|

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Baba Nəbiyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə icraat materialına xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
İttihama görə, hadisə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "Kristal Abşeron" yaşayış kompleksində baş verib.
Belə ki, 1989-cu il təvəllüdlü Baba Nəbiyev ailəsi ilə birlikdə yaşadığı mənzildə həyat yoldaşı, zərərçəkmiş Fəridə Nəbiyevanın (adı, soyadı şərtidir) istifadə etdiyi mobil telefona gələn zənglərə cavab verməməsindən şübhələnərək bunun səbəbini soruşub. Bu zaman tərəflər arasında qısqanclıq və ailə-məişət münasibətləri zəminində mübahisə yaranıb. Mübahisə zamanı təqsirləndirilən şəxs əsəbiləşərək arvadının üzərinə hücum edib, ona əl və yumruq zərbələri endirib. Zərbələr nəticəsində qadının sifət, baş, sinə, qol və bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirilib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, zərərçəkmiş şəxsdə başın sol gicgah və ənsə nahiyələrində geniş hematomalar, boynun sağ yan səthində, döş qəfəsinin ön hissəsində, sağ bazuda və sol çiyin nahiyəsində qançırlar, həmçinin çənəaltı nahiyədə sıyrıq aşkarlanıb. Bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri kimi qiymətləndirilib.
Məhkəmənin hazırlıq iclasında ifadə verən Baba Nəbiyev özünü təqsirli bildiyini deyib.
O deyib ki, həyat yoldaşı ilə 2010-cu ildə ailə həyatı qurub və nikahlarından beş övladları var.
Təqsirləndirilən şəxsin sözlərinə görə, son dövrlər aralarında qısqanclıq səbəbindən tez-tez mübahisələr yaranıb. Həyat yoldaşının telefonuna gələn zənglərlə maraqlandığını, hadisə günü də qadın yatarkən telefonuna zəng gəldiyi üçün onu oyadaraq bunun səbəbini soruşduğunu bildirib.
Baba Nəbiyev qeyd edib ki, Fəridə Nəbiyevanın cavab verməməsi onu əsəbiləşdirib və bu zaman əli ilə onun baş, qol və sinə nahiyəsinə bir neçə dəfə zərbə vurub.
O bildirib ki, mübahisə cəmi 2-3 dəqiqə davam edib, hadisə zamanı evdə başqa heç kim olmayıb, zərərçəkmiş şəxs ona qarşı fiziki müqavimət göstərməyib. Hadisədən sonra evdən çıxaraq gedib, daha sonra isə həyat yoldaşının polisə müraciət etdiyini öyrənib.
Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdıqlarını bildirərək cinayət işinə xitam verilməsini xahiş edib.
Məhkəmədə ifadə verən Fəridə Nəbiyeva də təqsirləndirilən şəxsin onun həyat yoldaşı olduğunu təsdiqləyib.
Qadın bildirib ki, əvvəllər münasibətləri normal olsa da, son vaxtlar ərinin onu qısqanması səbəbindən tez-tez ailədaxili mübahisələr yaranırdı. Həyat yoldaşı telefonuna gələn bütün zənglərlə maraqlanırdı.
Zərərçəkmiş şəxs ifadəsində deyib ki, hadisə günü yatdığı vaxt Baba onu oyadaraq telefona niyə baxmadığını soruşub. Bu səbəbdən aralarında mübahisə yaranıb. Mübahisə zamanı əri əl və yumruq zərbələri ilə sifətinə, başına, sinəsinə, qollarına və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.
Fəridə bildirib ki, həyat yoldaşına polisə müraciət edəcəyini dedikdən sonra o, geri çəkilib və mübahisə başa çatıb. Bundan sonra Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək hadisə barədə məlumat verib, daha sonra isə polisə ərizə ilə müraciət edib.
Məhkəmə iclasında zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqlarını bildirib. O qeyd edib ki, artıq ərinə qarşı heç bir maddi və mənəvi tələbi yoxdur, aralarındakı mübahisə tam həll edilib və vurulmuş ziyan tam ödənilib.
Bu səbəbdən Fəridə Nəbiyeva məhkəmədən tərəflər arasında əldə olunmuş barışığa əsasən cinayət işi üzrə icraata xitam verilməsini xahiş edib.
Geri qayıt
|