Əsas Səhifə > Güney Press > Moskvada miqrantlar yenə alçaldılıb

Moskvada miqrantlar yenə alçaldılıb


Bu gün, 12:07

Ötən gün Rusiyanın Moskva şəhərində miqrantlar yenidən alçaldılıb və təhqir olunub.

Musavat.com Özbəkistanda fəaliyyət göstərən Kun.uz saytına istinadla xəbər verir ki, hadisə paytaxtdakı tikinti sahələrindən birində baş verib.

Bilidirlir ki, tikinti meydançasında özbəklərdən əlavə, qırğızlar və taciklər də olub. Onların bütün sənədləri qaydasında olsa da, hüquq-mühafizə orqanlarının əməkdaşları buna məhəl qoymayıb və miqrantları alçaldaraq, çöməlməyə, daha sinra uzun müddət dik dayanmağa vadar ediblər.

Bu barədə redaksiyaya danışan özbək işçi deyib ki, polislər əvvəlcə bütün miqrant işçiləri bir yerə toplayıblar və sənədləri yoxlamağa başlayıblar. Lakin işçilərin hamısının sənədləri qaydasında olsa da, onlara qarşı qanunsuz hərəkətlər davam edib. “Biz onların Rusiya Federal Miqrasiya Xidmətinin əməkdaşları olduğunu güman edirik”, - miqrant işçi deyib.

O əlavə edib ki, hadisə gündüz saat 10:00 ilə 17:00 arasında, işçilər adi işləri ilə məşğul olduqları zaman baş verib. İşçilər məruz qaldıqları davranışdan narazıdırlar. Amma onları qoruyan orqan yoxdur. “Bu, Rusiyanın bizi ələ salmasından başqa bir şey deyil, biz günahkar deyildik”, - fəhlə etirazını ifadə edib.

Xatırladaq ki, ötən il dəfələrlə Rusiya hüquq-mühafizə orqanları Moskva və Sankt-Peterburqda reydlər keçirib və miqrantlarla kobud davranıblar. Onlar təhqir olunub və onlara qarşı güc tətbiq edilib.

Bundan sonra Özbəkistan Xarici İşlər Nazirliyi Rusiya Xarici İşlər Nazirliyinə nota göndərib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cavab olaraq bildirib ki, Moskva Daşkəndin notasındakı məlumatları diqqətlə nəzərdən keçirir və özbək tərəfdaşlarından müvafiq sorğu səlahiyyətli orqanlara göndəriləcək.


Geri qayıt