Əsas Səhifə > Güney Press > Ermənistan ətrafında ÇƏNBƏR daralır

Ermənistan ətrafında ÇƏNBƏR daralır


Bu gün, 14:53

Xəbər verildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyan məzuniyyəti bitər-bitməz, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Söhbət zamanı Ermənistan məhsullarının Rusiyaya ixracına tətbiq edilən məhdudiyyətlər müzakirə olunub.

Paşinyan Avrasiya İqtisadi İttifaqının normalarını nəzərə alaraq, Rusiyaya məhsul tədarükü ilə bağlı problemin həlli üçün tədbirlər görülməsini Putindən xahiş edib. Baş nazir, həmçinin, Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçimə dair mümkün referendum məsələsinə aydınlıq gətirib. O bildirib ki, referendum İrəvanın Avropa İttifaqına üzvlüklə bağlı Brüsselə rəsmi müraciətindən sonra mümkün ola bilər. Nikol Paşinyan Ermənistan hökumətinin bütün bu məsələləri açıq və dostluq şəraitində dialoq yolu ilə həll etməyə hazır olduğunu vurğulayıb.

Kremlin mətbuat xidməti telefon danışığının Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutduğunu açıqlayıb. Putin Paşinyanı 7 iyun seçkilərindəki qələbə ilə bağlı yenə təbrik etməyib...

Erməni politoloq Suren Surenyantsın fikrincə, telefon danışığı Ermənistan-Rusiya münasibətlərində mövcud böhranın aradan qaldırılmasının başlanğıcı olmayıb: “Əksinə, bu təsdiqlədi ki, tərəflər arasındakı strateji fikir ayrılıqları dərinləşməkdə davam edir, iqtisadi problemlər isə artıq həmin böhranın ən görünən təzahürlərindən birinə çevrilib. Moskva açıq şəkildə İrəvanın iqtisadi çətinliklərini və ya siyasi izahatlarını rəhbər tutmağa hazır deyil. Rusiya Ermənistandan artıq təminatlar deyil, aydın və qəti strateji seçim gözləyir. “Moskva göz yaşlarına inanmır” – dünənki telefon danışığının siyasi məzmununu məhz bu ifadə ən yaxşı şəkildə xarakterizə edir”.

Telefon zənginin Ermənistana faydası dəyəcəkmi? Putinin “hirsi” nə vaxt soyuyacaq? Bakı və Ankaranın bu məsələdə edə biləcəyi nəsə varmı?

"Alyans" Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Musavat.com-a bildirib ki, Paşinyanın nə xahişi, nə də xatırlatmaları Putinə təsir edəcək: “Rusiya müəyyən addımları atmaq istəyəndə nə imzalanan müqavilələrlə, nə də beynəlxalq hüquqla hesablaşmır. Onu da demək lazımdır ki, Rusiya Ermənistana kifayət qədər dözüm göstərdi. Ermənistanın Avropa İttifaqına yaxınlaşmasını görə-görə yalnız bu ilin mayında Ermənistana qarşı bəzi qadağaları qoymağa başladı ki, bəlkə 7 iyun seçkilərinə təsir eləyə bilsin. Ancaq eləyə bilmədi.

Son olaraq bugünlərdə süd məhsullarına da qadağa tətbiq olundu. Bu qadağaların Ermənistan iqtisadiyyatına müəyyən təsir göstərəcəyi erməni rəsmiləri tərəfindən də etiraf olunur. Belə iddialar var ki, Rusiyanın qadağaları Ermənistanın ümumi daxili məhsulunun 2 faiz azalmasına gətirib çıxara bilər. Ancaq yəqin ki, son nəticələr bir az böyük olacaq. Rusiya nədən bu addımları atır?

Əslinə qalsa, onun başqa yolu da yoxdur. Çünki Ermənistan dilə tutmalara, xahişlərə heç bir reaksiya vermədi və qəti şəkildə deyir ki, bizim yolumuz Avropadır. Bu vəziyyətdə təbiidir Rusiya normal dövlət kimi düşünə bilərdi ki, ticarət həm Ermənistanın, həm də Rusiyanın maraqlarına uyğundur. Ancaq bu Rusiyadır və mən hesab edirəm ki, yanlış xətt tutaraq müstəqil siyasət kursu seçən dövlətlərə qarşı bu cür təzyiqlər göstərməyə çalışır və bunun nəticəsi olmayacaq. Ermənistana ziyan dəydiyi kimi, Rusiya əhalisinə də ziyan dəyəcək.

Telefon zəngi heç nəyi dəyişməyəcək və Ermənistana xeyri olmayacaq. Rusiya təzyiq xəttini ən azından bir müddət davam etdirəcək. Əgər nə vaxt başa düşsələr ki, Ermənistanı tam itirirlər və onunla normal əlaqələrin bərpası Rusiyanın da maraqlarına cavab verir, yəqin indiki davranışlarından imtina eləyəcəklər”.

Ekspert hesab edir ki, yaranmış durumda Bakı və Ankaranın nə isə etməsi qeyri-mümkündür: “Hesab eləmirəm ki, kimsə Rusiyanı bu yoldan çəkindirə bilər. Bu cür funksiyanı Çin yerinə yetirə bilərdi. O da Çinin maraqlarına cavab verərmi? Yəqin ki, yox. Çünki Rusiyanın zəiflədiyi və ya itirdiyi bazarları böyük ustalıqla Çin addım-addım ələ keçirir”.


Geri qayıt