Əsas Səhifə > Güney Press > Müharibənin görünməyən qiyməti: faiz ödənişləri, inflyasiya və itirilmiş investisiyalar

Müharibənin görünməyən qiyməti: faiz ödənişləri, inflyasiya və itirilmiş investisiyalar


Bu gün, 17:17

“The Telegraph”ın təhlilinə görə, ABŞ-nin İrana qarşı hərbi əməliyyatları rəsmi açıqlanan 37,5 milyard dollardan xeyli artıq – təxminən 151 milyard dollara başa gəlib.

Proses bu templə davam edərsə, ilin sonuna qədər ümumi xərclərin 311 milyard dollara çata biləcəyi bildirilir. Ekspertlər hesab edirlər ki, rəsmi hesablamalarda enerji qiymətlərinin artması, dövlət borcunun maliyyələşdirilməsi, hərbi texnikanın bərpası və uzunmüddətli iqtisadi nəticələr tam nəzərə alınmır. Analitiklər həmçinin xəbərdarlıq edirlər ki, Yaxın Şərqdə uzanan müharibə ABŞ-nin maliyyə və hərbi resurslarını zəiflədərək Çin və Rusiyaya qarşı qlobal strateji imkanlarını məhdudlaşdıra bilər.

  • Əgər müharibənin real xərcləri rəsmi rəqəmlərdən dəfələrlə yüksəkdirsə, ABŞ üçün əsas təhlükə hərbi qarşıdurmanın özü deyil, uzunmüddətli iqtisadi aşınmanın onun qlobal liderlik mövqeyini zəiflətməsi ola bilərmi?

İqtisadçı Asif İbrahimov Bizimyol.infoxəbər portalına açıqlamasında bildirib ki, bu xərclər ABŞ iqtisadiyyatına təsir göstərir, lakin onları ABŞ büdcəsi və iqtisadiyyatının ümumi həcmi fonunda qiymətləndirmək lazımdır. Onun sözlərinə görə, ABŞ dünyanın ən böyük iqtisadiyyatına malik ölkədir və illik ÜDM-i təxminən 31–32 trilyon ABŞ dolları, federal büdcə xərcləri isə 7 trilyon dollardan çoxdur.

Bu baxımdan, 150 milyard və hətta 300 milyard dollarlıq əlavə hərbi xərc ABŞ üçün iqtisadi kollaps yaratmır. Lakin məsələ yalnız xərclənən məbləğin həcmində deyil, onun uzunmüddətli fiskal və strateji təsirlərindədir.

“Əgər “The Telegraph”ın təhlilində qeyd olunduğu kimi, real xərc 151 milyard dollara yaxınlaşırsa, bu, ABŞ federal büdcəsinin təxminən 2 faizi, ÜDM-in isə 0,5 faizi həcmində əlavə yük deməkdir. Təkcə bu göstərici ABŞ iqtisadiyyatını sarsıdacaq səviyyə deyil. ABŞ bundan qat-qat böyük hərbi xərcləri İraq və Əfqanıstan müharibələri dövründə də maliyyələşdirə bilib. Lakin iqtisadi təhlükə başqa yerdədir.

Müharibələrin maliyyələşdirilməsi adətən dövlət borclanması hesabına həyata keçirilir. Hazırda ABŞ dövlət borcu 40 trilyon dollara yaxınlaşır və faiz ödənişləri artıq müdafiə büdcəsinə yaxın həcmdə ən böyük xərc istiqamətlərindən birinə çevrilib. Belə şəraitdə hər əlavə uzunmüddətli hərbi kampaniya büdcə kəsirini artırır, dövlət istiqrazlarının həcmini böyüdür və gələcək nəsillərin üzərinə əlavə borc yükü qoyur.

İkinci mühüm məsələ alternativ dəyərdir. Müharibəyə yönəldilən vəsait infrastrukturun yenilənməsinə, süni intellektin inkişafına, yarımkeçiricilər sənayesinə, enerji təhlükəsizliyinə və ya elmi tədqiqatlara sərmayə kimi istifadə oluna bilərdi. Uzunmüddətli perspektivdə qlobal rəqabətdə üstünlüyü məhz bu sahələr müəyyən edir.

Üçüncü amil enerji bazarlarıdır. Yaxın Şərqdə gərginlik neft qiymətlərini artırarsa, ABŞ özü böyük enerji istehsalçısı olsa da, qlobal inflyasiya yüksəlir. Bu isə Federal Ehtiyat Sisteminin faiz dərəcələrini yüksək səviyyədə saxlamaq məcburiyyətini gücləndirə və nəticədə iqtisadi artım tempini zəiflədə bilər.

ABŞ üçün real “sıxıntı” hansı həddən sonra yaranır?” – deyə iqtisadçı bildirib.

Asif İbrahimov vurğulayıb ki, burada konkret rəqəm müəyyən etmək çətindir. Problem birdəfəlik 300 milyard dollar deyil, bu məbləğin neçə il davam etməsidir.

Onun sözlərinə görə:

  • 100–300 milyard dollar həcmində birdəfəlik və ya qısamüddətli əlavə xərc ABŞ üçün idarəolunan yük hesab oluna bilər;
  • 500 milyard – 1 trilyon dollar səviyyəsində və bir neçə il davam edən əlavə hərbi xərclər artıq federal büdcəyə ciddi təzyiq yaradar;
  • 2–3 trilyon dolları aşan və uzun illərə yayılan xərclər isə İraq və Əfqanıstan müharibələrinin yaratdığı fiskal yükə bənzər nəticələr doğura bilər.

İqtisadçı qeyd edib ki, həmin müharibələrin ümumi iqtisadi dəyərinin müxtəlif hesablamalara görə bir neçə trilyon dollara çatdığı göstərilir.

“Məhz buna görə “The Telegraph”ın irəli sürdüyü əsas arqument iqtisadi baxımdan məntiqlidir. Söhbət yalnız döyüş əməliyyatlarının birbaşa xərcindən getmir. Buraya dövlət borcunun artması, faiz ödənişlərinin yüksəlməsi, hərbi texnikanın bərpası, enerji qiymətlərinin təsiri, veteranların sosial təminatı, iqtisadi artımın yavaşıması və investisiya imkanlarının itirilməsi kimi dolayı xərclər də daxildir.

Geosiyasi baxımdan əsas risk ABŞ-nin hərbi xərclərə daha çox resurs ayırması nəticəsində Çinlə texnoloji rəqabətə və Hind-Sakit okean regionuna yönəldə biləcəyi maliyyə və hərbi imkanların məhdudlaşmasıdır”, – deyə Asif İbrahimov bildirib.

İqtisadçı əlavə edib ki, son illərdə Vaşinqtonun əsas strateji prioriteti məhz Çinlə rəqabətdir. Əgər Yaxın Şərqdə uzunmüddətli hərbi iştirak ABŞ-ni milyardlarla dollar əlavə xərc çəkməyə məcbur edərsə, bu, birbaşa iqtisadi iflas yaratmasa da, strateji resursların bölüşdürülməsini çətinləşdirərək ABŞ-nin qlobal liderlik imkanlarını tədricən zəiflədə bilər.

Başqa sözlə, 151 milyard dollar ABŞ-ni sarsıtmaz, 300 milyard dollar da təkbaşına kritik hədd hesab olunmur. Lakin bu xərclər illərlə davam edər və ümumi məbləğ trilyonlarla dollara çatarsa, əsas təhlükə iqtisadi çökmə deyil, dövlət borcunun sürətlə artması, büdcə çevikliyinin azalması və ABŞ-nin qlobal rəqabətdə üstünlüyünün tədricən aşınması olacaq. Bu isə uzunmüddətli perspektivdə hərbi qarşıdurmanın özündən daha ciddi nəticələr doğura bilər.


Geri qayıt