Əsas Səhifə > Güney Press > Sevgi yazışmaları faciə ilə nəticələndi:

Sevgi yazışmaları faciə ilə nəticələndi:


Bu gün, 08:55

Gəncə Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qəsdən adam öldürmədə təqsirləndirilən Ceyhun Mustafayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.


İttiham aktına əsasən, Ceyhun Mustafayev qeyri-rəsmi nikah münasibətlərində yaşadığı 2002-ci il təvəllüdlü Münəvvər Kərimovanın gizli istifadə etdiyi mobil telefonda başqa şəxslə sevgi münasibətlərinə dair şəkillər və yazışmalar aşkar etdikdən sonra qısqanclıq zəminində onu öldürmək qərarına gəlib.


Belə ki, təqsirləndirilən şəxs hadisə günü zərərçəkmişin Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində yerləşən parkda olduğunu öyrənərək idarə etdiyi "Mercedes-Benz E200" markalı avtomobillə həmin ünvana yollanıb. O, körpü yaxınlığında Münəvvər Kərimova ilə görüşərək barışacaqlarını, birlikdə yaşadıqları evə qayıdacaqlarını və uşaqları ilə yenidən bir ailə olacaqlarını vəd edib. Bu yolla Ceyhun qadının avtomobilə minməsinə nail olub.


Onlar əvvəlcə Şəmkir istiqamətində hərəkət ediblər. Yolüstü restoranlardan birində şam etdikdən sonra Göygöl rayonu ərazisində yerləşən "Xan Yaylağı" Dövlət Təbiət Qoruğu istiqamətinə gediblər. Axşam saatlarında qoruğun nəzarət-buraxılış məntəqəsini keçdikdən təxminən 1-2 kilometr sonra təqsirləndirilən şəxs avtomobili yolun kənarında saxlayıb. Ceyhun Mustafayev qadına mobil telefonunu verərək münasibətdə olduğu iddia edilən şəxslə əlaqə saxlamasını tələb edib. Danışıq başa çatdıqdan sonra isə qisas almaq məqsədilə avtomobildən düşərək ön sərnişin oturacağı tərəfə keçib və qadına hücum edib.


O, əvvəlcə Münəvvər Kərimovaya çoxsaylı əl zərbələri endirib, nəticədə zərərçəkmişin üz, qol, əl, diz və ayaq nahiyələrində çoxsaylı qançırlar və sıyrıqlar əmələ gəlib. Daha sonra qadının boynundan tutaraq boğmağa başlayıb. Münəvvərin müqavimət göstərməsinə baxmayaraq, Ceyhun hərəkətlərini davam etdirib və sellofanı qadının boğazına soxaraq ona xüsusi əzab verdikdən sonra boğaraq öldürüb.


Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Münəvvər Kərimovanın ölümünə mexaniki asfiksiya səbəb olub. Onun boyun nahiyəsində qançırlar, üz nahiyəsində sıyrıqlar və digər xəsarətlər aşkar edilib. İstintaq orqanı bu əməlin xüsusi amansızlıqla törədilmiş qəsdən adam öldürmə olduğunu hesab edir.


Məhkəmə iclasında ifadə verən Ceyhun Mustafayev ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib. O deyib ki, Münəvvər Kərimova ilə ailə həyatı yaşayıb və onların iki azyaşlı övladı var.


Ceyhun Mustafayevin sözlərinə görə, münasibətləri bərpa etmək niyyətində olub və hadisə günü də qadını uşaqlarına görə bağışlamaq istəyib. Təqsirləndirilən şəxs evdə gizlədilmiş mobil telefon tapdığını, həmin telefondakı şəkil və yazışmaların onda güclü emosional sarsıntı yaratdığını bildirib.


O, qadını öldürmək niyyətinin olmadığını deyərək, sellofanı onun ağzına nəfəs yolu ilə gələn mayeni saxlamaq məqsədilə qoyduğunu deyib.


Təqsirləndirilən şəxsin sözlərinə görə, avtomobildə gedərkən aralarında aliment və ailə münasibətləri ilə bağlı mübahisə yaranıb, sonradan Münəvvər onu təhqir edib və dava baş verib. Hadisə nəzarətindən çıxıb, qadının öldüyünü gördükdən sonra polisə gedərək könüllü təslim olduğunu vurğulayıb.


Məhkəmədə dindirilən zərərçəkmişin hüquqi varisi isə qızının hadisə günü təqsirləndirilən şəxslə getdiyini, bir neçə saat sonra isə onun öldürüldüyünü öyrəndiyini bildirib. Hüquqi varis hadisənin başvermə anını görmədiyini, baş verənlər barədə sonradan məlumat aldığını deyib.


Ceyhun Mustafayevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


Geri qayıt