Əsas Səhifə > Güney Press > "Paşinyan sülh kursunu Rubinyan vasitəsilə davam etdirəcək"

"Paşinyan sülh kursunu Rubinyan vasitəsilə davam etdirəcək"


Bu gün, 17:49

Ermənistanda yeni hökumətin formalaşdırılması prosesi başa çatmaq üzrədir. Avqustun 2-də Ermənistan Prezidenti Vaaqn Xaçaturyan "Mülki Müqavilə" partiyasının lideri Nikol Paşinyanı ölkənin Baş naziri təyin edib. Lakin Ermənistanda ajiotaja səbəb olan əsas məqam parlament spikeri Alen Simonyanın vəzifəsindən azad edilməsi olub.

Parlament seçkiləri ərəfəsində xalqın səsini toplamaq üçün yollarda Paşinyanla çörəyini paylaşan və onunla birgə rəqib komandalarla mübarizə aparan Simonyanın, birdən-birə vəzifəsindən kənarlaşdırılması ciddi şübhələr doğurub. Hakim partiyanın qərarı ilə parlament sədri postu deputat Ruben Rubinyana verilib. Ermənistanın yekun sülh müqaviləsinə doğru addımladığını nəzərə alsaq, bu posta seçilən şəxsin Azərbaycanla münasibətlərə baxışı prosesin gələcək taleyində vacib rol oynayır.

Bəs Ruben Rubinyanın Azərbaycanla sülh prosesinə baxışı hansı müstəvidə formalaşıb?

Mövzu ilə bağlı ermənişünas alim Qafar Çaxmaqlı Sherg.az-a bildirib ki, R.Ruben Azərbaycanla sülh prosesinə kölgə salmayacaq:

“R. Rubinyan 5 ay Hrant Dink Fondu tərəfindən həyata keçirilən "Türkiyə-Ermənistan Təqüd Proqramı" çərçivəsində Türkiyədə yaşayıb. Orada müəyyən araşdırmalar aparıb. Yəni, onun Azərbaycana münasibəti də sülh prosesinin uğurla nəticələnməsini istəyənlərin mövqeyi ilə üst-üstə düşür. Bununla yanaşı, o, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə İrəvanın xüsusi nümayəndəsidir. Türkiyə tərəfindən isə bu missiyanı diplomat Sərdar Kılıç həyata keçirirdi. Onların birbaşa təmasları olub. Rubinyan Paşinyan hakimiyyətinin sülhə nailolma siyasətini yürüdən ana fiqurlardan biridir. Parlamentin sədri seçilməsi də təsadüfi deyil. Azərbaycanla münasibətlərdə də Ermənistan hökumətinin mövcud siyasətini onun davam etdirəcəyinə inanılır”.

Alim, sabiq spiker Alen Simonyanın ani qərarla vəzifədən kənarlaşdırılmasının səbəblərinə toxunub:

“A.Simonyanın parlament sədri vəzifəsindən azad olunması Azərbaycan üçün sevindirici hal olmalıdır. Doğrudur, parlament seçkiləri ərəfəsində Paşinyanla səmimi ünsiyyəti və birgə görüntüləri onun baş nazirlə eyni xətdə dayandığı fikrini artırmışdı. Lakin Simonyan özünü sülpərvər göstərib, Paşinyana qarşı olan separatçı qüvvələrlə pərdəarxası danışıqlar aparırdı. Məhz buna görə, onu vəzifədən kənarlaşdırdılar. İkinci tərəfdən də, Simonyan sözdə bir, əməldə isə tamamilə başqa cür davranan şəxsiyyət idi. Rusiyaya və Amerikaya münasibətdə müəyyən qüsurlarını görürdülər. O, Paşinyanın yanında sadəcə rola girirdi. Amma onu tamamilə çıxdaş etməyiblər. Böyük ehtimalla, gələcəkdə yenidən siyasətə qayıdacaq. Bir sözlə, R.Rubinyan və A.Simonyanın sülh prosesinə baxışında müqayisə edilməyəcək dərəcədə böyük fərqlər var”.


Geri qayıt