Əsas Səhifə > Güney Press > Zaurun Günayla bağlı dedikləri rezonans doğurdu

Zaurun Günayla bağlı dedikləri rezonans doğurdu


Bu gün, 08:16

Sosial şəbəkələrdə aparıcı Zaur Baxşəliyevin ailə münasibətləri ilə bağlı səsləndirdiyi fikirlər geniş müzakirə olunur. O, həyat yoldaşı Günayla bağlı danışarkən “Biz siam əkizləri deyilik, ər-arvadıq, bir-birimizə yapışmalı deyilik” deyərək, ər-arvadın hər an birlikdə olmasının vacib olmadığını bildirib. Bu fikirləri bəziləri dəstəkləsə də, bəziləri tənqidlə qarşılayıb.

Maraqlıdır ki, ailə psixologiyasına əsasən, cütlüklərin müəyyən müddət fərdi vaxt keçirməsi, şəxsi məkanının qorunması münasibətlərin sağlam qalması üçün faydalı hesab olunur. Hətta bəzi ölkələrdə “evlilik fasiləsi” (marital break və ya trial separation) hüquqi mexanizm kimi mövcuddur.

Aparıcı fikirlərində haqlıdırmı? Ər-arvadın hər an birlikdə olması münasibəti gücləndirir, yoxsa zəiflədir? Avropa ölkələrində tətbiq olunan “evlilik fasiləsi” kimi yanaşmalar bizdə də tətbiq edilməlidirmi?

Globalinfo.az-a danışan sosioloq Mail Yaqub deyib ki, bu, ailədən ailəyə dəyişən məsələdir:

“Yəni hər ailə üçün eyni resept yoxdur. Doğrudur, “uzaqlıq sevgini artırır” kimi məşhur bir ifadə var və bəzi hallarda bu, həqiqətən də özünü doğrulda bilər. Ancaq bu, uzunmüddətli ayrılığa aid deyil. Məsələn, bir və ya iki aylıq fasilələr əksinə, münasibətlərə mənfi təsir göstərə, emosional yaxınlığı zəiflədə bilər. Amma situativ hallarda, tərəflərin qarşılıqlı razılığı əsasında qısa müddətli ayrılıq faydalı ola bilər. Bəzən insanlar uzun müddət fasiləsiz bir yerdə olduqları üçün yorğunluq və monotonluq hiss edə bilirlər. Belə hallarda bir-iki günlük qısa fasilə hər iki tərəfin bir-birinin dəyərini daha yaxşı hiss etməsinə kömək edə bilər. Bu, həm də münasibətlərə müəyyən mənada müsbət təsir göstərən psixoloji bir eksperimentdir. Həyatda bunun nümunələrini də görürük. Məsələn, həyat yoldaşlarından biri qısa müddətə ata evinə, ezamiyyətə və ya səfərə gedir. Bir-iki həftədən sonra geri qayıdanda münasibətlərdə yenidən istilik və yaxınlığın artdığı müşahidə olunur. Çünki insanlar bir-birinin yoxluğunu hiss edir və birlikdə olmağın dəyərini daha yaxşı anlayırlar”.

Sosioloq bildirib ki, bu məsələyə Azərbaycanın ailə dəyərləri və mədəni ənənələri prizmasından yanaşmaq lazımdır:

Qərb ölkələrində tətbiq olunan bəzi modelləri olduğu kimi bizim cəmiyyətə gətirmək düzgün olmaz. Bizim ailə modelimiz fərqlidir. Ancaq qarşılıqlı razılıq əsasında, məsələn, xanımın bir neçə gün valideynlərinin evində qalması və ya tərəflərin qısa müddətlik fərdi vaxt ayırması münasibətlərə müsbət təsir göstərə bilər. Əsas məsələ ayrılığın özü yox, həmin müddətin tərəflərə bir-birinin dəyərini yenidən hiss etdirməsidir. Bu baxımdan belə qısa fasilələr bəzi ailələr üçün faydalı bir təcrübə ola bilər”.


Geri qayıt