|

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Səyyad Tağıyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
İttihama əsasən, hadisə 2025-ci ildə gecə saatlarında Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən kafelərdən birində baş verib.
Belə ki, Səyyad Tağıyev həmin gecə kafedə tək oturaraq pivə içib. Bir müddət sonra tanışları olan iki nəfərin dəvəti ilə onların masasına keçərək birlikdə vaxt keçirib. Bu zaman kafedə başqa masada əyləşən, əvvəldən tanıdığı zərərçəkmiş Tural Malikovla (soyadı şərtidir) aralarında gərginlik yaranıb.
Zərərçəkmiş şəxs alkoqollu içkinin təsiri altında təqsirləndirilən şəxsi və onun ailə üzvlərini təhqir edib. Səyyad Tağıyev mübahisənin böyüməsinin qarşısını almaq məqsədilə onu kafedən çölə çıxararaq sakitləşdirmək və oradan uzaqlaşdırmaq istəyib. Lakin küçədə də qarşıdurma davam edib. Tural yenidən nalayiq ifadələr işlədib və təqsirləndirilən şəxsə hücum edərək baş nahiyəsinə zərbə endirib. Bundan sonra tərəflər arasında əlbəyaxa dava başlayıb.
Qarşılıqlı itələşmə zamanı hər iki şəxs köşkün şüşəsinə çırpılıb və şüşə sınıb. Səyyad Tağıyev həmin anda sınmış şüşə parçasını götürərək Turalın qarın nahiyəsinə bir dəfə zərbə endirib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, zərərçəkmiş şəxsə döş və qarın boşluğuna nüfuz edən, diafraqma və nazik bağırsağın zədələnməsi, soltərəfli hemopnevmotoraksla müşayiət olunan, həyat üçün təhlükəli hesab edilən ağır bədən xəsarəti yetirilib.
İbtidai istintaq orqanı Səyyad Tağıyev Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürüb.
Məhkəmə baxışı zamanı Səyyad Tağıyev ona elan olunmuş ittihamı tam qəbul etməyərək qismən mübahisələndirib. O, ittihamın irəli sürüldüyü formada özünü təqsirli bilmədiyini deyib.
Geri qayıt
|