|

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Pərvin Səfərlinin (adı, soyadı şərtidir) barəsindəki hökmdən Baş prokurorun müavini Heydәr Mәmmәdov tәrәfindәn verilən apellyasiya protesti və zәrәrçәkmişin apellyasiya şikayәti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayətinə və apellyasiya protestinә baxılmasına xitam verilib. Xәtai Rayon Mәhkәmәsinin hazırlıq iclasının qәrarı vә hökmü lәğv olunub. Cinayәt işi Xәtai Rayon Mәhkәmәsinә hazırlıq iclası mәrhәlәsinә göndәrilib. Tәqsirlәndirilәn şәxs barәsindә seçilmiş hәbs növündә qәtimkan tәdbiri lәğv olunub vә mәhkәmә iclası zalından dәrhal hәbsdәn azad edilib.
İttiham aktına görə, Pərvin Səfərli müxtəlif şəxslərin etibarından sui-istifadə edərək onları dövlət məktəblərində müəllim kimi işə düzəldəcəyini, eləcə də müəllimlərin sertifikatlaşdırma imtahanından keçmələrinə kömək göstərəcəyini vəd edib. İstintaqın qənaətinə görə, o, bu vədləri yerinə yetirmək niyyətində olmayıb və zərərçəkmişlərdən müxtəlif məbləğlərdə pul alaraq onların etibarından sui-istifadə edib.
Cinayət işinin materiallarına əsasən, epizodlardan birində təqsirləndirilən şəxs zərərçəkmişin iş yoldaşının nəvəsini Sabunçu rayonundakı tam orta məktəblərdən birinə müəllim kimi işə düzəldəcəyini bildirib. Bu məqsədlə zərərçəkmiş əvvəlcə "MilliÖn" terminalı vasitəsilə onun "Leo Bank" kart hesabına 2 500 manat, iki gün sonra isə əlavə 1 500 manat köçürüb. Ümumilikdə Pərvin Səfərli aldığı 4 000 manatın yalnız 1 000 manatını geri qaytarıb, qalan 3 000 manatı isə mənimsəyib.
İttiham aktına görə, digər epizodda təqsirləndirilən şəxs 65 yaşına çatdığı üçün təqaüdə çıxmış sabiq müəllimin yenidən Sabunçu rayonundakı məktəblərdən birində işə qəbul olunmasına kömək edəcəyini vəd edib. Müxtəlif vaxtlarda taksi sürücüsü vasitəsilə və "MilliÖn" terminalları üzərindən ümumilikdə 4 000 manat əldə edib, bunun 1 000 manatını geri qaytarıb, 3 000 manatı isə mənimsəyib.
İstintaqın qənaətinə görə, daha bir epizodda Pərvin Səfərli zərərçəkmişin qohumunun müəllimlərin sertifikatlaşdırma imtahanından uğurla keçməsinə kömək göstərəcəyini bildirərək ümumilikdə 5 000 manat alıb. Bu məbləğin bir hissəsi taksi sürücüsü vasitəsilə, digər hissəsi isə bank kartına köçürülüb. Sonradan o, 2 500 manatı geri qaytarsa da, qalan 2 500 manatı qaytarmayıb.
İttiham orqanının hesablamalarına əsasən, bu üç epizod üzrə zərərçəkmişlərə ümumilikdə 8 500 manat maddi ziyan vurulub.
Xətai Rayon Məhkəməsinin hökmü ilə Pərvin Səfərli Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib. Tutulduğu iki gün cəza müddətindən çıxılıb və üzərində 1 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Hökmlə onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub və o, məhkəmə zalında dərhal həbs edilib.
Birinci instansiya məhkəməsinin hökmündən zərərçəkmiş apellyasiya şikayəti verərək Pərvin Səfərliyə daha ağır cəza təyin olunmasını istəyib.
Bundan başqa, Baş prokurorun müavini tərəfindən də apellyasiya protesti verilib. Protestdə birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun yeni yekun qərarın qəbul olunması xahiş olunub.
Geri qayıt
|