Əsas Səhifə > Güney Press > Rəşad Məciddən TikTok xəbərdarlığı:

Rəşad Məciddən TikTok xəbərdarlığı:


Bu gün, 10:30

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid sosial şəbəkələrdə, xüsusilə də TikTok platformasında yayılan məzmunun insanların mütaliə vərdişinə və düşüncə tərzinə mənfi təsir göstərdiyini bildirib.

Gununsesi.info xəbər verir ki, o, 85 yaşlı anasının əvvəllər hər ay üç kitab oxuduğunu, telefonuna TikTok tətbiqi yükləndikdən sonra isə bu göstəricinin üç aya bir kitaba düşdüyünü qeyd edib.

Məcid bildirib ki, TikTok-da yayımlanan videolarda yer alan məlumatların əksəriyyəti primitiv, səthi və etibarsız xarakter daşıyır.

Onun sözlərinə görə, bu cür məzmunlar insanları düşündürmür, yadda qalmır və kitab oxumaq vərdişini zəiflədir.

Rəşad Məcid Türkiyəli jurnalist Yılmaz Özdilin sosial mediada saatlarla vaxt keçirməyi “beyin çürüməsi” adlandırdığını xatırladaraq, qısa videoların diqqəti cəmi bir neçə saniyəlik cəlb etmək məqsədi daşıdığını vurğulayıb.

Mətbuat Şurasının sədri hesab edir ki, kitabın, qəzetin və mütaliənin ani həzz yaradan videolar qarşısında geri çəkilməsi ciddi narahatlıq doğurur.

O, cəmiyyətin bu tendensiya ilə barışmamalı olduğunu bildirərək, sosial media alqoritmlərinin təsirinə qarşı çıxmağın və mütaliə mədəniyyətini qorumağın yollarının axtarılmasının vacibliyini qeyd edib.


Geri qayıt