Əsas Səhifə > Güney Press > “Kürdlərlə bağlı elmi faktları demişəm, təhqir deyil”
“Kürdlərlə bağlı elmi faktları demişəm, təhqir deyil”Bu gün, 16:27 |
|
Ronahi Kürd Mədəniyyət Mərkəzi Ümid Partiyasının sədri İqbal Ağazadə, ADP sədri Sərdar Cəlaloğlu və Müsavat Partiyasının Məclis sədri Arif Hacılıdan DTX-yə şikayət edib.
"Bakupost" xəbər verir ki, mərkəz hər üç siyasətçini bölücülük və kürdləri alçaltmaqda ittiham edərək, tədbir görülməsini istəyib.
ADP sədri Sərdar Cəlaloğlu "Bakupost"a bildirib ki, bu təşkilatın iddialarının heç bir əsası yoxdur.
O qeyd ediB ki, çıxışlarında kürdlərin mənşəyi, coğrafi ərazisi və etnogeni ilə bağlı dedikləri elmi fikirlərdir:
“Məsələn, “kürd” sözü lüğətdə iki məna daşıyır. Bir kürd xalqının adı kimi, bir də çoban, dağda yaşayan köçəri xalq mənasını verir. Kürd xalqı adından əvvəl bu söz ümumi şəkildə köçərilərə, dağda heyvan otaranlara verilən addır. Sonradan tarix elə gətirib ki, kürdlər də belə bir həyat tərzinə keçiblər və bu ad bir millət adına çevrilib. Bunu elm deyir.
Demişəm ki, onlar bir çox xalqların, o cümlədən erməni və qaraçıların qarışığından əmələ gəliblər. Bunu özlərinə təhqir hesab edirlər. Onların buradakı lideri Tahir Süleymanov deyib ki, Öcalan da ermənidir və məqsədləri Türkiyədə erməni dövləti yaratmaqdır. Onun bu dediyi fikirləri saxlamışam”.
Partiya sədrinin sözlərinə görə, XX əsrin əvvəlində soyqırımı törədən ermənilərin bir hissəsinin kürd kimliyini qəbul etmələrilə bağlı faktlar var:
“Osmanlıda Sultan Səlimin dövründə isə 35 türkmən əşrəfinin kürd kimliyinə keçmələrilə bağlı rəsmi sənədlər mövcuddur. Yəni dediym fikirlərdə heç bir təhqir yoxdur.
Sadəcə kürd separatizminə, Azərbaycan ərazilərinə kürdlərin əsassız iddiaları ilə bağlı mövqe ortaya qoymuşam. Onlar isə bu mövqeyimə əsəbləşib, kürdləri guya təhqir etmək adı altında məndən şikayət ediblər. Onların xaricdəki terrorçu qüvvələr, PKK, eyni zamanda, Azərbaycandakı separatçı qüvvələr, xüsusən də talış separatçıları ilə əlaqələri var”.
S.Cəlaloğlu deyir ki, ADP onların bu müraciətini əsas götürüb, araşdırmaq üçün DTX-yə müraciət edib:
“Nəyə görə İranda Urmiyəyə hücum etməyə hazırlaşan kürdlərlə bağlı dediyim sözləri onlar özlərinə götürür? Bunlar Azərbaycanın bütün ərazisini kürd ərazisi hesab edir, tariximizi oğurlayırlar. XVI əsrdən əvvəl coğrafiyada “Kürdüstan” sözü olmayıb. Həmin əsrdə isə Sultan Səlim Səfəvilərlə Osmanlı dövləti arasında bufer zona yaratmaq üçün ərəb çölündəki kürdləri gətirib tarixi şəhərlərimizə - Diyarbəkirə, Ərzincana, İqdıra, Qarsa doldurdu. Bunlar elmi faktdır.
Nə demişəm ki, onlar bunu özlərinə təhqir hesab edirlər. Bəyanat vermişik ki, Ronahi Kürd Mədəniyyət Mərkəzinin Türkiyədə və Yaxın Şərqdəki separatçı və terrorçu qüvvələrlə əlaqələri araşdırılsın. Onda hansı əməlin sahibi olduqları ortaya çıxacaq”.
Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı isə bu barədə məlumatsız olduğunu deyərək, məsələyə münasibət bildirməyib.
Geri qayıt |