|

Gəncə Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmada, xuliqanlıqda, qanunsuz narkotik əldə etmədə ittiham edilən Hakan Fərəcovun və onun qardaşı - xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmada, xuliqanlıqda təqsirləndirilən Ülvi Fərəcovun (hər ikisinin soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Hakan Fərəcov Cinayət Məcəlləsinin (CM) 126.2.1 və 126.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən ona həmin maddələrlə bəraət verilib. Hakan Fərəcov Cinayət Məcəlləsinin 221.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib və ona qəti olaraq 2 il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunub. Ülvi Fərəcova isə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttiham aktına əsasən, Hakan Fərəcov qanunsuz olaraq psixotrop maddə əldə etmə, saxlama və daşıma, həmçinin qardaşı Ülvi Fərəcovla birlikdə xuliqanlıq zəminində şəxsi bıçaqlamaqda təqsirləndirilir.
Məlumata görə, Hakan Fərəcov istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan təmiz çəkisi 0,592 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamin əldə edib. O, həmin maddəni üzərində qanunsuz olaraq saxlayaraq daşıyıb.
Cinayət işinin materiallarında göstərilir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı Hakan Fərəcov Gəncə şəhəri, Bayan küçəsində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən əynində olan qara rəngli idman şalvarının ön sol cibindən bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,592 qram olan metamfetamin aşkar edilərək götürülüb.
İttiham aktında qeyd olunur ki, bundan başqa, Hakan Fərəcov qardaşı Ülvi Fərəcov ilə birlikdə 2025-ci ildə gecə saat 00:30 radələrində Gəncə şəhərinin Üzeyir Hacıbəyli küçəsində yerləşən yaşayış binasının arxa hissəsində növbəti cinayət əməlini törədib.
İstintaqın qənaətinə görə, hər iki qardaş sərxoş vəziyyətdə olarkən tanışları olan zərərçəkmiş Rəsul Ömərovun (soyadı şərtidir) onları nalayiq ifadələrlə təhqir etdiyini ehtimal edərək heç bir əsaslı səbəb olmadan ona hücum ediblər. Hər iki şəxs ictimai yerdə ətrafdakı şəxslərə məhəl qoymadan zərərçəkmişi yumruq zərbələri ilə döyərək ona fiziki ağrılar yetiriblər.
Dava zamanı Ülvi üzərində gəzdirdiyi kustar üsulla hazırlanmış turist bıçağının arxa hissəsi ilə əvvəlcə Rəsulun baş nahiyəsinə zərbə endirib. Zərərçəkmiş yerə yıxıldıqdan sonra ayağa qalxmağa çalışarkən Ülvi ona bıçaqla daha bir zərbə vurub.
Cinayət işinin materiallarına görə, zərərçəkmişin qarın nahiyəsinə nüfuz edən, nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yara yetirilib. Ekspertiza həmin xəsarəti həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran bədən xəsarəti kimi qiymətləndirib.
İttiham aktında bildirilir ki, hadisə zamanı istifadə olunan turist bıçağı soyuq silah hesab edilməsə də, silah qismində tətbiq olunub. İstintaqın qənaətinə görə, təqsirləndirilən şəxslər bir qrup şəxs halında zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətləri törədərək ətrafdakı şəxslər arasında qorxu və təşviş yaradıblar.
Geri qayıt
|