünə məxsus olmadığını bildiyi bağ evini satacağı barədə yalan vədlər verib.

Cinayət işi materiallarında göstərilir ki, Samir Ələkbərzadə Sumqayıt şəhəri ərazisində yerləşən 0,025 hektar torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 76,6 kvadratmetr olan bağ evinin guya öz mülkiyyətində olduğunu S.S.-ə bildirib. O, həmin evi 80 000 manata satacağını, bunun üçün isə əvvəlcə 20 000 manat ilkin ödəniş, qalan məbləğin isə aylıq hissələrlə ödənilməsini təklif edib.

Zərərçəkmiş şəxsin etibarını qazanan təqsirləndirilən şəxs satışın həyata keçiriləcəyinə inandıraraq müxtəlif vaxtlarda həm nağd şəkildə, həm də bank köçürmələri vasitəsilə pul almağa başlayıb.

İstintaqla müəyyən olunub ki, Samir Ələkbərzadə 2023-cü ilin avqust ayından 2024-cü ilin aprel ayınadək müxtəlif tarixlərdə zərərçəkmişdən ümumilikdə 21 860 manat alıb. Təqsirləndirilən şəxs aldığı pullar müqabilində bağ evini satmaq barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmayıb. O, zərərçəkmişi aldadaraq külli miqdarda pul əldə etməyə çalışsa da, iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini tam başa çatdıra bilməyib.

İstintaq orqanı onun hərəkətlərini etibardan sui-istifadə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməyə yönəlmiş dələduzluğa cəhd kimi qiymətləndirib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Ələkbərzadə 4 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.


Geri qayıt