Əsas Səhifə > Güney Press > "İstəyirik ki, bir dəfə böyük bir əfv fərmanı verilsin"
"İstəyirik ki, bir dəfə böyük bir əfv fərmanı verilsin"Bu gün, 16:54 |
|
Meyxanaçı Rəşad Dağlı və başqalarının əfv məsələsi gündəmdədir. Bu barədə mediaya açıqlamasında hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib. Onun sözlərinə görə, böyük bir əfv fərmanının verilməsi təşəbbüsü ilə çıxış ediblər: “İstəyirik ki, bir dəfə böyük bir əfv fərmanı verilsin, Rəşad Dağlı, Anar Məmmədov, Natiq bəy və başqaları azadlığa çıxsınlar. Onların adları siyahımızdadır. İstəyirik ki, hamısı bir yerdə azad edilsin. Təklif etmişik, görək necə olur”. Amma o, böyük əfvin baş tutub-tutmayacağı və ya nə zaman reallaşacağı barədə məlumat verməyib. Onun sözlərinə görə, təklif verilib, böyük əfv arzulayıblar: “Bizə nə Avropa Şurası, nə də Avropa İttifaqı təzyiq göstərə bilər. Özümüz bu addımı atmalıyıq. Öz dövlətimiz yükü çiyinlərinə götürüb bunu etməlidir. Biz təklif etmişik, müsbət qarşılanıb. Ümidvaram ki, baş tutacaq”. Məşhurların da adının daxil olduğu hansısa siyahı Əfv Məsələləri Komissiyasında müzakirə olunubmu və yaxın müddətdə yeni əfv gözlənilirmi? Məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev “Cebheinfo.az”-a bildirib ki, hüquq müdafiəçiləri hər zaman müxtəlif siyahılarla çıxış edə və əfvlə bağlı müraciət ünvanlaya bilərlər: “Ancaq komissiyanın əsasnaməsində bununla bağlı müraciət edən subyektlərdən biri kimi yerli və beynəlxalq qeyri-hökumət təşkilatları göstərilir. Yəni onların belə bir müraciət hüquqları var. Hansısa siyahılar da təqdim edə bilərlər. Novella Cəfəroğlu da uzun müddət hüquq müdafiə prosesi ilə məşğul olan vətəndaş cəmiyyətinin nümayəndələrindəndir. İnsan hüquq və azadlıqlarının qorunması istiqamətində çoxsaylı təşəbbüsləri olub. Hazırda da belə bir təşəbbüslə çıxış edə bilər. O ki qaldı mənim bu prosesdə iştirakıma, mən orada iştirak edə bilmərəm. Çünki mən Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvüyəm. Əgər hər hansı bir siyahının hazırlanması prosesində iştirak edərəmsə, o zaman maraqlar toqquşması olar. Komissiya kollegial orqandır. Orada Azərbaycanın müxtəlif strukturları təmsil edən tanınmış insanları iştirak edirlər. Həm dövlət qurumları, həm parlament, həm vətəndaş cəmiyyəti və medianın nümayəndələri təmsil olunurlar. Cənab Prezident Komissiya ilə bağlı unikal bir model təqdim edib. Hər bir müraciətə baxılır, ətraflı öyrənilir, müzakirələr aparılır. Müzakirələrin nəticələri ilə bağı rəylər hazırlanıb cənab Preidentə təqdim edilir və ölkə başçısı da qərar qəbul edir. Çünki əfv qərarı Prezidentin müstəsna konstitutsion səlahiyyətidir və o, heç kəsə ötürülə bilməz. Komissiya isə yalnız bu hüququn həyata keçirilməsinin təşkilatı və texniki tərəflərini həll edir”. O ki qaldı konkret şəxslərin əfvinə, Komissiya üzvünün sözlərinə görə, onun hər hansı fikir söyləməsi doğru olmazdı: “Müraciət olunarsa, təbii ki, bu müraciətlər həm komissiyasının katibliyi, həm də Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektoru tərəfindən emal olunacaq. Lazım olan müvafiq sənədlər qanunvericiliyə uyğun olaraq toplanacaq və komissiyasının sədrinə təqdim olunacaq. Sədr tərəfindən komissiya üzvlərinə göndəriləcək. Yalnız bundan sonra iclasda kollegial qərarlar qəbul olunacaq və cənab Prezidentə təqdim ediləcək. Hazırda komissiyanın iclasları keçirilmir. Buna baxmayaraq, komissiyanın katibliyi fasiləsiz işləyir və sənədlər hazırlanır. Ancaq nə vaxt əfv olacağını cənab Prezident müəyyən edir”. Xatırladaq ki, Azərbaycanda 2025-ci ildə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya aktı elan edilib, Dövlətin humanizm siyasətinin növbəti təzahürü olan bu qərar tətbiq olunan şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiyadır. Belə ki, sayca 13-cü olan bu amnistiya aktı ümumilikdə 22.935 nəfərə şamil edilib. Geri qayıt |