Əsas Səhifə > Güney Press > Bakıda elektromobil xaosu: "Şarj yerini zəbt edənlərə cərimə yazılsa..."

Bakıda elektromobil xaosu: "Şarj yerini zəbt edənlərə cərimə yazılsa..."


Bu gün, 17:01

Paytaxtda elektromobil istifadəçilərinin sayının artması ilə paralel olaraq, şarj stansiyalarının zəbt olunması problemi də dərinləşir. Sürücülərin avtomobillərini şarj aparatı qoşulu halda saatlarla saxlalaması digər vətəndaşlar arasında ciddi narazılığa və hətta münaqişələrə səbəb olur.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, bu, son zamanlar paytaxtda ən çox müraciət olunan və aktuallığını qoruyan problemlərdən biridir.

Ekspertin sözlərinə görə, ölkəyə idxal olunan elektromobil və hibrid nəqliyyat vasitələrinin təxminən 85 faizi məhz Bakıda cəmləşib:

“Həyət evi olan sürücülər avtomobillərini ev şəraitində şarj edə bilsələr də, bina evlərində yaşayanlar üçün bu, ciddi problemə çevrilir və onlar məcburən ictimai şarj stansiyalarına üz tuturlar. Lakin paytaxtın sıxlıq təşkil edən ərazilərində parklanma yeri tapmaq zatən çətindir. Bəzən adi daxili yanma mühərrikli avtomobillər şarj yerlərini qanunsuz zəbt edir, bəzən də elektromobil sahibləri şarj prosesi bitdiyi halda avtomobili oradan götürmürlər”.

Aslan Əsədov vurğulayıb ki, hazırda qanunvericilikdə şarjı bitmiş avtomobilin stansiya qarşısında nə qədər qalmasına görə konkret cərimə və ya məhdudiyyət mexanizmi nəzərdə tutulmayıb:

“Avtomobilin orada şarj olunmaq üçün, yoxsa sadəcə parklanma məqsədilə dayandığını, neçə saat qaldığını hüquqi müstəvidə sübut etmək kifayət qədər çətindir. Çünki qanunvericilikdə bununla bağlı xüsusi müddət müəyyən edilməyib. Digər tərəfdən, məsələyə sırf cərimə və cəza kəsməklə yanaşmaq doğru effekt verməyəcək. Cərimələr və qorxu mexanizmi sadəcə sürüclər arasında aqressiyanı artıracaq, narazı bir kontingent formalaşdıracaq”.

Nəqliyyat eksperti hesab edir ki, bu xaosun qarşısını almaq üçün birinci növbədə sürücü mədəniyyəti formalaşmalıdır:

“Bu, birbaşa vicdan və vətəndaş mövqeyi məsələsidir. Hər bir sürücü özündən sonra növbədə gözləyən digər insanı düşünməli, məsuliyyətini anlamalıdır. Problem yalnız qarşılıqlı anlayış və sürücülərin bir-birinə hörmətlə yanaşması prinsipi ilə həll oluna bilər. Əks halda, hansı cərimə mexanizmi tətbiq olunursa-olunsun, şarj stansiyalarındakı bu gərginlik qalmaqda davam edəcək”.


Geri qayıt