Əsas Səhifə > Güney Press > Paşinyan kilsənin “qalasına” hücum etdi
Paşinyan kilsənin “qalasına” hücum etdiBu gün, 15:02 |
|
Ermənistanda yenə də diqqət mərkəzinə Erməni Apostol Kilsəsinin rəhbəri II Qaregin gəlib. Ermənistan hüquq-mühafizə orqanları tərəfindən II Qaregin və daha 6 yepiskop barəsində açılmış cinayət işi baxılması üçün məhkəməyə təqdim olunub. Rəsmi məlumata görə, II Qaregin və digər təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, kilsə rəhbərlərindən birini qanunsuz və əsassız şəkildə vəzifədən uzaqlaşdırmaqda, eləcə də bir sıra digər qanun pozuntularına yol verməkdə ittiham olunurlar. Məlumatda bildirilir ki, iş üzrə ilk məhkəmə iclası avqustun 7-nə təyin edilib. Qeyd edək ki, son aylarda Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında münasibətlər xeyli gərginləşib. Baş nazir Nikol Paşinyanla kilsə rəhbərliyi arasında qarşılıqlı ittihamlar və kəskin bəyanatlar ölkənin siyasi gündəminin əsas mövzularından birinə çevrilib. Bu səbəbdən II Qareginə qarşı cinayət işinin məhkəməyə göndərilməsi də Ermənistanda hakimiyyət-kilsə qarşıdurmasının yeni mərhələsidir. II Qareginə qarşı açılan cinayət işi Ermənistanın daxili siyasi böhranını daha da dərinləşdirəcəkmi? Paşinyan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında qarşıdurma hansı nəticələrə gətirib çıxara bilər? Avqustun 7-də keçiriləcək məhkəmə prosesi Ermənistanın siyasi gündəminə necə təsir edəcək? Musavat.com-un xəbərinə əsasən, politoloq Rəhman Bayramov hesab edir ki, Ermənistanda II Qareginə qarşı açılmış cinayət işini yalnız hüquqi müstəvidə qiymətləndirmək düzgün olmaz: “Burada söhbət daha çox ölkənin iki ən güclü institutunun - siyasi hakimiyyətlə Erməni Apostol Kilsəsinin açıq qarşıdurmasından gedir. Son hadisələr göstərir ki, bu mübarizə artıq pərdəarxası mərhələni geridə qoyub və açıq siyasi müstəviyə keçib. Erməni Apostol Kilsəsi Ermənistan üçün sıradan dini qurum deyil. Bu kilsə uzun illər erməni milli kimliyinin, dövlətçilik ideologiyasının və siyasi qərarların formalaşmasında mühüm rol oynayıb. Xüsusilə Qarabağ məsələsində kilsənin sərgilədiyi mövqe hər zaman sərt millətçi xətt üzərində qurulub. Məhz buna görə də II Qareginə qarşı cinayət işinin açılması təkcə bir din xadiminə qarşı hüquqi prosedur kimi deyil, həm də Ermənistanın ən nüfuzlu təsisatlarından birinə qarşı siyasi təzyiq kimi qiymətləndirilə bilər. Nikol Paşinyan isə 2018-ci ildə hakimiyyətə gəldiyi gündən köhnə siyasi elitanın təsir imkanlarını mərhələli şəkildə zəiflətməyə çalışır. Bu proses əvvəlcə oliqarxlara, daha sonra keçmiş hakimiyyət nümayəndələrinə, ardınca hərbi rəhbərliyə yönəldi. İndi isə görünən odur ki, növbə ölkənin ənənəvi təsir mərkəzlərindən biri olan kilsəyə çatıb. Bu baxımdan II Qareginə qarşı cinayət işi təsadüfi addım deyil. Bu, Paşinyanın dövlət daxilində alternativ güc mərkəzlərini neytrallaşdırmaq siyasətinin növbəti mərhələsi kimi görünür. Lakin Paşinyan üçün bu proses kifayət qədər risklidir. Çünki kilsənin Ermənistanda cəmiyyətə təsir imkanları hələ də kifayət qədər güclüdür. Əgər bu proses cəmiyyət tərəfindən dini institutun nüfuzuna zərbə kimi qəbul edilərsə, hakimiyyət gözlədiyinin əksinə olaraq yeni müqavimət dalğası ilə üzləşə bilər. Müxalifət də bu qarşıdurmadan maksimum istifadə etməyə çalışacaq və onu hakimiyyətə qarşı siyasi kampaniyanın əsas mövzularından birinə çevirəcək. Digər tərəfdən, Paşinyan anlayır ki, 2020-ci il müharibəsindən sonra Ermənistanın əvvəlki siyasi modeli artıq fəaliyyət göstərmir. O, ölkədə yeni idarəçilik sistemi formalaşdırmağa çalışır və bu sistemdə heç bir institutun hökumətdən üstün mövqedə olmasını istəmir. Son illər həm ordu, həm təhlükəsizlik strukturları, həm də kilsə ilə münasibətlərdə müşahidə olunan gərginlik də məhz bu siyasətin nəticəsidir”. Politoloqun fikrincə, avqustun 7-də keçiriləcək məhkəmə iclası hüquqi prosedurdan daha çox siyasi əhəmiyyət daşıyacaq: “Həmin prosesdə təkcə II Qareginin taleyi deyil, həm də Paşinyan hakimiyyətinin dövlət institutları üzərində nə dərəcədə tam nəzarət qura bildiyi sınaqdan keçəcək. Məhkəmə zalında veriləcək qərarlar Ermənistanın daxili siyasi balansına birbaşa təsir göstərə bilər. Hesab edirəm ki, bu qarşıdurmanın qısa müddətdə başa çatacağı real görünmür. Əksinə, Ermənistan yaxın aylarda hakimiyyətlə kilsə arasında daha sərt siyasi mübarizənin şahidi ola bilər. Əgər kompromis əldə olunmasa, bu proses cəmiyyətdə parçalanmanı daha da dərinləşdirəcək və onsuz da mürəkkəb olan daxili siyasi vəziyyəti yeni gərginlik mərhələsinə keçirəcək. Diqqətdən qaçırılmamalı olan əsas məqamlardan biri də budur ki, bu gün Ermənistanda gedən mübarizə təkcə hakimiyyət uğrunda mübarizə deyil. Əslində ölkə yeni siyasi və ideoloji model uğrunda mübarizə aparır. Bir tərəfdə ənənəvi millətçi-dini xətti müdafiə edən qüvvələr, digər tərəfdə isə Paşinyanın təmsil etdiyi daha praqmatik və Qərbə inteqrasiyanı prioritet hesab edən siyasi kurs dayanır. II Qaregin ətrafında baş verənlər də məhz bu iki yanaşmanın toqquşmasının növbəti mərhələsidir. Buna görə də qarşıdakı proseslərə yalnız bir cinayət işi kimi baxmaq doğru olmaz. Burada söhbət Ermənistanın gələcək siyasi kursunun hansı istiqamətdə formalaşacağından gedir”. Geri qayıt |