Əsas Səhifə > Güney Press > Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayırBu gün, 15:53 |
|
Prezident İlham Əliyevin iyulun 31-də Qırğızıstana dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar iki dost və qardaş ölkə arasında əməkdaşlığın artıq strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəldiyini bir daha nümayiş etdirdi. Dövlət başçıları arasında keçirilən görüşdən sonra mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev vurğuladı ki, müttəfiqlik münasibətləri böyük məsuliyyət tələb edir və Azərbaycan bu məsuliyyəti bölüşməyə tam hazırdır. Prezident qeyd etdi ki, bundan sonra da iki ölkə beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyi davam etdirəcək, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində birgə fəaliyyət göstərəcək. Prezident İlham Əliyevin sözlərinə görə, səfər zamanı imzalanan sənədlər paketi əməkdaşlığın geniş istiqamətlərini əhatə edir və əldə olunan razılaşmalar Azərbaycan ilə Qırğızıstan arasında əlaqələrin daha da dərinləşməsinə yeni imkanlar yaradacaq. Səfərin iqtisadi nəticələri də xüsusi diqqət çəkir. Tərəflər Azərbaycan - Qırğız İnvestisiya Fondunun nizamnamə kapitalının iki dəfə artırılaraq 200 milyon dollara çatdırılması barədə razılığa gəliblər. Bu qərar Fond vasitəsilə həyata keçirilən layihələrin miqyasını genişləndirəcək, yeni istehsal müəssisələrinin yaradılmasına, məşğulluğun artırılmasına və qarşılıqlı investisiyaların həcminin yüksəlməsinə əlavə stimul verəcək. Səfər çərçivəsində İssık-Kul gölünün sahilində inşa olunan beşulduzlu "Baku Resort & Spa" hotelinin açılışı da baş tutdu. Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə tikilən və "Bakı" adını daşıyan bu layihə iki ölkə arasında iqtisadi əməkdaşlığın uğurlu nümunələrindən biri olmaqla yanaşı, turizm sahəsində tərəfdaşlığın da yeni mərhələyə qədəm qoyduğunu göstərir. Prezident İlham Əliyev çıxışında humanitar əməkdaşlığın münasibətlərin ayrılmaz hissəsi olduğunu vurğuladı. Dövlət başçısı Qırğızıstanın Qarabağın bərpasına verdiyi dəstəyi yüksək qiymətləndirərək Ağdam rayonunda inşa edilən və "Manas" adını daşıyan məktəbi qardaşlıq münasibətlərinin parlaq rəmzlərindən biri adlandırdı. Onun sözlərinə görə, bu layihə Qırğız xalqının işğaldan azad olunmuş ərazilərin bərpasına verdiyi mühüm töhfəni əks etdirir. Prezident İlham Əliyev xalqlarımızı ortaq tarix, mədəniyyət və mənəvi dəyərlərin birləşdirdiyini diqqətə çatdıraraq Bakıda Çingiz Aytmatovun abidəsinin və adını daşıyan parkın yaradılmasını, Bişkekdə isə Qırğızıstan-Azərbaycan Dostluq Parkının salınmasını dostluğun və qarşılıqlı hörmətin rəmzi kimi qiymətləndirdi. Həmçinin qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi və humanitar əlaqələrin genişlənməsi iki ölkə xalqlarını daha da yaxınlaşdıran mühüm amillərdən biri kimi dəyərləndirildi. Dövlət başçısı çıxışında Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığının genişləndiyini də vurğulayaraq, ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv kimi qəbul olunmasına görə Qırğızıstan Prezidenti Sadır Japarova və digər Mərkəzi Asiya liderlərinə təşəkkürünü ifadə etdi. Səfər çərçivəsində iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinin daha bir göstəricisi kimi qarşılıqlı ali dövlət təltifləri təqdim olundu. Prezident İlham Əliyev Qırğız Respublikasının ən ali mükafatlarından olan I dərəcəli "Manas" ordeni ilə təltif edildi. Eyni zamanda Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın ali dövlət mükafatı – "Heydər Əliyev" ordeninə layiq görüldü. Bu addım Azərbaycan–Qırğızıstan dostluğunun və strateji tərəfdaşlığının yüksək səviyyəsinin rəmzi kimi qiymətləndirilir. Səfərin mühüm siyasi nəticələrindən biri də Çolpon-Ata Bəyannaməsinin qəbul edilməsi oldu. Bəyannamə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyərək siyasi dialoq, iqtisadi inteqrasiya, enerji, nəqliyyat, logistika və humanitar əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni perspektivlər açır. İmzalanan sənədlər, qəbul edilən qərarlar, qarşılıqlı etimad və ortaq strateji baxış iki qardaş ölkənin gələcək əməkdaşlığının daha da möhkəmlənəcəyinə və Türk dünyasında birliyin güclənməsinə mühüm töhfə verəcəyinə əminlik yaradır. Vüqar Bəşirov "DİA-AZ" Geri qayıt |