Əsas Səhifə > Güney Press > Mətbəx etirazı

Mətbəx etirazı


Bu gün, 08:21

İşlədiyim hər yerdə eyni mənzərə ilə qarşılaşmışam. Həmkarlarım haqsızlıq görəndə ən sərt etirazlarını rəhbərin otağında yox, mətbəxdə edirdilər. Çay stəkanının arxasında cəsarətli cümlələr qurulur, ədalətsizlik uzun-uzadı müzakirə olunur, qərarlar verilir. Amma həmin qapıdan çıxan kimi hamı susurdu. Bütün sahələrdə vəziyyət təxminən eynidir. Ona görə də bizdə çox vaxt haqsızlıqdan daha çox, haqsızlığa etiraz edən insan "problemli" hesab olunur.
Susan "ağıllı", haqsızlığa etiraz edən isə "konflikt yaradan" damğası alır. Çünki əksəriyyət sistemi dəyişmək yox, ona uyğunlaşmaq yolunu seçir.
Mən illərlə bu damğanı daşıdım. Arxamca "problemli qızdır" dedilər. Əslində isə problemli olan mən deyildim
Cəmiyyətin ən böyük faciələrindən biri də budur ki, həqiqət çox vaxt yalnız mətbəxdə danışılır. Elə buna görə də haqsızlıq özünü təhlükəsiz hiss edir. O bilir ki, ona qarşı çıxanlar var, amma onların səsi divarlardan o tərəfə keçməyəcək.
Mən həmişə düşünmüşəm ki, haqsızlıq təkcə onu edənlərin cəsarəti ilə yaşamır. O, həm də susanların, yalnız mətbəxdə etiraz edənlərin hesabına böyüyür.
Günel Qarayeva - "DİA-AZ "

Geri qayıt