Əsas Səhifə > Güney Press > 6 yaşında adı dəyişdirildi, bu xəbərə görə əsgərlikdən qaçdı

6 yaşında adı dəyişdirildi, bu xəbərə görə əsgərlikdən qaçdı


Bu gün, 10:50

Xəbər verdiyimiz kimi, müasir poeziyamızın görkəmli nümayəndəsi Nəriman Həsənzadə bu gün vəfat edib.

Lent.az “Bioqrafiya” rubrikasında onunla bağlı məlumatları təqdim edir.

-Nəriman Həsənzadə kimdir?

Nəriman Həsənzadə Azərbaycan Respublikasının Xalq şairi, dramaturq, ictimai xadimdir.

-O, nə zaman və harada dünyaya gəlib?

Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olub.

-Adı kimin şərəfinə Nəriman qoyulub?

6 yaşına qədər adı Vaqif olub. Atası Nəriman Nərimanovla görüşmüşdü. O, rəhmətə gedəndən sonra atasının dostları adını Nəriman qoyublar.

-Valideynlərini nə zaman itirib?

O, 1932-ci ildə 1 yaşında atasını, 1954-cü ildə 23 yaşında isə anasını itirib. Anasının ölüm xəbərini hərbi xidmətdə olduğu zaman alıb. Avtomatla bərabər əsgərlikdən qaçıb. Daha sonra bağışlanılıb.

-Hansı illərdə hərbi xidmətdə olub?

1954-56-cı illərdə ordu sıralarında xidmətdə olub.

-Təhsil həyatı necə keçib?

İbtidai və orta təhsilini öz doğma rayonunda alıb. 1949-53-cü illərdə indiki Gəncə Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. 1961-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirərək ikinci ali təhsil alıb, Moskvada ikiillik Ali Ədəbiyyat Kurslarında da oxuyub. 1962-65-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının aspirantı olub, “Azərbaycan – Ukrayna ədəbi əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək (1965) elmlər namizədi alimlik dərəcəsi alıb.

-Neçənci ildən mətbuatda çıxış etməyə başlayıb?

O, mətbuatda 1953-cü ildən çıxış edib.

-Nəriman Həsənzadə hansı vəzifələrdə çalışıb?

1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar “Uşaq və Gənclər ədəbiyyatı nəşriyyatı”nda redaktor, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında şöbə müdiri, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru (1976-1990-cı illər) vəzifələrində işləyib. SSRİ Yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktoru olub. 1991-2001-ci illərdə mətbuat və informasiya nazirinin birinci müavini vəzifəsində çalışıb, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə mətbuat və informasiya nazirini əvəz edib.

-Nəriman Həsənzadəyə nə zaman Xalq şairi adı verilib?

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə N. Həsənzadəyə 2005-ci ildə Xalq şairi fəxri adı verilib.

-Əsərləri hansı dillərə tərcümə edilib?

Onun əsərləri keçmiş SSRİ və bir çox xarici ölkə xalqlarının (ingilis, fransız, alman, fars, italyan, çex, hind, ərəb, xorvat və s.) dillərinə tərcümə edilib.

-Rus və gürcü dillərinə tərcümə edilən əsərləri hansılardır?

“Nabat xalanın çörəyi” povesti 1987-ci ildə Moskvada “Molodaya qvardiya” nəşriyyatında rus dilində, 1998-ci ildə Tbilisidə gürcü dilində nəşr olunub. “Nəriman” (“Azərnəşr”, 1968), “Zümrüd quşu” (“Gənclik”, 1976), “Kimin sualı var?” (“Gənclik, 1984) poemaları rus dilində də nəşr edilib.

-Xarici mətbuatda dərc edilən poemalarının adları nədir?

Xalq şairi Nəriman Həsənzadənin xarici mətbuat səhifələrində “Vətənsiz” (Rumıniya, 2009) və “Nuru Paşa” (Türkiyənin 9 jurnalında) poemaları dərc edilib.

-Xalq şairi neçə poetik toplusunun müəllifidir?

O, 34 bədii – poetik toplunun, “Tariximiz, taleyimiz” adlı irihəcmli elmi-ədəbi-tənqidi məqalələr kitabının müəllifidir.

-Dövlət tərəfindən kütləvi nəşr edilən əsəri hansıdır?

Onun 2004-cü ildə “Seçilmiş əsərləri” dövlət tərəfindən latın qrafikası ilə kütləvi tirajla nəşr edilib.

-Nəriman Həsənzadənin səhnələşdirilən əsərləri hansılardır?

“Bütün Şərq bilsin” pyesi əvvəlcə Sumqayıt Dövlət Dram Teatrında (1980), sonra Akademik Milli Dram Teatrında (1982), Moskvanın V. Mayakovski adına Akademik Dram Teatrında (1983) göstərilib və mükafatlandırılıb. “Atabəylər” (1984) və “Pompeyin Qafqaza yürüşü” (1997) mənzum pyesləri Akademik Milli Dram Teatrında və Naxçıvan MR Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulub. “Atabəylər” pyesi Naxçıvan MR-in 80 illiyi münasibətilə (2004) yubiley tamaşası kimi göstərilib.

-N. Həsənzadə hansı dövlət səfərlərinin iştirakçısı olub?

O, bir sıra Avropa və Şərq ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya simpoziumlarının, rəsmi dövlət səfərlərinin iştirakçısıdır. 1992-ci ildə Türkiyənin Böyük Millət Məclisində və Beynəlxalq Budapeşt konqresində xalq deputatı kimi nümayəndə heyəti adından çıxışlar edib.

-Nəriman Həsənzadə hansı mükafatlara layiq görülüb?

2011-ci ildə Müstəqil Azərbaycan Respublikasının "Şərəf" ordeni ilə təltif olunub və 2002-ci ildə Fərdi prezident təqaüdü verilib, 2016-cı ildə isə Cəfər Cabbarlı mükafatına layiq görülüb. 17 Fevral 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif edilib.

-Ona hansı yazarlar tərəfindən ev hədiyyə edilib?

Müxtəlif vaxtlarda ona azərbaycanlı yazıçı Mir Cəlal Paşayev və türkiyəli şair, yazar Nazim Hikmət tərəfindən ev verilib.

-Nəriman Həsənzadə nə zaman vəfat edib?

O, 1 avqust 2026-cı ildə Bakı şəhərində vəfat edib.


Geri qayıt