Əsas Səhifə > Güney Press > Ermənistan Rusiyaya arxa çevirsə, nələr olacaq

Ermənistan Rusiyaya arxa çevirsə, nələr olacaq


Bu gün, 11:44

Rusiya Xarici Kəşfiyyat Xidməti: Ermənistan Aİİ-dən çıxarsa, dərin iqtisadi böhranla üzləşə bilər
Moskva, Rusiya Xarici Kəşfiyyat Xidmətinin Mətbuat Bürosu bildirib ki, əldə olunan məlumatlara görə, Brüsseldə Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) kənarda qalacağı təqdirdə dərin iqtisadi böhranla üzləşəcəyinin qaçılmaz olduğu etiraf edilir.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin yaydığı açıqlamada bildirilir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından əldə etdiyi iqtisadi üstünlükləri itirəcək. Bu isə Avropa İttifaqına inteqrasiya kursu götürən Ermənistan hakimiyyətinin Aİİ-yə üzv ölkələrin dəstəyi hesabına iqtisadi sabitliyini qorumasını mümkünsüz edəcək.

Bəyanatda iddia olunur ki, iqtisadi çətinliklər, Rusiyaya qarşı sanksiyalar siyasəti və bürokratlarının Ukraynaya "manyakcasına" dəstəyi Aİ-nin iqtisadi problemlərini daha da dərinləşdirib. Bu səbəbdən Brüssel Ermənistanın Aİİ-dən mümkün çıxışı nəticəsində yaranacaq milyardlarla dollar həcmində iqtisadi itkilərini kompensasiya etmək imkanına malik deyil.

Rusiya Xarici Kəşfiyyat Xidməti həmçinin bildirir ki, bir sıra Avropa ölkələri Aİ rəhbərliyinə Ermənistan məhsullarının öz bazarlarına buraxılmasına hazır olmadıqlarını çatdırıblar.

Bununla yanaşı, açıqlamada qeyd edilir ki, Brüssel bürokratları İrəvanı qeyd-şərtsiz dəstəklədiklərinə inandırmaqda davam edəcəklər. Avropa İttifaqı rəsmiləri konkret yardımın göstərilməsində yaranan ləngimələri Ermənistanın Aİ-yə üzvlüyünün tamamilə İrəvanın özündən və onun Avropa inteqrasiyası yolunda əldə edəcəyi "nailiyyətlərdən" asılı olması ilə əsaslandırmağı planlaşdırırlar.

Kəşfiyyat Xidməti iddia edir ki, artıq indidən Nikol Paşinyan hökumətindən strateji sahələrdə Rusiya ilə ticarətin azaldılması, humanitar əlaqələrin kəsilməsi və buna qarşı çıxan daxili qüvvələrin susdurulması tələb olunur. Bunun müqabilində Ermənistan vətəndaşları üçün viza rejiminin liberallaşdırılması təklif edilir və ölkənin gələcəkdə "çiçəklənən sülh qovşağına" çevriləcəyi vəd olunur.

Bəyanatının sonunda qeyd olunur ki, Brüssel Ermənistanın Avropa İttifaqına inteqrasiya kursu fonunda Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin İrəvanı iqtisadi baxımdan dəstəkləməyə davam edəcəyinə ümid etməməlidir.
AzVision.az

Geri qayıt